27 aprel işğal günüdür

Məhəmməd Əmin Rəsulzadə və Rusiya

«Hər hansı rus imperializminə bütün varlığımızla düşmənik»

Qaldıqca ruslarda diyarım mənim,
Intiqam alacaq şüarım mənim!
(Gültəkin)

 

Bu məqalə dahi rəhbər Məhəmməd Əmin Rəsulzadənin “Milli birlik” kitabı əsasında hazırlanıb. Məqsədimiz 27 aprel 1920-ci il – Sovet Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətini devirdiyi tarixlə əlaqədar və ümumiyyətlə, iki əsr boyu məruz qaldığımız rus işğalının ideoloji əsaslarına aydınlıq gətirməkdir. Bu, eləcə də rus müstəmləkəçiliyinin bu günədək bizə “miras” qoyduğu qaba və xain dövlət idarəçiliyinin mahiyyətini bir az da anlamaq fürsəti verir. Təqdim etdiyimiz material, eyni zamanda, M.Ə.Rəsulzadə şəxsiyyətinə qarşı qərəzdən gələn – “o, Rusiyanın adamıydı” kimi ittihamlara bir cavabdır. Bu işdə bizə əvəzsiz yardımçı olan – “Milli birlik” kitabını Azərbaycan oxucusuna təqdim edən vətəndaş ziyalı Yadigar Türkelə minnətdarlığımızı bildiririk.

***

Elə ondan başlayaq ki, əgər, M.Ə.Rəsulzadə “Rusiyanın adamı” idisə və ya “Stalinlə münasibətləri” vardısa, o zaman niyə, Moskvada onun üçün yaradılan şəraitdən və Kremldə Stalinlə birgə işləməkdən vaz keçib, mühacirət həyatını seçdi? Niyə, Rusiya “öz adamından” və ya Stalin “öz dostundan” qisasını onun ailəsini fiziki məhv etməklə aldı? Bax, bütün bu suallara elə M.Ə.Rəsulzadənin Rusiyaya münasibətdə kim olduğunu əyani şəkildə ortaya qoyan “Milli birlik” kitabı və bu kitabda önəmli yer tutan “Azərbaycanda rus müstəmləkəçilik siyasəti” adlı silsilə yazıları tutarlı cavab verir…
Bəli, M.Ə.Rəsulzadənin istər yazdıqları, istərsə də ömür yolu onda “rus sevgisi”nin olmadığını aşkar göstərir. Milli öndər qeyd edir: “Bizim öz hüdudları daxilində qalan rus millətinə qarşı ədavətimiz yoxdur. Əksinə, ona bu xüsusda hər türlü yaxşı təmənnalardayıq. Fəqət, bununla bərabər, bizi istədiyimiz şəkildə həyatımızı qorumaqdan və mədəni həyatımıza istədiyimiz istiqaməti verməkdən mane ilə, öz boyunbağısına taxaraq, istismar və istila əməlində bulunan hər hansı rus imperializminə bütün varlığımızla düşmənik”.

“Qanun cinayətin silahı olub”

Yəni, ya çar Rusiyası, ya da sovet – bunların hər ikisinin mahiyyəti eynidir: Azərbaycanı nə yolla olursa olsun işğal etmək, torpaqlarını bölüşdürmək, millətini isə aşındırmaq məqsədini güdüblər. Hələ birinci rus işğalından (1813-1828-ci illər) sonrakı Azərbaycanda yeni idarəçiliyə toxunan M.Ə.Rəsulzadə bildirir ki, burada hər türlü insanlıq çeynənmiş, ədalət tamamilə unudulmuş, qanun cinayətin silahı, qərəzlə kef də məmurların yeganə hərəkət amili olmuşdur. Xanlarla müqayisədə, onları əvəzləyən rus komendantları yerli adət və ənənələrə qarşı kar və kor idilər. Xanların dövründə qadınlara bədən cəzası olmadığı halda, rus komendantları, məsələn, vergini ödəyə bilməyən kişilərlə bərabər, qadınları da ölüncəyə qədər döyərdilər… Verginin məbləğinə gəlincə, əhalidən əskidə verməkdə olduqları verginin iki mislini tələb edərdilər.
Lakin çox keçmir çar Rusiyası Azərbaycanda “əsgəri komendantlıq” sisteminin uğursuzluğunu dərk edir. 1840-cı ilədək davam edən bu rejim nə sadə əhalini, nə də müstəqil xanlıqların ləğvindən sonra hakimiyyətini itirmiş yüksək təbəqəni qane edirdi. Müstəmləkəni “ana Rusiyaya” sıx bağlarla bağlamaq üçün həmin təbəqəni yenidən hüquq və imtiyaz sahibi edib ələ almaq və rus idarəçiliyini onun vasitəsilə həyata keçirmək planlaşdırıldı. Tarixi mənbələrə istinadla M.Ə.Rəsulzadə yazır ki, bu məqsədlə hazırlanan layihələrdə “dvoryanstvo”nun (zadəganlığın) mütləqiyyət idarəsinin ayrılmaz hissəsi olduğu vurğulanır. Cənubi Qafqazın böyük bir qismi müsəlmanlarla məskundur ki, onlar da heç zaman əsl zadəgan sinfinə malik olmamışlar. Odur ki, çar Rusiyası öz hakimiyyətinə ictimai əsas hazırlamaq üçün nüfuz sahibi olan ailələrdən “yerli dvoryan zümrəsi” yaratmaq qərarına gəlir. Bu zümrəni şübhəsiz ki, keçmişdəki hökmdar xanların nəsillərinə mənsub olanlar, eləcə də həmin xanların vaxtında bəy, ağa və sultan ləqəblərini daşımış adamlar hesabına formalaşdırmaq qərara alınır. 

Bütün bu tədbirlərdə məqsəd yerlilər arasında nüfuz sahibi olanların “Rusiyaya sədaqətini” təmin etmək idi. Bununla da Rusiyadan narazı olan yerli qüvvələrin birliyi sarsılır və müstəmləkə siyasəti maneəsiz həyata keçirilir. Lakin ruslar azəri türklərinin “təslimiyyət sədaqətlərinə” tam güvənmədikləri üçün önləyici tədbirlər də düşünürlər. Çar Rusiyası yerli zadəganların övladlarını əsgəri xidmətə götürmək və bununla da onları faktiki girov halına salmaqla, bəylər, ağalar və sultanlar üzərində təsir imkanları əldə edir. Bununla da çarlıq “bir gülləyə iki dovşan” ovlamış olur. Həmin gəncləri Moskva və ya Peterburqda əsgəri korpus, akademiya və s. məktəblərdə oxutdurub, beş il Rusiyaya xidmət edəcəklərini və yalnız ondan sonra Qafqazda bir məmurluğa təyin olunacaqları şərtini kəsir. “Ayrılıq, tərbiyə və ruslar arasındakı xidmət onları ruslaşdırır və indiki halda ruslarla yaxınlaşmalarına mane olan məhəmmədiliklərini (müsəlmanlıqlarını – red.) çox zəifləşdirir”.

Bəli, bununla da azəri türklərinin xanlıqlar dövründəki kimi müstəqil özünüidarətmə ambisiyaları söndürülür, həm də “məmləkət ruslaşdırılır və rus hakimiyyətilə qarışdırılır”. Yəqin, sovet zamanında da Kremlin nüfuzlu azərbaycanlıları mükafatlandırmaqda, imtiyaz sahibi etməkdə məqsədinin nə olduğu bir daha aydınlaşır… Hətta bugünkü müstəqillik illərində Rusiya Federasiyasının Azərbaycan Respublikasında rusdilli orta və ali məktəblərin mövcudluğunu qorumaqda, eləcə də ölkəmizdə Risiya ali məktəblərinin tədrisin rus dilində aparıldığı filiallarını açmaqda marağının nə olduğu gizli qalmır… Həmçinin Azərbaycan hakimiyyətinin bu gün tanınmış şəxsləri stimullaşdırmaqla, övladlarını vəzifələrə təyin etməklə hansı niyyət güddüyü məlum olur… Bu, çar Rusiyasından qalma müstəmləkəçilik siyasətinin davamıdır: fərq etməz ki, onu xarici, yoxsa yerli hakimiyyət davam etdirir; hər iki halda məqsəd millətin bütövlüyünü parçalayıb, onu asanlıqla idarə etməkdir…

Çar Rusiyasının müstəmləkəçilik siyasətinə əngəl olan təkcə əsilzadələr deyil, həm də ruhani təbəqə idi. Onlar da “qara camaat” üzərində mənəvi və maddi təsirə tuLORX’lini mollaların nüfuzunda buraxmaq” onları hökumətdən uzaqlaşdırardı. Bu, təhlükəli idi, çünki hökumətə qarşı silahlı müqavimətlərin bir çoxunda mollalar “ən mühüm amil və yönəldici” qüvvə kimi çıxış edirdilər. Odur ki, çarlıq Azərbaycandakı mövcudluğunu özünün yaratdığı “din aristokratiyası” vasitəsilə də təmin etmək qərarına gəldi. “Bu məqsədlə də o, biri şiələrə, digəri də sünnilərə məxsus olmaq üzrə, iki ”ruhani idarəsi” təşkil edir. Yerlərdə mollaların sayını hökumət rəsmən özü müəyyənləşdirir, “əllərinə məmurluqlarını təsdiq edən bir şəhadətnamə verirdi”. Həmin hökumət mollaları dövlət vergilərindən azad edilir, övladları da ordu xidmətinə girdikdə zabit olmaq hüququ əldə edirdilər.

Beləliklə, rus müstəmləkəçilərinin məqsədi hakimiyyətə sadiq mollalar yetişdirmək və əhalinin dini işlərə görə yalnız belələrinə müraciət etmələrini təmin etmək idi. Hökumət mollaları “vəz və təlqinlərilə də öz dindaşlarını imperator həzrətlərinin yüksək iradələrinə tabe olaraq, onlara təyin buyurduğu hakimlərin əmrlərini icraya təşviq etməli” idilər. Eyni zamanda, hakimiyyət əhalini dini vergiləri yalnız “hökumətə sadiq mollalara vermələri üçün əl altdan təşviq etdirirdi”.

Tanış metod deyilmi? Bu gün də elə ruhanilərimiz var ki, moizələrində – “göydə Allah, yerdə padşah” deyib, vətəndaşlara “möhtərəm prezidentin” hakimiyyətinin toxunulmaz olduğunu təlqin edirlər…    

Ancaq rus idarəçiliyinin idbar metodları bununla bitmir. Hələ çar Rusiyası zamanında ailəiçi casuslar belə tərbiyə olunurmuş. Yəni, ruslar azəri əsilzadələrə tam etibar etmədikləri üçün onların “ailə üzvləri içinə qədər casusluq üsulunu soxurdular”. Xəyanət edən zadəgan ailəsi bütün haqq və hüquqlardan məhrum edilirdi. Yalniz ailə üzvlərindən biri xəyanət haqda hakimiyyəti xəbərdar edərdisə, “xəyanətkara aid əmlak və ərazinin yarısına sahib olurdu”.  

Bəli, sovet zamanında uşaqlar “atasını kommunistlərə satan pionerin vətənpərvərliyi” ruhunda necə tərbiyə olunurdusa, indiki rejimin də hakimiyyətə müxalif olan şəxsi elə onun ailəsi-qohumu içindəki satılmışlar vasitəsilə təhdid etməsi də məlum casusluq üsuludur. Hələ, toplumlar arasında ayrı-seçkilik – regionçuluq, eləcə də ailə-qohumdaxili məcburi “YAPlaşdırma” tədbirlərinin də “parçala, hökm sür” kimi rus müstəmləkəçilik siyasətindən qaynaqlandığını demirik…

Lakin cəmiyyətin üzdə olan şəxslərini satın alıb, xalqı tam ümidsiz qoymaq heç bir müstəmləkəçiyə və ya hakimiyyətə nəsib olmadığı kimi, çar Rusiyası da bu işdə uğur əldə edə bilmədi. Əvvəla, Azərbaycan əhalisi məhz türk və müsəlman olduğu üçün imperiya ona heç zaman güvənmədi və millətimizə qarşı ayrı-seçkilik nümayiş etdirdi.
Belə ki, əvvəl torpaqları əlindən alınan, eləcə də idarə işlərindən uzaqlaşdırılan bəylərin və ağaların hüquqları sonradan tanınsa da, çarlıq həmin “yüksək müsəlman təbəqəsi”nin Rusiyada və Gürcüstanda olduğu kimi, “dvoryanstvo təsisatı və təşkilatı” haqqını tanımamaqda isə sonadək israr etdi. Bir sözlə, bəylərin və ağaların “dvoryanlığı” formal idi. Eləcə də əvvəl səlahiyyətləri əlindən alınan azəri ruhanilər sonra çarlığın maraqlarına uyğun yenidən təşkilatlandırılsalar da, xristian olmadıqları üçün onlara da gürcü və erməni ruhanilərinki qədər rütbə və əhəmiyyət verilmədi.

Məhdud hüquq və səlahiyyətlər istər bəylər və ağalar, istərsə də müsəlman ruhanilər arasında çar Rusiyasına qarşı soyuqluq yaratmaya bilməzdi. Həmçinin əhali də çarlığın üsul-idarəsinə və onun millətə zorən təyin etdiyi mülki və dini məmurlara tam etimad göstərmədi, güvənmədi.

M.Ə.Rəsulzadənin sözlərilə desək, Azərbaycan mənən heç bir zaman rus dövlətinə ram olmadı və fürsət düşdükcə milli varlığını izhar etdi. Yüz illik əsarət həyatından sonra Birinci Dünya müharibəsi nəticəsində çökən rus imperatorluğunun xarabalıqları altından Azərbaycan milli bir bütöv halında qiyam etdi və istiqlalına qovuşdu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

Ikinci rus işğalı…

Fəqət, 1920-ci il aprelin 27-də ilk milli respublikamız daha bir rus işğalına – bolşevik təcavüzünə məruz qaldı və süqut etdi. M.Ə.Rəsulzadə yazır ki, kommunizm qaba və təcavüzçü rus imperializminin yeni həmləsindən başqa bir şey deyil. Rus-bolşevik hakimiyyəti Azərbaycanda çarlıq zamanındakı kimi dərhal ruslaşdırma siyasətinə başladı. Bu isə iki şəkildə təzahür etdi: iqtisadiyyatda mərkəzləşdirmə və mədəniyyət sahəsində ruslaşdırma.

Ustad qeyd edir ki, iqtisadi mərkəzçilik – məmləkəti Moskvanın nəzərdə tutduğu iqtisadi planlara tabe etməkdən ibarətdir. Azərbaycanın neft sənayesi bilavasitə Moskvadan idarə olunur, Azərbaycan, Sovet Ittifaqı sənayesinin ümumi mənfəəti üçün Türküstandan sonra, ikinci pambıqçılıq regionuna çevrilir. Siyasi və iqtisadi müəssisələrdə Rusiyadan gələn yabançı ünsürlər hökm sürür. Yerli əmək qüvvələrinin görünməmiş dərəcədə istismar edilməsi, şübhəsiz, xalqın vücudunu müdhiş surətdə halətdən salmış və ümumi sağlamlığı zədələmişdir.  

“Mədəniyyətin ruslaşdırılması – bu, Azərbaycanın həqiqi bir faciəsidir… Sovet mədəniyyət xadimləri Azərbaycan ədəbiyyatını dayandığı öz mədəni və tarixi köklərindən qoparıb, onu və onunla bərabər xalqın mədəniyyətinin bütün sistemini yeni sovet yoluna salmaq istədilər. Başqa sözlə, onu öz zəminindən götürüb rus zəmininə gömdülər”.  M.Ə.Rəsulzadə daha sonra yazır ki, bu – hər şeyi “rus xalqı ilə birləşdirmək” qərəzinə tabe edən siyasət, nəhayət, 1939-cu ildən etibarən Azərbaycan mədəniyyətinin formaca da ruslaşdırılmasına aparır. Azərbaycan yazısını Avropa-latın əlifbasından kiril-rus əlifbasına keçirdilər.

Daha dəhşətlisi isə milli ruhlu Azərbaycan vətəndaşlarının fiziki sıradan çıxarılması idi. M.Ə.Rəsulzadə yazır ki, məmləkətdəki mədəni ənənələri himayə etmək istəyən ən kiçik bir hərəkət sovet rejiminə qarşı bir sui-qəsd hesab edilir… 1937-ci il təmizləməsindən sonra nə məşhur yazıçılardan, nə görkəmli professor və müəllimlərdən, nə sevilən artistlərdən, nə də az-çox tanınan ictimai xadimlərdən kimsə meydanda qalır. Az-çox ad-san sahibi olanlar məhv edilirlər.

Bəli, bütün bunlar 27 aprel işğalının nəticəsidir ki, onun gətirdiyi maddi-mənəvi itkilərin yeri hələ də dolmur. Bu fəlakət Azərbaycanı 100 il geri saldı desək, mübaliğəyə varmış olmarıq. Müasir Azərbaycan cəmiyyətində şəxsiyyət boşluğu və cılızlığın kökü də buradan qaynaqlanır. Çünki Azərbaycanın əsilzadə övladlarının yerini hazırkı hakimiyyətin timsalında hələ də bolşevik-kommunist tör-töküntüləri tutmuş və onlar milləti aşındırmaq siyasətini davam etdirirlər.

27 aprel hüzn günüdür. Bu günü – Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş bütün insanlarımızı anmaqla qeyd edək.
Hələ 1929-cu ildə M.Ə.Rəsulzadənin “Odlu yurd” jurnalında bu ağrı xalqa belə çatdırılırdı: “…Bu qara günü nə üçün müntəzəm surətdə hər il xatırlayırıq?.. Çünki bu gün hürriyyət və istiqlalımızın müqəddəs timsalı olan bayrağımız endirilmiş, onun yerini qanlı rus bayrağı tutmuşdur. Çünki bu gün ilk türk cümhuriyyəti vəhşi bir istilaya uğramışdır… Bu gün yaşamaq istəyən, hürr və azad yaşamaq istəyən bir millətin inkişaf yolu üzərinə, həyat mənbəyi üzərinə çox qaba və çox vəhşi bir qüvvət oturaraq bizə yaşamaq yolunu qapamış, gözəl və cənnət vətənimizi cəhənnəmə çevirmişdir”.

Şövkət Məmməd