Bakı sakinləri arasında sorğu apardıq; əksəriyyət hökumətin antikorrupsiya islahatlarının bitdiyini deyir
Təxminən 3-4 ay öncə Azərbaycan hakimiyyəti birdən-birə antikorrupsiya kampaniyasına start verdi. Ilham Əliyevin, nazirlərin, ayrı-ayrı məmurların çıxışlarında ölkədə korrupsiya halları tənqid edilməyə başladı. Yanvar-fevral aylarında bir sıra qurumlarda – notariat kontorlarında, xəstəxanalarda, “JEK”lərdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrində, Dövlət Əmlak Komitəsində, digər müxtəlif dövlət qurumlarında rüşvətyığma kampaniyası səngidildi. Nazirliklərdə bir-birinin ardınca müşavirələr keçirildi. Ölkədə “biz korrupsiya ilə mübarizə aparırıq” ab-havası yaradılmağa çalışdılar. Hətta bəzi məmurların həbsinə başlanıldı. Xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrində həbslər, işdən çıxarılmalar oldu. Prezident bəzi icra başçılarının yerini dəyişdirdi. Bu kampaniya başlayanda hər kəsə, hətta sadə insanlara da bəlli idi ki, antikorrupsiya islahatları şoudan başqa bir şey deyil.
Ərəb inqilabları qorxusu keçdimi?
Niyə 17 illik hakimiyyətləri dövründə korrupsiya ilə mübarizə aparmaq ağıllarına gəlmədikləri halda bu prosesə ərəb inqilablarından sonra başladılar? Bu sualın cavabını hər kəs bilirdi. Ərəb inqilablarının Azərbaycana sıçramasından qorxan hakimiyyət görüntü xarakteri daşıyan islahatlara başlamışdı. Lakin son zamanlar bu şounun bitdiyi xəbərləri eşidilməkdədir. Bugünlərdə Bərdə rayon sakini Cəmaləddin Paşayev də məhz korrupsiyanın qurbanı olub. Işsizlikdən və kasıbçılıqdan əziyyət çəkən C.Paşayev ailəsi üçün ünvanlı sosial yardım ala bilmədiyinə görə özünü yandırdı. Bir neçə gün xəstəxanada yatdıqdan sonra isə vəfat etdi.
Bəs sadə insanlar nə deyir?
Korrupsiyaya qarşı aparılan mübarizənin effekti oldumu? Yoxsa bir çoxlarının iddia etdiyi kimi artıq bu şou bitib? Bu barədə sadə insanların fikrini öyrənmək üçün Bakının küçələrində kiçik bir sorğu apardıq.
Taksi sürücüsü Rəhim deyir ki, antikorrupsiya söhbətlərini ilk dəfə televizorda eşidib. Lakin hökümətin real islahatlar aparacağına inanmayıb: “Düzdü bir neçə gün hiss olundu ki, ölkədə nəsə dəyişib. Amma bu çox çəkmədi. Götürək bizim tez-tez rastlaşdığımız yol polislərini. Bu rüşvətin yığışdırılmaq məsələsi oraya çıxanda yolda polis bizi demək olar ki, saxlamırdı. Amma bu çox çəkmədi. Indi ən xırda şeylər üstündə polis saxlayır. Bəzən heç qaydanı pozmayanda da saxlayır. Saxlayanda isə ya gərək pul verəsən, ya da əsassız şəkildə cərimələnəsən?.
Azərbaycanda tələbəni sıxışdıran müəllimin məqsədi pul almaqdır
Iqtisad Universitetində 3-cü kursda oxuyan Anar əvvəlcə danışmaq istəmədiyini bildirdi. Qəzetdə şəkli çıxacağı təqdirdə universitetdə təzyiqlərlə üzləşəcəyini bildirdi. Fotosuz danışmağa isə razılıq verdi. Anar deyir ki, antikorrupsiya məsələsi ali məktəblərdəki qış sessiyası bitəndən sonra başlayıb: “Ona görə də biz hələ rüşvətin olub olmayacağını dəqiq bilmirik. Qabaqdan yay imtahanları gəlir. Müəllimlərin özlərini aparmalarından hiss edirik ki, imtahanlara görə pul almaqdan çəkinməyəcəklər. Əgər tələbəni sıxışdırırsa müəllimin məqsədi pul almaqdır. Əgər qorxmadan rüşvət alırsa, deməli onun arxasında rəhbərlik dayanır”.
Əvvəl 4 manat alırdılarsa indi 6 manat alırlar
Elmlər Akademiyası metrosunun yaxınlığındakı parkda səyyar ticarətlə məşğul olan 74 yaşlı Imran kişi isə belə deyir: “Bala, əvvəl 4 manat alırdılarsa indi 6 manat alırlar. Qoca kişiyəm. Bu yaşımda küçədə alver eləməklə dolanıram. Çox ilişirlər. Imkan vermirlər işləyim. Neçə ildir bu ölkədə hamı rüşvət alır. Inanmıram ki, nə vaxtsa rüşvətin kökü kəsilsin”
Dövlət bizi quru maaşın ümidinə buraxıb
Dövlət xəstəxanalarının birində tibb bacısı işləyən Səadət xanımın isə şikayəti rüşvətin olmamasından deyil maaşın azlığındandır: “Tibb bacısının aldığı maaşla dolanmaq olar? 180 manat maaş alırıq. Əvvəl xəstəxananın qapıları hamının üzünə açıq idi. Gəlirdilər, yoxlayırdıq, müalicə edirdik. Bunun əvəzində hörmətimizi də edirdilər xəstələr. Buna rüşvət demək olmaz. Xəstə də başa düşürdü ki, iki seçimi var. Ya özəl klinikalara getsin ya da dövlət xəstəxanalarına. Indi onlar məcburdular od qiymətinə olan özəl klinikalara getsinlər. Dövlət bizi quru maaşın ümidinə buraxıb”. Tibb bacısı deyir ki, gedib evdə oturub uşaqlarını böyütməklə məşğul olsa işləməkdən daha sərfəlidir.
Gözlənildiyi kimi oldu
Söhbət etdiyimiz əksər insanlar rüşvətin yenidən qayıtdığını söylədilər. Bəziləri isə, xəstəxanalarda və digər yerlərdə rüşvətin olmadığını dedilər. Ali məktəb tələbələri, sürücülər isə rüşvətin yenidən qayıtdığını bildirdilər. Beləliklə gözlənildiyi kimi də oldu. Hakimiyyətin yalançı antikorrupsiya islahatlarının ömrü qısa çəkdi.
Elmin