Bəşər Əsəd Qəzzafi yolunu seçdi

Suriya hakimiyyəti etirazçıların üzərinə tankları göndərdi

Suriyada Bəşər Əsəd hakimiyyətinin etirazçılara qarşı hücumları davam edir. Bu ölkədə günlərdir davam edən etirazların mərkəzi sayılan Dəraa vilayətinə ordu birləşmələri yeridilib. Hərbçilər geniş miqyaslı əməliyyatlara başlayıb. Tank və zirehli maşınlarla şəhərə daxil olan əsgərlərlə etirazçılar arasında silahlı toqquşma yaşanıb. Qarşıdurma nəticəsində 25 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.
Hüquq müdafiəçilərinin xarici xəbər agentliyinə verdiyi məlumata görə, insident zamanı öldürülən etirazçıların cəsədləri küçələrdə qalıb. “Reuters” agentliyi xəbər verir ki, etirazların davam etdiyi sərhəd bölgəsi Dəraaya Suriya hökuməti qoşun yeridəndən sonra bununla kifayətlənməyərək, təhlükəsizlik tədbiri kimi, Iordaniyaya giriş-çıxış qapılarını da bağlayıb. Adı açıqlanmayan Iordaniya diplomatı xəbəri təsdiqləyərək, Dəraa və Nəsib sərhəd keçid məntəqələrinin bağlandığını söyləyib.

Əsəd tərəfdarlarının “xüsusi” əməliyyatı

Suriyanın paytaxtı Dəməşqin Duma adlanan bölgəsində Bəşər Əsəd tərəfdarları və hökumət qüvvələri evlərə basqın edərək, sadə vətəndaşlara atəş açıblar. Küçədə gəzişənlər heç bir səbəb göstərilmədən həbs olunublar.
Ölkənin şimal-qərbindəki liman qəsəbəsi Cəblədə keçirilən hökumət əleyhinə aksiya zamanı da silah səsləri eşidilib. Yerli insan haqları təşkilatlarının yaydığı məlumatlarda bildirilir ki, hökumət qüvvələrinin mitinqçilərə odlu silahdan atəş açması nəticəsində 13 nəfər dünyasını dəyişib.
Bəşər Əsəd rejimi yaranmış gərginliyə və törətdiyi qətliama haqq qazandırmağa çalışır. Iqtidar ölkədə baş qaldırmış demokratik hərəkatı məzhəb savaşı kimi qələmə verməyə çalışır. Prezidentin qara maskalı tərəfdarları sünnilərin sıx yaşadığı qəsəbəyə hücum edərək, evləri yandırıb və sakinlərə atəş açıblar.
“Reuters” agentliyinin yaydığı məlumata görə, suriyalı müxalifətçilərdən biri bildirib ki, Duma bölgəsində silahsız insanlara naməlum şəxslər snayperdən və avtomatdan atəş açıblar. Müxalifət təmsilçisi Duma bölgəsi ilə bütün əlaqələrin kəsildiyini də vurğulayıb.

ABŞ Əsəd rejiminə təzyiqləri artırır

Suriya hakimiyyətinin dinc aksiyalara sərt müdaxiləsi başda ABŞ olmaqla, bütün Qərb ölkələrini hərəkətə gətirib. “The Wall Street Journal” qəzetinin məlumatına görə, Obama administrasiyası Bəşər Əsəd hakimiyyətinə qarşı sərt sanksiyaların qəbuluna hazırlaşır.
Xəbərdə deyilir ki, rəsmi Vaşinqton yüksək rütbəli Suriya məmurlarının bank hesablarının dondurulması və onların ABŞ-dakı şirkətlərlə əməkdaşlığına mane olacaq qərarın qəbulunu nəzərdən keçirir. Məlumatda o da vurğulanır ki, Vaşinqtonun Suriyaya tətbiq edəcəyi birtərəfli sanksiyalar ABŞ-da bir o qədər də əmlakı olmayan Bəşər Əsədə yaxın şəxslərə təsir etməyə bilər. Bu səbəbdən də Obama administrasiyası Suriya məsələsində Avropa ölkələrilə sıx əməkdaşlıq etməyi də nəzərdə tutur.
“The Wall Street Journal”a danışan məlumatlı mənbənin sözlərinə görə, Bəşər Əsəd rejiminə qarşı sərt qadağalar haqda qərar yaxın bir neçə həftə ərzində hazırlana bilər.
Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Suriya hökumətinin etiraz nümayişləri iştirakçılarına qarşı tətbiq etdiyi zorakılığı pisləyib və bu ölkənin hakimiyyətini siyasi islahatlar aparmağa çağırıb.
BMT-nin insan hüquqları üzrə təmsilçisi Navi Pilay Suriya hakimiyyətini mitinqlərə sərt müdaxiləni dərhal dayandırmağa çağırıb. Təşkilat rəsmisi ötən cümə keçirilən etiraz aksiyaları zamanı 100-dən artıq mitinqçinin öldürülməsi faktıyla bağlı cinayət işinin açılmasını da tələb edib.

İnformasiya şöbəsi