Bircə sözlük müasir tariximiz

Mühacir həyatı yaşamış rus yazıçısı Sergey Dovlatovun həyatı bir azadlıq dramıdır. Sovet totalitarizmindən qaçıb Qərbə gedən mərhum yazıçı orada da xoşbəxt olmadı. Bunu əsərlərindən hiss etmək olur. Çünki Vətən dözülməz olsa da, hətta tərk edilməyə layiq sayılsa da, unudulası deyil. Unudulmağa layiq da deyil. Onu arxada qoyub getsən də, unuda bilmirsən, hətta yalnız bədbəxt günlərini orada qoyub getsən də. Çünki sən həşərat deyilsən, insansan. Vətənlə bağlı edə biləcəyin işlərin ən yaxşısı isə onu qalmağa layiq hala gətirməkdir. Bu da hələ nə ruslara, nə də onların tale dostu olan bizlərə qismət olub…
Indi Sergey Dovlatov rus ədəbiyyatının klassikidir. Heç kim ağzını büzüb eləməsin, onun  adı Dostoyevski, Tolstoy, Platonov kimi nəhənglərin sırasında dayanır və dayanacaq. Bu arada dostlardan biri internetdə onun “Çemodan” romanından bir xatırlama vermişdi. Çox sevdiyim bu əsərin zövqünü yenidən yaşadım.  Həmin əsərdə maraqlı bir yer var.

Iki yüz il əvvəl tarixçi Karamzin Fransaya gəlir. Rus mühacirləri ondan soruşurlar:
-Cəmi iki sözlə ifadə etsək, Vətəndə nə baş verir?
Karamzin isə heç iki sözə də ehtiyac görmür və deyir:
-Oğurlayırlar.
…Dünən Ilham Əliyevin Elmlər Akademiyasında alimlərlə görüşü barədə ilk xəbəri oxuyanda Dovlatovun Karamzin əhvalatını yada saldım və düşündüm ki, nə vaxtsa həmin o Akademiyada Ilham Əliyev dövrünü hansısa tarixçi qısaca olaraq belə təsvir edəcək:
-Oğurlayırdılar.
Xatırladım ki, Karamzin də akademik olub. Bizim akademiklərlə görüşdə isə onlardan biri Ilham Əliyev qarşısında şeir deyirdi. Amma bircə adam demədi ki, Akademiyada elmlər namizədi 175, elmlər doktoru 220 manat maaş alır. Kimsə demədi ki, normal dünyada bu strukturda, bu statusda Elmlər Akademiyası yoxdur. Üstəlik, Akademiyanın dünya elminə, ümumiyyətlə elmə heç bir xeyri yoxdur.
Heç kim demədi ki,  elmi araşdırmaların nüfuz reytinqinə görə Azərbaycan dünyada ən axırıncı 7 ölkə arasında yerləşir. Zimbabve və Şri-Lanka ilə yanaşı. Bu reytinq nüfuzlu elmi nəşrlərdə ölkələrin elmi araşdırmalardan gətirilən sitatlara görə müəyyənləşir. Azərbaycan Tibb Universitetinin diplomunu qonşu Iran belə tanımır. Milli Elmlər Akademiyasının mətbuat katibi münəccim Ilham Mirzəyevdir. Bir dəfə Akademiyanın alimlərindən biri mətbuat konfransı keçirərək, mələyin uçma sürətini hesabladığını açıqlamışdı.

Amma bircə nəfər indiyəcən hər il oğurlanan neft pullarını hesablamır. Bir yerdə ki,  alimlər prezidentə əl çalır, onu elmin istiqamətləndiricisi adlandırır, orda elm ola bilərmi? Elm də yoxdur. Akademiyadakı istedadlı alimlər də qocaman tərifçilərin, mədhiyyəçilərin qurbanına çevriliblər. Hansını dindirsən, deyəcək ki,  elm kimə lazımdır bu ölkədə?!
Ən maraqlısı odur ki, Ilham Əliyev Akademiyanın iclasında iqtisadiyyatımızı tərifləyib, elmimizi yox: “Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir”. Bu söhbəti isə bütün dünya bilir. Artıq dünyanın bütün elmi mərkəzləri bu fenomeni öyrənir, sirrini tapa bilmirlər. Paxıl düşmənlər baş aça bilmir və bizim uğurun qarşısında diz çökürlər.  Dünyanın inkişaf etmiş ölkələri Azərbaycanın bu fenomenini öyrənməyə cəhd edirlər. Avropa ölkələri deyir ki, artıq neftiniz, qazınız lazım deyil, siz bizə fenomenin sirrini verin. Nabucco kəməri layihəsi artıq ləğv edilir və Avropa Birliyi Azərbaycandan inkişaf yolunu əldə etmək üçün Nabucco Akademiyası açır. Bu fenomenə Nobel mükafatı verəcəklər. Verməsələr, deməli, Nobel Komitəsi ikili standartlarla işləyir.  

Amma daha maraqlısı odur ki, hələ də YAP-dan olan iqtisadçı-alim Nazim Məmmədov bu fenomenə o qədər də inamlı deyil. Nazim müəllim AzadliqRadiosuna  deyib: «Azərbaycanın son illər valyuta ehtiyatlarının artması, milli valyutanın qiymətdən düşməsinin qarşısının alınması və digər məqamlarla bağlı qonşu ölkələrə baxanda təbii ki, Azərbaycanın iqtisadi inkişafı nailiyyət kimi qiymətləndirilə bilər».
Fenomenə belə inamsız və nisbi yanaşmaq olarmı? Bundansa akademiklər kimi şeir demək yaxşıdır.