Bərdədəki intihar olayının şok detalları

Əməkdaşımız özünü yandıran bərdəlinin kəndində oldu

Camaləddin Paşayevin həyat yoldaşı Xalidə Paşayevanın sərt ittihamları

 

«Polis mayoru gözümün qabağında yoldaşıma söyüş söydü»

Növbəti intihar xəbərini Bərdədən eşitdik. Rayonun Qasımbəyli kənd sakini Camaləddin Paşayev məmur özbaşınalığından bezərək aprelin 19-da özünü yandırıb. Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən C.Paşayev aprelin 23-də burada dünyasını dəyişib. Hadisəni daha ətraflı öyrənmək üçün aprelin 24-də Bərdəyə yola düşdüm.

Dəbdəbəli yas mərasimi

Qasımbəyli kəndi rayon mərkəzindən o qədər də uzaqda deyil. Rayonun mərkəzində yenicə istifadəyə verilən avtovağzalda düşüb kəndə necə getməyi soruşdum. Gəlişimin məqsədini anlayan və məni kəndə aparan sürücü baş vermiş olayın bütün Bərdədə böyük səs-küy yaratdığını söylədi və bildirdi ki, mərhumun ailəsinin çox kasıb olduğunu dedi: “Sosial Müdafiə Mərkəzindən haqqını tələb edib. Dəfələrlə o ünvana baş çəkib, ancaq nəticəsi olmayıb. Sonda da belə addım atıb”.
Kəndə çatırıq, mağara baş çəkməzdən öncə kənarda duran şəxslərlə söhbət edirəm. Paşayevlər ailəsinin çox kasıb ailə olduğunu hamı bir ağızdan təsdiqləyir. Əslində bunu soruşmağa belə lüzum yox idi. Çünki evin görünüşü hər şeyi açıq-aydın göstərirdi. Kənd sakinlərindən öyrənirəm ki, Camaləddin evin sonbeşiyi imiş. Özünə toy edəndə məclisində 30 nəfərdən artıq adam olmayıb. Ancaq yas mərasiminə yüzlərlə insan qatılıb. Onların arasında yalnız icra başçısı Vidadi Isayev və Rayon Polis Idarəsinin rəisi gözə dəymirdi. Hətta intiharda adı hallanan Sosial Müdafiə Mərkəzinin rəhbəri Vidadi Imanquliyev belə yas yerindəydi…
Ailə üzvlərinin əyin- başı, hətta danışıqları belə göstərir ki, belə təmtəraqlı yas məclisi təşkil etmək onların imkanları xaricindədir. Ən azı qurulan mağarın bir həftəlik kirayə haqqı 400-500 manatdır. Bahalı təamların stolları bəzəməsini də əlavə etsəm, işin nə yerdə olduğunu yəqin ki, anlamaq o qədər də çətin olmaz.
Çünki kənd sakinləri ilə söhbət zamanı onlar bildirdilər ki, indiyə qədər Qasımbəyli də belə yas mərasimi olmayıb. Nə də heç bir ailəyə rayonun ən yüksək vəzifə sahibləri belə baş çəkməyib.

“O, fəhləlik edirdi, köhnə bir maşını vardı”

Mərhum Camaləddin Paşayev

Ailə üzvləri ilə söhbət etmək istəyirəm. Məlum olur ki, kimsə danışmaq istəmir. Açıq-aşkar deyirlər ki, danışmaq istəmirlər. Arqumentləri də var: məsələnin böyüməməsini istəyirlər. Söyləyirlər ki, bədbəxt hadisə baş verib. Bundan sonra nə danışmaları, nə söyləmələri işə yaramayacaq. Onların bu cür danışığının ətrafdakıların da təəccübünə səbəb olduğunu hiss edirəm.
Ancaq bütün bunlara baxmayaraq mərhumun yoldaşı ilə danışa bilirəm. Xalidə Paşayevə hadisənin başvermə səbəblərinə aydınlıq gətirir: “Yoldaşım Camaləddin dəfələrlə Sosial Müdafiə Mərkəzinə yardım üçün müraciət edib. Hər dəfə ona deyirdilər ki, ailəyə pul düşmür. Halbuki biz ailədə 7 nəfərik. Üç uşaqla yanaşı qayınanam, qayınatam və mən Camaləddinin öhdəsində idik. O, fəhləlik edib bizi dolandırırdı. Köhnə bir maşını vardı. Elə bu maşını bəhanə edib bizə yardım düşmədiyini söyləyirdilər. Axırda məcbur qalıb uşaqları da götürüb Sosial Müdafiə Mərkəzinə getdi”.
X.Paşayeva deyir ki, yoldaşı uşaqları SMM-in rəhbəri Vidadi Imanquliyevə verib geri dönür: “Söhbətdə bir daha durumunun ağır olduğunu izah etməyə çalışıb. Yenə də vəziyyətin düzəlmədiyini görəndə isə uşaqları otaqda qoyaraq, ”mən baxa bilmirəm, siz baxın” deyərək çıxıb gəlib. Vidadi də 8 aylıq körpəni, o cümlədən 2 və 3 yaşlı uşaqları dəhlizdə saxlayır. Camaləddin evə qayıdandan bir neçə saat sonra polislər uşaqları evə gətirdi”.
Müsahibimin sözlərinə görə, mərhum həmin vaxt əsəbi olsa da, özünü yandırmaq barədə düşünmürmüş: “Adını bilmirəm, mayor rütbəli şəxs uşaqları bizə verdi. Bu zaman Camaləddin ona qarşı edilən haqsızlıqdan polislərə də gileyləndi. Haqq-ədalət yerini tapmasa özünü yandıracağını dedi. Həmin mayor da söyüş söyməyə başladı. ”Yandırmayanın var yoxunu…”, “yandırmayanın arvad-uşağını…”. Camaləddin də benzini üstünə tökdü. Yenə həmin polis işçisi: “yalandan edir, üstünə su töküb, gedin maşından benzin gətirin özünü yandırsın” dedi. Elə bu an yoldaşım üstünə tökdüyü benzinə od vurdu. Qonşular köməyə gəlsə də, artıq gec idi…”.

İndi niyə gəlmisiniz?

Mərhumun evi

Xalidə xanımla söhbət zamanı anası və atası otağa daxil olaraq bizə mane oldular. Qızlarının müsahibə verməyəcəyini deyən valideynlər onu otaqdan çıxartdılar. Fikirlərini də belə izah etdilər ki, hər şey yaxşıdır: “Siz vaxtında gələydiniz. Indi niyə gəlmisiniz?”. Onlara hadisə baş verən gündən “Azadlıq”ın əməkdaşlarının Bakıda 5 saylı xəstəxanaya getdiyini söyləsəm də nəticəsi olmadı.

Yalnız onlarla qısa bir dialoq yarada bildim:
– Deyirlər ki, mərhum psixi xəstədir. Onu ittiham edirlər…
– Yalan söhbətdir. O, tam sağlam insan olub. O sözü kim deyir?

– 5 saylı xəstəxanada özünü mərhumun yaxını kimi təqdim edən şəxs. Biz onun maşınının şəklini də çəkmişik. “Wolkswagen” markalı 90-FF-250 dövlət nömrə nişanlı maşını idarə edirdi.
– Yalandır. Elə şey yoxdur. Onun necə insan olmasını hər kəsdən soruşa bilərsiniz.

Söhbətə buradaca yekun vurub otağı tərk edirlər. Mən isə Qasımbəylidə bir qədər də var-gəl etməyi düşünürəm.

Mərhum niyə tez dəfn edildi?

Mərhumun qəbri

Kənd sakinləri ilə söhbət zamanı deyirlər ki, Xalidə xanım Camaləddinin ölümündən sonra iki dəfə intihar etmək istəyib: “Iki dəfə elektrik məftillərinə əl atıb özünü öldürmək istəyib, ancaq qonşular qoymayıb. Indi evə gələn bütün xətləri kəsiblər ki, qadın özünə bir şey eləməsin”.
Kənd sakinləri daha bir maraqlı fakta – SMM rəhbəri Vidadi Imanquliyevin Camaləddin Paşayevə sosial yardım verməməsi üçün bəhanə etdiyi maşın məsələsinə də aydınlıq gətirdilər: “Camaləddinin köhnə bir maşını vardı – ”Qaz-21″. 70-ci illərin maşını idi. Heç sənədləri yox idi. Maşınla qonşu kəndlərdə ot, odun daşıyırdı. Maşını bir dəfə satmaq istəmişdi, ancaq o maşına 100 manat belə verməmişdilər. Maşının təkərlərinin ikisini qonşular vermişdi. Təsəvvür edin, belə bir maşını olana sosial yardım vermirlər, görün nəyi bəhanə edirlər”.
Adının çəkilməsini istəməyən kənd sakini deyir ki, mərhumun meyitini aprelin 24-də səhər saat 10-da basdırıblar: “Bizim kənddə torpağa tapşırma 12 radələrində olur. Ancaq müəyyən qüvvələr mərhumu tez torpağa tapşırmağa nail olublar. Istəməyiblər ki, kənd camaatı elliklə dəfndə iştirak etsin. Həm də Camaləddinin ölüm xəbərini axşam saatlarında eşidəndə ailəyə yaxın olmayan adamlar tez mağarın qurulmasını istəyib. Həmin adamlar dövlət idarələrində işləyir. Belə söhbət zamanı mübahisə də yaranıb. Hətta qonşulardan bir neçəsi mağarın qurulmasını ev sahibinin ixtiyarına buraxılmasının tərəfdarı olub”.
Etiraz edən qonşular bildiriblər ki, ailənin başçısı ola bilsin, hökumət nümayəndələrinin qurduğu mağara razı deyil. Yəni, kimsə irəli düşüb ailə başçısının adından danışmasın. Qonşular onu da deyirlər ki, dəfn törəninə polisdən tutmuş MTN-in əməkdaşlarına qədər qatılıblar: “Onlar hər adama diqqət yetirirdilər ki, kim nə danışır”.
Bir şeyi də qeyd edim ki, ilk gündən olayda iki şəxsin adı daha çox hallanır – Vidadi Imanquliyevin, bir də Camaləddini özünü yandırmağa təhrik edən, ona söyüş söyən və maşından benzin gətirməyi işçilərinə əmr edən polis mayorunun. Ancaq hüquq-mühafizə orqanları hər vəchlə çalışır ki, olayda polisin adı hallanmasın…

Kiçik sözardı

Bu olay təkcə Qasımbəylini deyil, bütün rayonu vahiməyə salıb. Insan taleyi ilə belə bir oyunun qurulması bərdəliləri dəhşətə gətirib. Bir insanı intihara sövq etməyin, sonra onun yasının, baş daşının hökumət hesabına həll olunmasının bir adı var – cəzasızlıq. Istədiklərini edirlər, sonra beş-on manat xərc çəkib məsələni ört-basdır edirlər. Bax, Bərdə camaatı buna görə vahimə içindədir. Cəza yoxdursa, kim istəsə insanı intihara məcbur edər, sonra da…
Əslində bu işi prokurorluq, hüquq-mühafizə orqanları görməlidir. Ancaq yenə kimsə çıxıb desə ki, belə bir olaydan xəbərim yoxdur, təəccüblənməyin…

Ramin DEKO,
Bakı-Bərdə- Qasımbəyli-Bakı