Onlarla azərbaycanlı XIN-ə və DIN-ə müraciət edib
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun illərlə törətdiyi qanunsuzluqlar barədə bir-birindən dəhşətli faktlar təqdim edilir. “Azadlıq”ın ötən sayında qeyd etmişdik ki, 2006-cı ildən bu vaxta qədər Qüdsi Osmanovun Peterburqdakı soydaşlarımıza pul müqabilində verdiyi 4.700 ədəd arayışın rüsumu dövlət büdcəsinə keçirilmədiyi üçün Respublika Prokurorluğunda araşdırmalar başlanıb. Məlum olur ki, bu arayışların böyük əksəriyyəti ümumiyyətlə, qanunsuz və saxtadır.
Saxta arayış verilən vətəndaşların Azərbaycan Xarici Işlər Nazirliyinə və hüquq-mühafizə orqanlarına göndərdiyi şikayət məktubları isə onlarladır. Əldə etdiyimiz bu şikayətlərin tarixindən görünür ki, Sankt-Peterburqda yaşayan Azərbaycan vətəndaşları çoxdandır ki, tədbir görülməsi üçün müraciətlər etmişlər.
Şikayət məktublarından aydın olur ki, baş konsulluq arayışları 1500-3000 rubl rüşvət müqabilində verib. Ancaq bu arayışların böyük əksəriyyəti saxta çıxıb. Belə ki, sərhəd-keçid məntəqələrində saxlanılan vətəndaşlar saxta sənədə görə böyük miqdarda cərimə ödədiklərini bildirir, baş konsulluğa təkrar müraciətlərinə heç bir reaksiya verilmədiyindən şikayətlənir və tədbir görülməsini xahiş edirlər.
Bu vaxta qədər onların müraciətlərinə heç bir cavab verilməyib.
Şikayət məktublarındakı bir faktı isə xüsusi vurğulamağa ehtiyac duyulur:
Meyitin gətirilməsi üçün 2 min 500 rubl rüşvət tələbi
2008-ci il martın 4-də Sankt-Peterburqda Qəmbərov Qulam Camal oğlu skinxedlərin çoxsaylı bıçaq zərbələrilə qətlə yetirilir. Azərbaycanlılar öldürülən soydaşlarının kəfənlənməsi və ölkəyə göndərilməsi üçün 10 min rubl vəsait toplayırlar. Bu vəsaitin 6 min 500 rublunun meyitin hazırlanması və kəfənlənməsinə sərf olunduğunu bildirən Qəmbərovlar ailəsi arayış üçün Sankt-Peterburqdakı konsulluğa müraciət edir. Konsulluqdan isə “qiymətləri” açıqlayırlar: əgər arayışı təcili almaq istəyirsə 2 min 500, bir həftə gözləməklə isə 1950 rubl ödəməlidir.
Qəmbərovun xanımı və qızı 2 min 500 rublu verməyə məcbur olublar.
Gürcü vətəndaşlarına da arayış satılır
Sankt-Peterburqda yaşayan azərbaycanlıların Ilham Əliyev başda olmaqla, bir çox dövlət qurumlarına etdiyi müraciətdə də dəşhətli faktlar öz əksini tapıb. Məlum olur ki, təkcə 2006-2007-ci illərdə 500 Gürcüstan vətəndaşına Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən saxta arayışlar verilib. Bu Gürcüstan vətəndaşlarının daha çox kriminal aləmə yaxınlığı ilə seçilən şəxslər olduğu diqqətə çatdırılan müraciətdə həmçinin faktların araşdırılması üçün prezidentdən ciddi addım atılması xahiş edilir.
Qüdsi Osmanovun diasporanı bölgələrə bölməsi, etnik-milli faktorları qabardaraq vilayətdə yaşayan azərbaycanlıları bir-birindən ayırması və ikitirəlik salması da narahatlıqla qarşılanır.
Zirzəmidə araq bağlayan savadsız konsul
Prezidentə edilən müraciətdə Qüdsi Osmanovun konsul təyin edilənə qədərki fəaliyyətinə də toxunulub: onu 1990-cı illərin əvvəllərində “zirzəmidə saxta araq bağlamaqla məşğul olan fırıldaqçı” adlandıran müraciət müəllifləri daxilən zəngin olmayan baş konsulun savadsızlığına da diqqət çəkiblər.
Məlumat üçün bildirək ki, Sankt-Peterburq Dövlət Universitetinin professoru Akif Fərzəliyevin Qüdsi Osmanovun bu universitetin məzunu olmasına şübhə etdiyini ötən sayımızda qeyd etmişdik. Q.Osmanovun təhsilinin və savadının müzakirə mövzusuna çevrilməsi və tez-tez hallanması isə qısa araşdırmamızı zəruriləşdirdi.
12 cümləlik bəyanatda 14 səhv
Aybəniz Səmədzadənin Qüdsi Osmanov tərəfindən təcavüzə məruz qalmasıyla bağlı açıqlamasından sonra baş konsul bəyanat yayıb. Baş verənləri özünə qarşı təxribat adlandıran baş konsul 12 cümləlik bu bəyanatda nə az, nə çox – düz 14 səhv buraxıb.
Ümummilli liderinin adını “Həydər” yazmasının, o cümlədən digər orfoqrafik və üslub səhvlərinin üstündən “mexaniki xəta” olaraq keçmək mümkündür. Ancaq “insedet”, “bir mənalı” sözlərinin yazılışı Q.Osmanovun savadına doğrudan da şübhə oyadır. Bəyanatdakı “Ondan (A.Səmədzadə nəzərdə tutulur – red.) böhtan və ifrat məqsədilə istifadə edənlərə, ona vəkil tutmaq tərəfimdən tövsiyə olunmuşdur” cümləsi isə 2 ali məktəb qurtaran Q.Osmanovun savadının epogeyindən soraq verir. Bir ölkənin mədəniyyətini, dilini, siyasətini təmsil edən baş konsulun “böhtan və ifrat məqsəd” deyəndə nəyi nəzərdə tutduğunu gərək Sankt-Peterburq Dövlət Universitetindən soruşaq.
“Qeyri-kafi imicli” Aybəniz Səmədzadə
Baş konsul öz bəyanatında Aybəniz Səmədzadəni “Sankt-Peterburq gəncləri arasında tanınmış, qeyri-kafi imicə malik olan, ailəsi tərəfindən rədd edilmiş bir şəxs” olaraq dəyərləndirir.
Redaksiyamızı bilgiləndirən mənbənin məlumatına görə, konsulun A.Səmədzadəni gözdən salmaq cəhdi çox uğursuzdur. Çünki A.Səmədzadə təhsil və tərbiyəsi, ictimai fəallığına görə fərqlənən yeniyetmədir. Dediklərinin təsdiqi kimi, A.Səmədzadənin attestatının surəti də redaksiyaya göndərilib.
Onu da vurğulayaq ki, aldığımız səhih bilgiyə görə, Sankt-Peterburqda yaşayan azərbaycanlılar Konsulluq binası önündə etiraz aksiyası keçirməyə hazırlaşırlar.
İnformasiya şöbəsi