Amerikada kül olan Sona Aslanova

Hələ də təəccüb edirəm ki, niyə Milli Məclis meyitləri yandırmaq qanununu qəbul etməyi iclasdan-iclasa saxlayır. Axı Sosial Müdafiə Mərkəzinin işçiləri, icra nümayəndələri, polis mayorları daha səbr edə bilmir, adamların özünü yandırması üçün benzin bidonları, alışqanla qapı-qapı gəzirlər. Hətta intihar edəndə özünü yandırmayan vətəndaş üçün söyüş də qoyublar. Inanmayanlar “Azadlıq” qəzetində (25.04.11) “Bərdədəki intihar olayının şok detalları” başlıqlı məqaləni oxusunlar. Bu zəhrimar qanunu yazın da ay deputat qardaş-bacılar, nə özünüzü naza qoymusunuz. Allahşükür Paşazadənin qılığına girib bir parça icazə kağızı almaq elə də çətin deyil. Prezident xahiş etsə, şeyx həzrətləri Azərbaycan üçün yeni dini kitab da yazar. Və bütün qəbiristanlıqlar da rahatca satışa çıxarılar. Yoxsa Bakıdakı qəbiristanlıqlara baxan torpaq dəllallarının ağızlarının suyu artıq Biləcəridən o tərəfə də keçib…

Indi nəinki sadə vətəndaşlar, artıq tanınmışlar da özünü yandırır. Martın 9-da Azərbaycanın tanınmış opera müğənnisi Sona Aslanova Amerikada vəfat etdi. Dəyərli sənətkarın vəsiyyətinə görə doğmaları müğənninin meyitini yandırıblar. Azərbaycan səhnəsinin Nigarı, Əslisi, Gülçöhrəsi…  Amerikada kül oldu, amma nə Koroğlu, nə Kərəm, nə Əsgər… ünlü sənətçinin ailəsinə heç başsağlığı da vermədi. Sənətkarın meyitinin yandırılmasını isə dini tərəfdən düzgün saymayanlar da oldu. Axı burda təəccüblü nə var? Ölkədə dindən, müsəlmançılıqdan nə qalıb ki, meyit yandırmağa da günah kimi baxaq. Əminəm ki, meyitlərin yandırılması qanunu çıxsa, birinci mollalar “əti kül edən peç” biznesinə imza atarlar.

Pedaqoqika, opera, kino, musiqi… sənətində böyük xidmətləri olan fədakar sənətkarın – Sona Aslanovanın cənazəsini Vətənə gətirmək üçün Azərbaycan hökumətinin pulu olmadı. Harın məmurlar övladlarının ad gününə, sünnətinə, toyuna okeanın o tayından müğənni, rəqqasə, kloun gətirmək üçün milyonlar xərcləyəndə isə dövlətin pulu olur. Amerikada külə dönən Sona xanımın hətta külünə də bu külbaş hökumət sahib çıxmadı. Amma məmurların geteraları, qeyşaları olan müğənnilərə fəxri adlar verilir, ayaqları altına milyonlar tökülür. Sona xanımın son nəfəsində yanında olan dəyərli soydaşımız Gülbəniz Arifqızı “Azadlıq” radiosuna verdiyi müsahibəsində deyir: “Nə Mədəniyyət Nazirliyindən, nə vaxtilə çalışdığı Konservatoriyadan, nə də çıxış etdiyi Filarmoniyadan bir nəfər də olsun bu Ailəyə başsağlığı verdi. Bu, biz qürbətçiləri çox narahat edir”. Əziz Gülbəniz xanım, üzülməyin. Bilin ki, dəyərli, fədakar, vicdanlı insanların nəinki varlığı, hətta külü, sümükləri də bu hökuməti qəzəbləndirir, narahat edir. Əgər elə olmasaydı, Sona Aslanovanın meyiti okeanın o tayında yandırılıb, külü küpə qoyulmazdı. Əgər elə olmasaydı, illərdir qürbətdə qalan M.Ə.Rəsulzadənin sümükləri çoxdan Vətənə gətirilərdi. Mənfi fikirli, gözüac eybəcər məxluqları bir yerə cəm edən bir hökumət müsbət enerjili insanların qədrini heç vaxt bilməz. Bu hökumətin gözütox, vicdanlı, istedadlı, ağıllı, savadlı, gözəl insanlara xüsusi nifrəti var. Onları məhv etmək üçün hər cür cinayətə, rəzalətə hazırdır.

Iki oğlu ilə bərabər 1999-cu ildə qəddarcasına qətlə yetirilən Etibar Erkinin ölümü ilə bağlı illər öncə müxtəlif fikirlər, fərziyələr söylənilib. Onlardan biri isə bu olub ki, guya məşhur parapsixoloq Əliyev hakimiyyətinə müsbət enerjisi ilə mane olubmuş. Bəlkə Əbülfəz Elçibəy də hakimiyyətdəkilərə müsbət enerjisi ilə “mane olubmuş”, ona görə qəfildən xəstələnib vəfat etdi? Bəlkə, Elmar Hüseynovun da qətlinə səbəb müsbət enerjisi oldu? Bəlkə, Eynulla Fətullayev də müsbət enerjisi ilə çevriliş edə bilər, ona görə azadlığa buraxılmır? Cənablar, ruhun enerjisi zavallı Hüseyn Arabulun qurub-yaratdığı, sonra da əlindən alınan “Bakıelektrikşəbəkə”, sağa-sola payladığınız Azərbaycan nefti deyil ki, kefiniz istədiyi kimi basıb yeyəsiniz. Hissiz-duyğusuz, enerjisi tükənən bu robot hökumət zatən ona görə hakimiyyətdə qalmaq istəyir ki, neftsiz bir yığın metaldırlar. Bu hökumət 18 ildə balaca bir qızın – 5 yaşlı Məryəmin bəxş etdiyi enerjinin bir faizini də millətə verməyib. Ruhu nə həbs etmək, nə qətlə yetirmək, nə də sürgün etmək mümkündür. Ruhlar azaddır. Ruhlar ölümsüzdür. Rəsulzadənin məzarı Türkiyədə olsa da, müqəddəs ruhu Azərbaycandadır. Sona Aslanovanın külü Amerikada olsa da, ruhu, müsbət enerji yayan gözəl səsi çoxdan Vətəndədir. Eynulla Fətullayev zindanda olsa da, sevdiyi sözlər beş-altı yaşlı uşaqların dilinin əzbəridir. Parapsixologiyanın bir mənası da “ÖLÜMDƏN SONRAKI YAŞAM” deməkdir. Artıq Azərbaycanda o dövr başlayıb…