Oliqarxlar şirkətlərinə vergi güzəştləri hazırlayıb

«Kənd təsərrüfatı, tikinti sektorunu bir kənara qoyub, turizm şirkətlərinə vergi güzəştləri vermək istəyirlər»

Qubad Ibadoğlu: «Hətta hökumət ciddi güzəştlər versə belə bizim böyük rəqabət olan turizm bazarına girməyimiz mümkün deyil»

2011-ci il Azərbaycanda “turizm ili” elan olunduğundan turizm obyektlərinin işini fəallaşdırmaqdan ötrü hakimiyyətin onlara bir sıra vergi güzəştləri tətbiq edəcəyi gözlənilir. Artıq bu istiqamətdə hökumətdə ciddi hazırlığın getdiyi barədə informasiyalar yayılmaqdadır. Amma məsələ burasındadır ki, Azərbaycanda turizmdən daha vacib sahələr mövcuddur ki, onların inkişafı və ayağa qalxması üçün güzəştlərin tətbiqi daha zəruridir. Bunlar ilk növbədə kənd təsərrüfatı və tikinti sektorudur. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, turizm sektoru əsasən oliqarx məmurların əlindədir. Bu sahəyə güzəştlərin tətbiqi əslində məmurların özlərinə yönləndirdiyi güzəştlərdir.
Iqtisadçı Qubad Ibadoğlunun fikrincə, bu cür yanaşma onu göstərir ki, hakimiyyətin iqtisadiyyatın inkişafı ilə bağlı strateji baxışı yoxdur. Azərbaycan vətəndaşının hazırda ekoloji cəhətdən təmiz, eyni zamanda münasib qiymətə kənd təsərrüfatı məhsulları əldə etməkdə maraqlı olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, bu, hökumətin diqqət yetirdiyi sahələrdən biri olmalıdır: “Kənd təsərrüfatındakı problemləri həll etmək üçün Azərbaycanda kifayət qədər resursların olduğu halda onlar lazımi istiqamətdə yönləndirilmir. Təəssüflər olsun ki, əhalinin daha çox maraq göstərdiyi sahələrin inkişafı arxa plana keçirilib. Bunun yerinə kifayət qədər rəqabətli olan turizm bazarına girmək istəyirik. Amma hətta hökumət ciddi güzəştlər versə belə, bizim bu bazara girməyimiz mümkün deyil”.
Hökumətin istənilən halda bir sektora ciddi güzəştlər verməsinin əleyhinə olan Q.Ibadoğlu vurğuladı ki, hökumət ölkədə iqtisadi inkişafa nail olmaq üçün ilk növbədə rəqabəti dəstəkləməlidir. Hökumətin ciddi güzəştlər verməsinin haqsız rəqabət mühitinə səbəb olacağını söyləyən iqtisadçı qeyd etdi ki, Azərbaycanda emal sənayesində az bacarıq tələb edən məhsulların istehsalından, orta və çox bacarıq tələb edən məhsulların istehsalına keçilməlidir: “Əgər biz buna nail ola biləcəyiksə, Azərbaycan istehlakçısının maraqlarından çıxış etmiş olacağıq. Nəticədə Azərbaycan vətəndaşının ərzaqla təminatı həm keyfiyyətli, həm də əlçatan olacaq. Problem ondadır ki, hakimiyyətin iqtisadiyyatın gələcəyi ilə bağlı strateji baxışı yoxdur. Hökumət müəyyənləşdirmir ki, yaxın illərdə onun üçün prioritet məsələlər nə olacaq. Hökumət iqtisadiyyatın inkişafı ilə bağlı prioritetlərin seçilməsini də siyasiləşdirib. O baxımdan iqtisadiyyata bu cür yanaşma uğurlu sayıla bilməz”.

Xəyal