Insan bütün ömrü boyu ölümlə qoşa addımlayır. Amma bircə dəfə ölür. Zira insan da var ki, ölüm haqda bəlkə də düşünmür, lakin hər saat, hər gün ölür və ölür… Bəli, həyat doğrudan da qəribədir. Hər gün, hər saat ölənlər bir də görürsən ki, hamıdan çox yaşayır. Amma yaşayırmı? Həqiqi həyatın, eləcə də əsl yaşamın nə olduğunu bilirmi?.. Məsələ də bundadır. Bəli, əsl insanlar az yaşayır, ancaq, necə deyərlər, “saz” yaşayır. Bu ağır, bəli, həqiqətən ağır günlərdə ağlıma gələn ilk sətirlər bunlar oldu!
Yarı səndə, yarı məndə…
Repressiya davam edir. Bir Belarusda, bir də Azərbaycanda. Belarusda, elə Azərbaycanda da müxalifəti mühakimə edirlər, dindirirlər, yorurlar, bezdirir və özündən çıxarmaq istəyirlər ki, məsələni bircə dəfəlik həll etsinlər. Əsəb savaşı gedir, əsəb davası gedir. Insanlar isə bu hadisələri etinasız – etinasız seyr edir. Səbəb? Adiləşib və adamlar alışıb. Amma nahaq. 1937-ci il nədən oldu? Ona görə oldu ki, hamı qonşusunu aparmağa gələndə gizlincə, hiss etdirmədən qapısının gözlüyündən baxdı, ya da pəncərənin pərdəsini azca aralayaraq bu qorxunc, adamın bədəninə üşütmə salan mənzərəni seyr etdi.
Amma bunu dərd etməyə dəyməz. Bu günlərdə 28 aprel haqda düşünürdüm və birdən ağlıma gəldi ki, biz nə vaxta qədər 37-nin, ondan əvvəlin və yaxud sonranın qəhrəmanlarını aşağılayacağıq, onları yazıq kimi təqdim edəcəyik, onlara “günahsız qurbanlar” deyib bəraət almağa cəhd edəcəyik? 37 niyə baş verdi? Təkcə ona görəmi ki, “qəddar dayılar”, Stalin, Beriya, ya Bağırov vardı? Bəlkə doğrudan da etiraf etmək daha düzgün olardı ki, kimlərsə əski sovet rejimini qəbul etmədi və elə buna görə də cəzalandırıldı? Kimsə bunu sovet rejimini vəsf etməməklə, kimsə poeziyada türk üslubunu tərənnüm etməklə, kimsə gizli ədəbiyyat yaymaqla, kimsə danışmaqla və kimsə də lap qonşusunun qulağına nəsə pıçıldamaqla etdi! Insanları çaşdıran odur ki, o illərin qurbanları arasında kommunistlər də az deyildi! Bəli, çox idi! Axı hər bir adam sosializmin Stalin modelini qəbul etmirdi, fərqli düşünənlər də az deyildi! Ona görə də repressiya olundular. Və yaxud Vətən müharibəsi vaxtı milli legionlar vardı. Doğrudanmı, hamı həmin legionlara canını qurtarmaq üçün qoşulmuşdu? Axı legionlar da döyüşürdü, özü də pis döyüşmürdülər!
Müharibənin ilk günlərində almanların tərəfinə keçən “Qızıl ulduz” ordenli mayor Ə.Fətəlibəyli – Düdənginski bunu təkcə “canını qurtarmaq” üçünmü etmişdi? Bəli, belə məntiq ancaq güldürə bilər! Dediyim nədir? Gəlin, həmin insanları yazıq – fəqir kimi təqdim etməyək! Bəli, onlar öz seçimlərini şüurlu şəkildə etmişdilər! Repressiya olunan ədiblər arasında elələri vardı ki, Lenin haqda nəinki şeir, hətta trilogiya yaza bilərdilər! Amma yazmadılar! Stalini özünün ədəbi qəhrəmanına çevirənlər, onu vəsf edənlər öz canlarını birtəhər qurtara bildilər! Amma 37-ci ilin əsl qəhrəmanları bu yolu seçmədilər və öz əqidələrinə zidd heç nə yazmadılar!.. Indi bunları yazanda bu günün fədakar insanlarını düşünürəm. Onlar da bir mandat sevdası ilə alışıb – yansaydılar, hər şey çox asan həll olunardı, onlara da mandat verərdilər və hər şey bitər, qurtarardı. Amma onlar bu gün idarələrə çəkilməyi, ifadə verməyi bugünkü parlamentdə oturmaqdan üstün tutdular. Ona görə də heç kimi yazıqlamaq lazım deyil. Onlar öz seçimlərini şüurlu və könüllü ediblər!
Pozulmuş tandemin ilk qurbanı
Bir az soyudaq mövzunu. Indi xarici siyasətdən yazaq. Putin ilə Medvedev arasında pozulmuş tandemin ilk qurbanı bəlli oldu – politoloq Q.Pavlovski! Hörmətli politoloq ictimai əsaslarla çalışdığı vəzifədən, prezident aparatının məsləhətçisi vəzifəsindən istefa verib. O bunu öz təkliflərilə izah edir. Bəli, o təklif edirmiş ki, növbəti ildə kimin prezident olacağı artıq müəyyən olsun.
Amma daha ağlabatan fikir budur ki, Qleb müəllimin istefasının əsl səbəbi onun özünün vaxtından əvvəl seçim etməsi, Medvedevi müdafiə etməsidir.
Onun bu seçimi etməsinin səbəbi də maraqsız deyil. O, Medvedevi islahat proqramı olan yeganə namizəd sayır!