Hakimiyyətin “xilas planı”

İlham Əliyevin keçirdiyi toplantıda cəmiyyəti çaşdırmaq üçün nələr düşünülüb?

Dövlət başçısı Ilham Əliyevin yanında toplantı olub və burada ölkədəki siyasi vəziyyət, bundan çıxış yolu müzakirə edilib. Bu barədə “Azadlıq”a hakimiyyətə yaxın mənbə məlumat verib. Mənbə deyir ki, aprel ayından ölkədə yaranmış siyasi gərginlik hakimiyyəti ciddi təşvişə salıb: “Siz ötən saylarınızda bu məsələyə toxunmuşdunuz. Lakin hakimiyyət siz düşündüyünüzdən daha artıq təşviş keçirir. Beynəlxalq təşkilatların bəyanatlarına isterik cavablar, müxalifətə qarşı total kampaniya da bundan irəli gəlir. Lakin artıq hakimiyyət bu taktikanı dəyişmək niyyətindədir. Doğru yazmısınız ki, iqtidarda bu taktikanın müsbət nəticə vermədiyi qənaətindədirlər”.
Oxucuların diqqətinə çatdıraq ki, “Azadlıq”ın ötən saylarında hakimiyyətin ərəb inqilablarının Azərbaycana təsirini azaltmaq üçün seçdikləri taktika effekt verməyib. Iqtidar ideoloqları da bunun fərqindədirlər. Müxalifətə qarşı iyrənc təbliğat, “zəhmətkeşlər”in televiziya ekranlarına çıxarılması cəmiyyətdə ikrah doğurub və bu, birbaşa hakimiyyətin əleyhinə işləyib. Beynəlxalq təşkilatlara qarşı aparılan kampaniya, onların Azərbaycan müxalifətini himayə etməsi və s. bu kimi iddialar əslində cəmiyyətin oyanmasına səbəb olub. Ümidsizliyə qapanan müəyyən kəsim məhz bu bəyanatlardan sonra fəallaşıb.
Mənbənin sözlərinə görə, hakimiyyət indi yeni plan hazırlayıb: “Bu plan bir neçə hissədən ibarətdir. Birincisi, Azərbaycanda daha çox ciddiyə alınan və ictimai rəyə daha çox çox təsir edən Qərb mətbuatı ilə işləməkdir. Hakimiyyət lobbi təşkilatları vasitəsilə hətta iqtidarı tənqid ruhunda olsa da belə, ”Azərbaycanda hər hansı dəyişiklik gözlənilmir” kimi tezislərin üzərində qurulmuş məqalələr dərc etdirməyi düşünür. Bu ya müəllif yazıları, ya da hansısa diplomatların dilindən səslənmiş fikirlər ola bilər. Bunun üçün külli miqdarda vəsait ayrılıb. Ikincisi, hakimiyyət Avropa ölkələrinin hökumət nümayəndələrinin Azərbaycana səfərlərini təşkil etmək niyyətindədir. Bu da daxili auditoriyaya hesablanmış bir addımdır. Bununla göstərmək istəyirlər ki, Qərb ölkələrinin Azərbaycan hakimiyyəti ilə ciddi əməkdaşlığı var. Üçüncüsü, əhalinin sosial vəziyyətində cüzi dəyişikliklərə nail olmaqdır. Bu məqsədlə təqaüdlərin, əmək haqlarının artırılması, vətəndaşlara müxtəlif adlar altında sosial yardımların verilməsi nəzərdə tutulur. Nəhayət, planın sonuncu hissəsi birbaşa müxalifətlə bağlıdır ki, hakimiyyət əsasən yerlərdə müxalifət tərəfdarlarını müxtəlif vasitələrlə ələ almaqla demokratik qüvvələri zəiflətmək istəyir”.
Mənbə deyib ki, Ilham Əliyevin yanında keçirilən toplantıda bu plan yekdilliklə qəbul olunub. Lakin ekspertlər hətta bu planın da hakimiyyəti xilas edə bilməyəcəyi qənaətindədirlər. Onların fikrincə, “yeni taktika” olsa-olsa hakimiyyətin ömrünü bir qədər uzada bilər.

İnformasiya şöbəsi