Qrafika sənətinin bir növü
Azərbaycan incəsənətinin məhsuldar sənət növləri arasında qrafika özünəməxsus yer tutur. Onun dəzgah, kitab, sənaye qrafikası və plakat kimi başlıca növləri əsasən 1920-ci ildən sonra təşəkkül tapmasına baxmayaraq, ötən illər ərzində maraqlı inkişaf yolu keçmişdir. XX əsrin ikinci yarısında isə qrafika sənətinin bütün bu növləri özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdən başlayaraq qrafikanın müxtəlif sahələrində aparılan davamlı axtarışlar səmərəli nəticələr vermiş, yeni-yeni yaradıcılıq nailiyyətləri qazanılmışdır.
Dünyada populyar olan plakat janrı təsviri incəsənətin geniş yayılmış növlərindən biridir. Tarixi orta əsrlərə aid edilən bu janr Avropada, xüsusilə XIX əsrin sonunda Fransada inkişaf etmişdir. Meydana çıxdığı ilk mərhələdə ondan təşviqat, reklam, məlumat məqsədilə istifadə olunub. Reklam işində plakatlar uzun illərdir ki, istifadə olunur. Onun tarixi hələ qədim Roma və Misirdən başlasa da, onun rəsmi doğum tarixi 1482-ci il hesab olunur. Həmin ildə Bartold adlı bir kitab taciri potensial alıcıların diqqətini “Yevklid Həndəsəsinin” yeni nəşrinə cəlb etmək üçün plakatdan istifadə etmişdir. 1477-ci ildə ingilis Uilyam Kekstonun nəşriyyatında ilk çap plakatı hazırlanmışdır.
Müasir plakatın ilkin variantları kimi qraffiti və qravüranı qeyd etmək olar. Qraffiti – antik evlərin divarları üzərində cızılmış və ya boya ilə yazılmış reklam xarakterli mətn və şəkillər idi. Məsələn, Pompeya şəhərində evlərdən birinin üzərində belə bir yazı bu günümüzədək qalmışdır: “Yolçu, burdan on ikinci qülləyəcən get. Orda Sarinusun şərabxanası var. Ora bir dəy. Görüşənədək!”.
Yalnız 1866-cı ildə fransız Jül Şere plakat hazırlanmasının bu gün də fəaliyyət göstərən ilk prinsiplərini müəyyən etdi: şəklin çəlbediciliyi və mətnin qısalığı. Məhz belə təqdim edilmiş informasiya ilk nəzərdən diqqəti cəlb edilir və qəbul edilir.
Ümumiyyətlə, XIX əsrin ikinci yarısı plakat sənətinin böyük inkişafı dövrüdür. Bu zaman avropa ölkələrində bir “plakat partlayışı” baş verdi. Burada da onun liderləri fransız qrafika və rəssamlıq məktəbi olmuşdur. Həmin dövrdə istehsal olunmuş reklam plakatları əsl eksklüzivdir.
Ideoloji vasitə, yoxsa bədii sənət növü
Zaman keçdikcə dəyişikliyə məruz qalan bu sənət növü müəyyən dövrdə maraqlara, ideologiyalara belə xidmət göstərib. Vaxtilə Rusiyada populyar olan plakatdan Sovet hakimiyyəti illərində tam ideoloji məqsədlə istifadə olunub. Bu dövrdə plakatın mahiyyəti daha çox şüarçılıq xarakteri daşıyırdı. Azərbaycanda bu janrın daha çox üzdə olduğu mərhələ də həmin illərə təsadüf edir. Elə bir yer olmazdı ki, ora çağırış dolu plakatlar yapışdırılmasın. Qurultay, simpozium və konfranslardan əvvəl rəssamlar partiyanın rəsmi istəklərini rəsmlərə çevirirdilər.
Respublikamızda plakat rəssamlığı sahəsində ciddi uğur qazanan sənətkarlardan keçən əsrin əvvəllərində fəaliyyət göstərən Ə.Əzimzadənin, I.Axundovun, Q.Xalıqovun və başqalarının adlarını çəkmək olar. Sonrakı illərdə bu istiqamətdə ən böyük uğur qazanan rəssamlar E.Şahtaxtinskaya, H.Nəzərov, O.Sadıqzadə, C.Qasımov, A.Əzizov və başqaları olmuşlar. Ikinci Dünya müharibəsinə qədər tamamilə siyasiləşmiş vəziyyətdə olan Azərbaycan plakatçılığı ancaq partiya rəhbərlərinin məruzə və çıxışlarından seçilən fikirləri əks etdirən rəngli afişalardan ibarət olurdu. Bəzən də həmin fikirlərə uyğun müxtəlif rəsmlər çəkilirdi. Ancaq müharibə başladıqdan sonra plakat janrında yeni bir mərhələ açıldı. Bütün yaradıcılıq sahələrində olduğu kimi, vətənpərvərlik mövzusu, faşizmə nifrət, qələbəyə inam hissləri plakatlarda da əks olundu. O dövr bu plakatların böyük təsiredici qüvvəsi var idi: “Hər şey cəbhə, hər şey qələbə üçün” – sözləri yazılmış plakatlar, demək olar, hər yerdə asılmışdı.
O illərdə plakat janrında yaranan ən maraqlı işlərin qadın müəllifi E.Şahtaxtinskaya sayılırdı: “Elmira Rəssamlıq Institutunun plakat şöbəsini bitirmişdi. O vaxt bu sahəni siyasətlə çox əlaqələndirirdilər. Rəssamlara sifariş edilən plakatlar Sovet hökumətinin ideyalarına xidmət etməliydi. Elmiranın da dövrün tələbiylə çəkdiyi plakatlar var. Bunlar, əsasən, sülh, neft, pambıqçılıq mövzularındadır. Ilk vaxtlar o, daha çox belə əsərlər çəkirdi. Həmin plakatlar Elmiranın yaradıcılığında, bir növ, keçid rolunu oynadı… Elmiraya bütün fəxri adlar verildi. Xalq rəssamı adını məndən əvvəl aldı. Həm ona görə ki, plakat sahəsi o illərdə göz qabağındaydı, Elmira dəfələrlə xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etmişdi, həm də o çox fəal idi…” (Oqtay Sadıqzadə, rəssam).
Tarixən bizə belə bir ideologiya təbliğ edən plakat janrı əslində tam başqa bir mahiyyət kəsb edir. Əslində, bədii plakat rəssamların dediyi kimi, təsviri incəsənətin aforizmi olmalıdır. Plakata baxan hər bir seyrçi rəssamın nə demək istədiyini dərhal anlamalıdır. Bədii plakatda mütləq ideya olmalıdır. Dünyada bu janra həmişə ciddi münasibət göstərilib.
Hədəfi sərrast nişan almaq…
“Bu janr vasitəsilə bütün sahələrdə ideoloji təbliğat və maarifləndirmə işi aparmaq mümkündür. Istər plakat, istərsə də karikaturada rəssam adi insanın görə bilmədiyi hədəfi nişan alır və onu diqqətə çəkir. Görkəmli sənətkarımız Ömər Eldarovun rəhbərliyi ilə ”Müasir Azərbaycan plakatı” adlı kitab-albom çapdan çıxıb. Bu topluda Azərbaycan rəssamlarının ən uğurlu plakatları cəmləşib. Bu gün rəssamlarımız plakat janrında çox maraqlı, yaddaqalan, o cümlədən aktual mövzularda maraqlı əsərlər yaradırlar. (Kirman Abdin-plakatçı rəssam).
Azərbaycandaÿplakat rəssamlığının istedadlı nümayəndələrindən olan Kirman Abdinin işlərinin ən böyük əhəmiyyəti ondadır ki, rəssam Azərbaycanda get-gedə yaddan çıxan, unudulmaqda olan bir janra müraciət edib. Bu janrın, rəssamı şöhrətə doğru aparan ən uzun və əziyyətli yol olmasına rəğmən, Kirmanın özünü məhz bu janrda sınaması bu sənətə sonsuz marağından irəli gəlirb.
Əslində, sovetlərin çöküşündən sonra uzun zaman tənəzzül keçirən bu janrÿ1994-cü ildə Bakı Incəsənət Mərkəzinin “Yunokal-Xəzər-Amerika” neft kompaniyası ilə birgə “Azərbaycan bu gün” devizi altında bədii plakat müsabiqəsini təşkil etməsi ilə canlandı. Müsabiqəni keçirməkdə məqsəd yeni Azərbaycan plakatının formalaşdırılması, milli plakata, plakatçı-rəssamlara himayədarlıq edilməsi idi.
Ümumiyyətlə,ÿbütün dövrlərdə təsviri incəsənətin ən fəal və operativ istiqamətlərindən sayılan bədii plakat da artıq müasir dünyada fəal bir janra çevrilib. Artıq bədii plakatlar bukletlərdə, kataloqlarda, kitab-albomlarda yayılır və uğurla təbliğ olunur. Plakatda rəssam adi insanın görmədiyi hədəfi nişan alır.
Amma son zamanlar Azərbaycanın plakat janrı sahəsində bir süstlük hiss olunur.
Ayrı-ayrı zamanlarda müəyyən müsabiqələr keçirilsə də, bunu plakat sənətinin inkişafı istiqamətində yetərli hesab etmək olmaz. Nəticədə, bu sənətlə məşğul olan rəssamlar həm ehtiyacdan, həm də bu janra tələbatın yetərsizliyindən rəssamlığın başqa istiqamətlərinə üz tutmaq məcburiyyətində qalırlar. Hərçənd onlar düşünürlər ki, plakat janrı ilə cəmiyyətdə həm maarifçilik, həm də mənəvi dəyərlərin qorunması üçün önəmli işlər görmək olar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir