Iş də bir iş ola!

Twitter bloqunda Ilham Əliyevin işsizlik problemini qaldırması – etiraf etməsi şəxsən mənim üçün mühüm hadisədir. Çünki həqiqəti göstərən kiçik bir qeyd kağız üzərində 900 min yeni iş yeri açmaqdan daha faydalıdır. Biz də illərdir bunu deyirdik ki, yalanlar indi sizin xeyrinizə işləyirsə, bir gün onların əlində qalacaqsınız. Xalqı nə qədər dolamaq olar? Adamlar görmürmü ki, yerindən duran işsizdir və 5-3 qotur yeni iş yeri hələ işsizliyin həlli deyil.

Bu hakimiyyət nəinki iş yerləri açır, əksinə, yeni iş yerlərini məhv edir. Sahibkarlığı boğur, monopoliya, korrupsiya, rüşvətxorluq iqtisadiyyatın təbii inkişafının da qabağını alır. Hakimiyyətin iqtisadiyyatın inkişafına yardımı bir yana qalsın, onun siyasəti iqtisadiyyatımızı daha da geri atır. Bu illərdə hakim komandanın varlanması naminə ölkə talanıb, orta təbəqə məhv edilib, kiçik biznes böyük əngəllərə düçar olub, böyük biznes isə hakim azlığın əlində cəmləşib. Sadəcə neft pulları acı gerçəkləri, talanları, problemləri qismən gizlətməyə imkan verib. Amma bunu uzun müddət etmək mümkün deyil. Artıq yalan çuvalının altı deşilir və oradan etiraflar tökülür. 

Nazir də etiraf edir

Əmək və Əhalinin Sosial Müdafiəsi naziriÿ Füzuli Ələkbərovÿ dünən deyib ki, “Hazırda ölkədə ən böyük problemlərdən biri qeyri-formal məşğulluqdur. Insanlar işsiz qalmaqdansa, hər hansı müqavilə bağlamadan işləməyə məcbur olurlar. Bu, daha çox özəl sektorda baş verir”.

Yaxşı etirafdır: insanlar işsiz qalmaqdansa, hər hansı müqavilə bağlamadan işləməyə məcbur olurlar. Çünki işsizlik bu ölkə üçün böyük bəladır. Ölkə iqtisadiyyatının 70 faizini əhalinin cəmi 70 min nəfəri yaradır – neft sektorundan söhbət gedir. Əksəriyyət taleyin ümidinə buraxılıb, milyonlarla adam ölkəni tərk edib. Analoqu olmayan inkişafdan danışa-danışa bizi bəlaya düçar ediblər. Bu halda insanlar müqaviləsiz də işləməyə məcbur olur. Xaricilərə diqqət öz vətəndaşlarımızdan yüksəkdirsə, belə də olmalıdır. Yaxşı biznesmen təcrübəsi olan nazir problemi doğru təsvir edib, amma onun kökünü izah etmir. Niyə özəl sektor işçilərini “rəsmiləşdirmək”dən qaçır? Çünki buna görə sosial ödəmələrdən və vergilərdən yayınır; çünki rəsmi qurumlara verdikləri rüşvət və qanunsuz ödəmələr onsuz da özəl şirkətləri pis günə qoyub.

Adı “iş yeri” olan iş yerləri

Bizim iqtidar yeni tikilən Heydər Əliyev parklarını da ÜDM-ə daxil edib bunu da iqtisadi inkişaf sayır. Həmin parklara təyin edilən gözətçini də işləyən kimi qeyd edirlər. Halbuki ölkədəki iş yerlərinin çoxu o qədər aşağı ödənişlidir ki, onu iş yeri saymaq da olmur. Təsəvvür edin ki, müəllim, həkim rüşvət almasa, işə getməz. Ölkədəki iş yerlərinin çoxunda vəziyyət çox ağırdır. Adamlar məcbur olub işləyir. Sadəcə, adı işdir.

Təqaüdçü nazir təqaüdçülərin işləməsinə qarşı

“Azadlıq” radiosuna danışan təhsil eksperti Etibar Əliyev 65 yaşına çatmış müəllimlərin işinə son verilməsi haqda Misir Mərdanovun qərarına maraqlı izah verib. Deyib ki, bir neçə ay sonra Misir Mərdanovun özünün 65 yaşı tamam olur. Maraqlıdır ki, 65 yaşlı adam bir ölkənin təhsilini yönəldə bilər, amma o yaşda müəllim bir sinfin bir fənn üzrə təhsilini yönəldə bilməz. Təqaüdçünün işləməsinə tərəfdar deyiləm, amma təqaüd də bir təqaüd ola! Təqaüdçü nazir işdən çıxmaqla dolana bilər, amma müəllim necə dolansın?! Problem bundadır.

Problem bundadır ki, adamın işi iş deyil, təqaüdü də təqaüd. Hər şey qarışıb bir-birinə…