Gənc fəal polisi ifşa etdi

Cabbar Savalanlı məhkəmədə şok faktlar açıqladı

Cabbar Savalanlı məhkəmədə. 29 aprel 2011

 

«Əməliyyatçı dedi ki, bu həbs MTN-nin sifarişidir…»

Sumqayıt şəhər məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının mühakiməsi gedir. Məhkəmə prosesinə hakim Ilqar Məmmədov sədrlik edir. Cabbarın işi üzrə əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də proses kiçik bir zalda keçirildiyindən narazılıq yarandı. Çünki məhkəmə prosesini izləmək istəyən çoxsaylı vətəndaşlar bu imkandan məhrum edildi. Hakim zalda ayaq üstə dayananların da çıxarılması barədə göstəriş verdi. Cabbar Savalanlının məhkəməsini izləyənlər arasında ictimaiyyətin fəal nümayəndələrilə yanaşı, ABŞ səfirliyinin, ATƏT-in təmsilçiləri də vardı.
Məhkəmə iclasında Cabbarın vəkili Anar Qasımov hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırdı. O bildirdi ki, müdafiə tərəfi Cabbarın ev dustaqlığına buraxılması üçün bütün şərtlərlə razıdır. Əgər ehtiyac varsa, hətta onun telefonla danışmağına da qadağa qoyula bilər.
Bu işin ölkə ictimaiyyətinin diqqətində olduğunu vurğulayan Cabbarın digər vəkili Əsabəli Mustafayev də əlavə etdi ki, həbsin ev dustaqlığı ilə əvəz edilməsi məhkəməyə olan inamı artıra bilər.
Prokuror isə Cabbarın azadlığa buraxılmasının əleyhinə çıxdı. Fikrini də belə əsaslandırdı ki, o, məhkəmədən yayına bilər.
Hakim isə vəsatəti baxılmamış saxladı.

“Hardan biləydim ki, cibimə narkotik atacaqlar?!”

Daha sonra Cabbar Savalanlı sərbəst ifadə verdi. O bildirdi ki, fevralın 5-də üzvü olduğu AXCP-nin müşavirəsindən çıxıb evə qayıdarkən binalarının girişində saxlanılıb: “Bloka girəndə 4 mülki geyimli şəxs qabağımı kəsdi. Kim olduqlarını soruşdum. Özlərini təqdim etmədilər. Məni maşına oturdub idarəyə gətirdilər. Maşından düşəndə məni gətirənlərdən biri dedi ki, ”Mübariz Ibrahimovdan, şəhidlərdən yazaydın da, yoxsa ağzına gələni yazırsan. Indi yaz görüm, necə yazırsan?!”. Idarəyə çatanda polis rəisinin müavini Azər Cahangirov məni gətirənlərin üstünə qışqırdı ki, bunun qoluna niyə qandal vurmamısınız?
Biz “Facebook”da fevralın 11-nə “Qəzəb günü” aksiyası təyin etmək istəyirdik. Aksiyanı Azadlıq meydanında keçirəcəkdik. Fevralın 4-də bununla bağlı “Facebook”da yazışmalarımız olmuşdu. Bildim ki, məni buna görə tutublar. Fikirləşdim ki, yəqin digər cəbhəçilər kimi məni də sorğu-sual edib buraxacaqlar. Hardan biləydim ki, cibimə narkotik atacaqlar.
Idarənin dəhlizində 40 dəqiqəyə yaxın gözlətdilər. Sonra Azər Cahangirovun otağına apardılar. O da mənə bir neçə sual verdi. Ancaq niyə gətirildiyimi demədi. Sonra mənim üzərimə baxış keçirdilər. Üstümdə nə vardısa, çıxartdım. Paltomun sol cibindən ağ kağıza bükülü nəsə çıxdı. Dedilər ki, bu tiryəkdir. Mən də bildirdim ki, mənim üstümdə belə bir şey olmayıb. Mən heç siqaret də çəkmirəm. Mən şalvar geymişəm, pencək geymişəm, üstündən palto geymişəm. Ağlı kəsən adam narkotik maddəni paltonun cibinə qoymazdı, gizli yerə qoyardı. Bir də ki, məni polisə gətirəndə qollarım açıq idi, bilsəydim cibimdə narkotik var, yolda çıxarıb atardım. Mənə dedilər, qol çək ki, hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilib və üstündən bu çıxıb. Qol çəkmədim, başladılar başıma vurmağa, məni stola yıxıb başıma vururdular ki, qol çək, söyürdülər.

“Qol çəkmədim, məni vurub stolun üstünə yıxdılar…”

Qol çəkmədiyimə görə məni əməliyyat müvəkkili Faiq Mirzəyevin otağına apardılar. Faiq mənə dedi ki, sənə kömək edə bilməyəcəm. Dedi ki, “sənin qələmin yuxarıdan sındırılıb. Sənin həbsin MTN-nin göstərişilə olub”. Dedi ki, “mən Möhsün Səmədovun boynuna qoydurmuşam. Sənin də boynuna qoyduracağam”. Mən bir daha izahata qol çəkməyəciyimi bildirdim. Mənim başımdan vurdu. Sonra başqa otağa apardılar məni. Məni orada vurub stolun üstünə yıxdılar. Söyüşlər söydülər, məni təhqir etdilər. Mənə bu cür psixoloji və fiziki təzyiqlər oldu. Mənə dedilər ki, qol çək, onsuz da çox iş verməyəcəklər, bir neçə ay yatıb çıxacaqsan.
Bir neçə dəfə evə xəbər vermək istəsəm də, buna imkan vermədilər. Hətta iki gün ərzində vəkillə görüşməyə də imkan yaratmadılar”.

“Sənin mənəviyyatın və şərəfin yoxdur”

Cabbar Savalanlının ifadəsindən sonra Sumqayıt şəhər Polis Idarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkiliÿFaiq Mirzəyev ÿşahid qismində dindirildi. Bildirdi ki, əməliyyat məlumatı əsasında Cabbarın üstünə baxış keçirmək üçün onu yaşadığı evin yaxınlığında saxlayıblar. Amma Cabbar orada üstünə baxış keçirilməsinə etiraz etdiyinə görə, onu polis idarəsinə aparıblar. Hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilərkən bükülüdə 0,72 qram tiryək aşkar ediblər. Guya, Cabbar özü də etiraf edib ki, üstündəki tiryəkdir və onu özü qəbul etmək üçün Bakıdan alıb.
Mirzəyevin ifadəsi başa çatandan sonra Cabbara ona suallar vermək imkanı yaradıldı. Əməliyyat müvəkkilinin yalan danışdığını bəyan edən gənc fəal hətta əsəbiləşərək, onun ünvanına “Sənin mənəviyyatın və şərəfin yoxdur” deməkdən də özünü saxlaya bilmədi. Hakim bu yerdə Cabbarı sakitləşdirdi, şahid isə zaldan çıxarıldı.

Savadsız şahidlər, yoxsa…

Bu işdə hal şahidi kimi adı keçən Məhərrəm Ismayılov da dünən dindirildi. Sumqayıtdakı qul bazarında işlədiyini deyən Ismayılov bildirdi ki, fevralın 5-də evə gedərkən əməliyyat müvəkkiliÿ Faiq Mirzəyev ÿona bir əməliyyatda hal şahidi olmağı təklif edib. O da razılaşıb.
Məhkəmə prosesində ona ünvanlanan sualların əksəriyyətinə Məhərrəm Ismayılovun “yadımda deyil”, “bilmirəm”, “yaddaşım zəifdir” kimi cavablar verməsi və üstəlik, latın qrafikasıyla yazıb-oxumağı bacarmadığını deməsi vəkillərin etirazına səbəb oldu.
“Latın hərflərini tanımırsızsa, latın qrafikasıyla protokolu necə oxuyub imzalamısınız?” deyə vəkil Anar Qasımov hal şahidindən soruşdu. Ismayılov cavabında bildirdi ki, müstəntiq özü yazıb, özü oxuyub, o isə sadəcə, imzalayıb.ÿ Cabbar Savalanlıÿ isə məhkəmənin diqqətinə çatdırdı ki, Məhərrəm Ismayılov onun saxlanılmasında iştirak etməyib: “Mən bu adamı polis idarəsində üstümə baxış keçirilərkən görmüşəm”.
Məhərrəm Ismayılovunÿ”bilsəydim iş bura qədər uzanacaq, heç şahidlik etməzdim” deməsi isə hakim də daxil olmaqla, zaldakıların gülüşünə səbəb oldu. Vəkil Anar Qasımov Məhərrəm Ismayılovun adının hal şahidi siyahısından çıxarılmasına dair vəsatət qaldırsa da, məhkəmə onu təmin etmədi.

“Qələt eləyib şahid etdim”

Daha sonra Cabbar Savalanlının tutulmasında iştirak etmiş polislər – Vüsal Abbasov və Elnur Məmmədov ifadə verdilər.
Əməliyyatda adı keçən ikinci hal şahidi Fariz Şıxəliyevin də ifadəsi birinci hal şahidinin dediklərindən fərqlənmədi. Bəlli oldu ki, o da latın qrafikası ilə oxuya bilmir. Vəkillərin çoxsaylı suallarından bezən Fariz Şıxəliyevin reaksiyası isə belə oldu: “Qələt elədim şahidlik etdim”.
Şahid polislər ifadələrində bildirdilər ki, onlar gecə saat 12-nin yarısında Cabbargilin mənzilində axtarış aparıblar. Lakin Cabbarın anası Təravət Əliyeva bu barədə deyilənlərin yalan olduğunu bildirdi. Dedi ki, evdə heç bir axtarış aparılmayıb. Sadəcə, oğlu tutulan gün saat 16.00 radələrində onların evinə polis gələrək, Cabbarı soruşub. Sonra isə çıxıb gedib.
Anar Qasımov növbəti məhkəmə iclasında bu iş üzrə ibtidai istintaqı aparmış müstəntiqin də dindirilməsi barədə vəsatət qaldırdı. Vəsatət təmin olundu.
Məhkəmə prosesi mayın 3-də davam etdiriləcək.

Elmin Həsənli