Mehriban Vəzir: «Müstəqillik istəyənləri məhbəsə atırlar, əleyhinə səs verənləri təltif edirlər»
Prezidentin sərəncamı ilə Arif Rəhimzadə “Şöhrət” ordeni ilə təltif edilib. A.Rəhimzadə bu ada ictimai-siyasi həyatda fəal iştirakına görə layiq görülüb. Görəsən, vaxtilə Azərbaycanın müstəqilliyinin, dövlət bayrağının qəbulunun əleyhinə səs verən, Azərbaycan ordusunun yaradılmasına qarşı çıxan bir adam hansı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib? Bu gün Arif Hacılı və onun kimi müstəqilliyin, Azərbaycan bayrağının qəbulunun lehinə səs verən insanlar məhbəsdə yatır, arifrəhimzadələr isə gurultulu adlara layiq görülür.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, hakimiyyətin mahiyyəti onu məhz belə davranmağa vadar edir: “Bu, Azərbaycan hakimiyyətinin ictimai-siyasi fəaliyyətinə uyğun bir haldır. Onlar üçün qeyri-adi heç nə yoxdur. Əslində ən şərəfli adlara dövlətin, millətin müstəqilliyi üçün çalışanlar, bu yolda böyük fədakarlıqlar edənlər layiq görülməlidir. Amma bu gün tamam əks proses gedir. Görək, dövlətin azadlığı və müstəqilliyi üçün 1988-ci ildə hərəkata başlayan qüvvələr, həmin mübarizənin qəhrəmanları bu gün hansı gündədirlər? Bir hissəsi həbsxanalarda çürüdüldü, bir hissəsi dünyasını dəyər verilmədən dəyişdi, bir hissəsi siyasi təqiblər ucbatından başını götürüb ölkədən qaçmağa məcbur oldu”.
M.Vəzirin fikrincə, müstəqillik kimi ali bir dəyərin əleyhinə çıxmış Arif Rəhimzadə kimi insanlara belə bir ordenin verilməsi təsadüfi deyil: “Siyasi sistem bu şəkildə işləyir. Müstəqillik, azadlıq, demokratiya istəyənlər təqib olunaraq məhbəsə atılır. Onların özləri və övladları idarəetmədən uzaqlaşdırılır, səsləri boğulur. Müstəqilliyin və bunun kimi ali dəyərlərin əleyhinə səs verənlər isə yuxarı başa keçirilir. Xalq Cəbhəsi Milli Azadlıq Hərəkatının öncüllərindən olub. Onun Idarə Heyətinin üzvlərini nə vaxt bir fərmanla, bir təltiflə qiymətləndiriblər ki, siz müstəqillik uğrunda canınızı, həyatınızı, ailənizi, övladlarınızı riskə atmısınız… Silah-sursatı yerə-göyə sığmayan böyük bir imperiyanın qarşısında öz canınızla, qanınızla dayanmısınız. Azərbaycanda elə adamları təltif edirlər ki, artıq verilən bu ordenlər də qiymətdən düşüb, heç bir dəyəri yoxdur”.