Çox qəribədir. Bizə elə gəlir ki, nə görürüksə, o, əvvəllər olmayıb, yalnız indi təzahür edir. Bu yaxınlarda B.Dizraelinin bir aforizminə rast gəldim. Deyir ki, yalanın üç növü var: yalan, ikrah doğuran yalan və bir də statistika! Qəribə səslənir, deyilmi? Sanki bu gün üçün deyilib. Indi hər gün bir quyu qazır və içinə kağız tullayırlar ki, bəli, burada böyük tikinti olacaq. Bəli, mən adamlar tanıyıram, xüsusən rayonlarda, illərdir ki, bu böyük tikintilərin nə vaxt, necə işə düşəcəyini gözləyirlər. Böyük Dizraelinin sözü mənim yadıma əfsanəvi tikintiləri saldı. Onun başqa deyimi də var: o yerdə ki, daxmalarda xoşbəxt həyat yoxdur, orada saraylar təhlükəsiz yaşaya bilməz!
Gözəl deyilib.
Indi soruşurlar ki, ərəb üsyanlarının Cənubi Qafqaz ölkələrinə təsiri ola bilərmi? Təbii ki, birbaşa, fiziki və maddi təsirdən söhbət gedə bilməz. Amma təsirlər o formada olur ki, ağıllı, praqmatik siyasətçilər oturub düşünürlər, başqa ölkələrdə baş verən proseslərdən nəticə çıxarırlar. Təsir budur! Fəqət, elə ölkələr də var ki, heç bir nəticə çıxarmırlar. Nahaq yerə deyilməyib ki, ağıllı insan özgələrin səhvlərindən öyrənir, ağılsız isə heç özünün səhvlərindən belə, öyrənmir! Təbii ki, siyasətin, politologiyanın qanunları fizikanın, yaxud kimyanın qanunları kimi deyil, onlar insan təcrübəsindən asılı qanunlardır. Amma çoxlu sayda oxşar, eyni bir hadisələrdən müəyyən nəticələrə gəlmək olar. Və bu nəticələr göstərir ki, “xoşbəxt istisnalar” çox az olur. Çox qəribə işləri var bu dünyanın. Sakitlik, sakitlik və birdən fırtına! Özü də fiziki həyat deyilən sferada yox, məhz siyasətdə. Elə maddi və fiziki hadisələrlə bağlı da bunu iddia etmək olar.
Iqlim silahı varmı?
Konspirologiya şüurlara daha tez təsir edir, nəinki soyuq məntiq. Insanlarda sehrə, qeyri-adi şeylərə, magiyaya qarşı bir canatım, cazibə var. Haradasa bir zəlzələ, ya sunami olanda deyirlər ki, bəli, bu, böyük dövlətlərin işidir və bu hadisələri onlar törədirlər. Bilirsiniz, əgər bu hadisələr böyük dövlətlərin əməlidirsə, niyə görə ABŞ-da hər il qasırğa, tornado baş verir, şəhərlər və kəndlər dağılır, insanlar ölür? Hər il ABŞ-da bu hadisələr nəticəsində yüz, bəlkə də daha çox insan dünyasını dəyişir. Yaxud elə Rusiyada baş verən meşə yanğınlarını götürün. Bunu kim törədir? Təbii, mən süni şəkildə, süni yolla tutaq ki, zəlzələ yaratmaq imkanını inkar etmirəm, yəqin, bunu etmək mümkündür. Yağışı yağdırmaq və ya onun yağmasının qarşısını almaq da elə bir çətin iş deyil. Amma bunlar hələ o demək deyil ki, böyük dövlətlər bir araya gələrək haradasa havaları qızdırırlar, yaxud soyudurlar…
Yaponiyada sunami baş verəndən dərhal sonra ABŞ-da tornado oldu və insanlar həlak oldu. Özü də bu, hər il təkrarlanır. Indi nəyə inanaq? Kimi qınayaq? Iqlim silahları haqda fərziyyələrə qapılaqmı?Biri havadan, o biri yerdən…
Bu Liviya hadisələri məni lap üzür. Avropalılar havadan, liviyalılarsa yerdən Qəzzafini vururlar. Amma o qədər muzdlu gətirib ki, hələ duruş gətirə bilir. Həm də Liviyadakı proseslərə bir başqa aspektdən belə yanaşmaq lazımdır.
Orada etirazlar ümummilli miqyas almadı. Düzdür, Qəzzafi ölkəsini vətəndaş müharibəsinə çəkdi. Amma vətəndaş müharibəsi də ümummilli etirazların qarşısını ala bilməzdi. Bilirsiniz, problem nədədir? Musa peyğəmbər qırx il yəhudiləri səhrada dolandırıb ki, rahat Misir həyatı onların yadından çıxsın! Insanlar, xüsusən də sadə insanlar belədir. Onlar öz rahatlıqlarını pozmağa o qədər də meylli olmurlar. Nə etmək olar? Insan da belə yaranıb.
Kiçik sözardı
Mən arabir xəyala qapılıram. Bu mənə ölkədəki pislikləri görməməyə kömək edir. Yerdəki gerçək pisliklərə alışmaqdansa, yaxşı xəyallara qapılmaq daha düzgün deyilmi? Həyatdakı monotonluq, yeknəsəqlik adamı yorur. Bəli, əsl güclü insan öz həyatını maraqlı etməyi bacarmalıdır. Amma bəzən həyat elə üzücü olur ki! Bəzən mənə elə gəlir ki, illərlə tənhalığa qapılar, bu televiziya kanallarını, bu məlumatları eşitmədiyimə görə xoşbəxt olardım! Lakin necə?Mümkünmü?