Dünya ondan danışır, o isə “Azadlıq”a: “Ağladım e…” (VİDEOLAR və FOTOLAR)
İctimai Palatanın 17 aprel aksiyasında “Azadlıq!”, “Istefa!” hayqıran və bununla da bütün dünyanın diqqətini çəkən 5 yaşlı qızcığazı nəhayət, tapdıq. Onu tapmaq üçün çox çalışdıq, bütün kollektivi bu işə səfərbər etdik, əziyyətimiz hədər getmədi. Anası əvvəlcə müsahibəyə razılaşmadı. Lakin israr etdik, müsahibə verməyəcəyi təqdirdə günlərlə qapısının ağzında yatacağımızı bildirdik, baş redaktorun bizi işdən çıxaracağını, işsiz qalacağımızı dedik. Gülə-gülə “yaxşı, mən istəmərəm ki, siz işsiz qalasınız, sonra mənə qarğış edərsiz, lakin uşaq yatıb, ancaq məndən müsahibə götürün və gedin” deyib, müsahibəyə razılaşdı. Biz də hələlik bu şərtlə razılaşdıq və söhbətə başladıq:
Mən dəhşətə gəldim polislərin bu hərəkətindən
– Zəhmət olmasa, özünüzü təqdim edin.
– Gülnar Quluzadə. 1977-ci ildə Sabirabad rayonunda anadan olmuşam. Ailəliyəm. Bir uşağım var. Heç yerdə işləmirəm, evdar qadınam.
– Hansısa siyasi partiyanın üzvünüz?
– Xeyr, heç bir partiyanın üzvü deyiləm və olmamışam. Ümumiyyətlə, siyasətlə maraqlanmıram. Amma hərdən qəzetləri oxuyuram, saytlara baxıram.
– Bakıda yaşayırsınız?
– Xeyr, biz Rusiyada yaşayırıq. Mən qızımla Bakıya qonaq gəlmişəm. Yoldaşımın isə işləri çox olduğundan, gələ bilmədi.
– 17 aprel aksiyasına çıxmışdınız, yoxsa bu təsadüf idi?
– Mən aksiyaya çıxmamışdım. Bazar günü idi uşağı gəzdirməyə çıxarmışdım. Heç həmin gün Bakıda mitinq olacağından xəbərim yox idi. “Sahil” tərəfə gələndə gördüm ki, yollar bağlıdır. Yolu keçəndə birdən qızım Məryəm “Azadlıq!”, “Istefa!” qışqırmağa başladı. Televiziyadan görüb bunu. Evdə də bir də görürsən, hərdən “Azadlıq!” qışqırır. Bu zaman polislər üstümüzə gəldi, bizimlə kobud rəftar etdilər. Bu hamının gözü qarşısında baş verdi. Mən polislərə dedim axı, nə olub, nə baş verib? Üstümə qışqırdılar ki, səsini kəs, keç get burdan.
– Siz də həmin vaxt şüar səsləndirdiniz…
– Bəli, mən polislərin hərəkətinə əsəbiləşdim. Axı bu uşaqdır. Indi “Azadlıq!” qışqırmaqla, dünya dağılmayıb ki. Ona görə də hirslənib mən də şüar səsləndirdim.
– Deməli, gözləmirdiniz ki, polislər 5 yaşlı qızınızın şüar səsləndirməsinə aqressiv reaksiya verər…
– Əlbəttə, gözləmirdim. Bu uşaqdır axı. Məgər onun şüar səsləndirməsi bu qədər dəhşətli hadisədir?! Bir də ki, hər yerdə deyirlər Azərbaycanda demokratiya var. Əgər demokratiya varsa, 5 yaşlı uşağın şüar səsləndirməsinə niyə belə reaksiya verirlər? Açığı, mən dəhşətə gəldim polislərin bu hərəkətindən. Uşaq da qorxdu, ağladı.
Nə üçün 5 yaşlı qızın şüar səsləndirməsindən qorxdular?
– Aksiyada saxlanılandan sonra polis sizi hara apardı?
– Bizi maşından düşürüb avtobusa mindirdilər. Sonra nəsə bir idarənin həyətinə saldılar. Dedilər aksiyada nə işin var? Biz bilirik, sizə 50 manat pul veriblər. Mən də “kaşerok”umu açıb göstərdim ki, baxın, 15 manat pulum var. Bundan başqa, məgər mən aksiyaya çıxmışam ki, mənə pul versinlər?! Sonra haralı olduğumu soruşdular. Bir polis də mən suala cavab verməmiş dedi ki, haralı olacaq, əlbəttə sabirabadlı. Mən qorxdum, sabirabadlı olduğumu demədim. Orada bir adamı gətirirdilər, ona deyirdilər bu haralıdır. Bir mülki geyimli şəxs isə mənə dedi ki, get evdə bozbaşını bişir, sənin aksiyada nə işin var. Sonra yolda bizi düşürdülər. Bu hadisə məni çox sarsıtdı. Mən inanmazdım ki, 5 yaşlı uşağın şüar səsləndirməsinə görə, belə şeylər baş verər.
– 17 aprel aksiyasından sonra bütün dünya məhz bu hadisədən danışır…
– Xəbərim var. Qəzetlərdən oxumuşam.
– Qızınız kütləvi aksiyaların simvoluna çevrilib. Hansı hissləri keçirirsiniz?
– Vallah, mən burada qeyri-adi heç nə görmürəm. Sadəcə polislər belə etməməli idi. Mənə hələ də aydın deyil ki, nə üçün bunlar 5 yaşlı qızın şüar səsləndirməsindən qorxdular? Uşağımı da qorxutdular. Uşağımın səhhətində problem var, tez-tez sudurqa tutur. Bundan əlavə, bətnimdə daha bir uşaq gəzdirirəm. Və mən də bu hadisədən sarsıntı keçirdim. Əgər orada qızıma, həmçinin bətnimdəki uşağa bir şey olsaydı, buna necə cavab verəcəkdilər?!
Həyatda qadına şər atmaq qədər iyrənc bir şey ola bilməz
– Sizə bununla bağlı hər hansı təzyiqlər olubmu?
– Xeyr, hələ ki, heç bir təzyiq yoxdur. Doğrudur, Nəsimi polisindən gəlib məni axtarıblar. Bacımın evinə gedib soruşublar. Amma deməyiblər niyə axtarırlar. Mən özümdən arxayınam, heç bir cinayətim yoxdur. Oturmuşam evimdə.
– Qəzetlərdən biri yazıb ki, siz barda işləyirsiniz…
– Bu, böhtandır. Özü də çox iyrənc böhtandır. O məqaləni yazanların halına acıyıram. Həyatda qadına şər atmaq qədər iyrənc bir şey ola bilməz. Görün, bu adamlar nə qədər şəxsiyyətsizdilər ki, heç bir təqsiri olmayan bir qadına şər atırlar. Bunu bir qadının dediklərinə əsasən yazıblar. Sonradan qəzetlərdən oxudum ki, bu qadın vaxtilə insan alverinə görə həbs edilib. Görün, bunlar kimlərin sözlərinə inanırlar, kimlərin sözü ilə məqalə yazırlar.
– Həyat yoldaşınızın baş verənlərdən xəbəri varmı?
– Bəli var. Hadisə günü telefonla zəng edib demişdim ona. Mənim yoldaşım Rusiya vətəndaşıdır. O, mənə dedi ki, əgər sənə hansısa təzyiqlər olsa səfirliklərə müraciət edəcəm.
– Dediniz ki, Bakıya qonaq gəlmisiniz. Maraqlıdır, bu hadisədən sonra Azərbaycanı tərk etməmisiniz…
– Niyə tərk etməliyəm axı?! Neçə ildir qərib ölkədəyəm. Gəlmişəm ki, qohum-əqrabanı görüm, bir qədər Vətəndə yaşayım. Həm də yoldaşım gəlməlidir, bizi aparmağa.
– Sonda nə demək istərdiniz?
– Demək istəyirəm ki, bu hadisə mənim həyatımda əbədi iz buraxdı. Hər dəfə mitinq sözü eşidəndə həmin gün gözümün qabağına gəlir. Uşaq da neçə gündür səksəkə içindədir. Mən hərdən fikirləşirəm ki, gör, hər gün mitinqə çıxanlar nə çəkirlər. O insanlar mənə qeyri-adi görünür. Mən də o cür olmaq istərdim…
Adamlar qışqırır, polislər də onları döyür, buna mitinq deyirlər
Gülnar Quluzadə ilə müsahibəni bitirəndən sonra 5 yaşlı qızı ilə də söhbətləşmək üçün razılıq istədik. “Axı mən sizinlə şərt kəsdim, bir də ki, o uşaqdı, nə danışacaq axı” deyib, razılaşmadı. Növbəti dəfə Qənimət Zahiddən qəddar, amansız bir baş redaktor obrazı yaratmağa məcbur olduq. Gülnar xanımı bir qədər kövrəltdikdən sonra 5 yaşlı qızcığazla müsahibəyə razı sala bildik. Bir-iki sual vermək şərtilə.
Beləliklə, İctimai Palatanın 17 aprel aksiyasında “Azadlıq!” və “İstefa!” hayqırtısı ilə bütün dünyanın diqqətini çəkən 5 yaşlı qızcığazı dinləyin.
– Adın nədir?
– Məryəm.
– Neçə yaşın var?
– Beş…
– Mitinq bilirsən nədir?
– Televizorda görmüşəm, adamlar çıxıb qışqırır, polislər də onları döyür. Buna mitinq deyirlər, düzdü?
– Hə, bizim mitinqlər belə olur…
– Mən də qışqırmışam e… mitinqdə, keçən dəfə anamla lahmacun yeməyə gedəndə. Qışqırdım “Azadlıq!”, “Istefa!”, sonra polislər anamın qolunu tutdu. Mənim də qolumdan tutub, yuxarı qaldırdılar.
– Qorxdun?
– Hə, ağladım e… Bizi polis maşınına saldılar, uzaqlara apardılar…
– Bəs sən televizorda görmüsən axı, polislər mitinqdə qışqıran adamları döyür, niyə qışqırırdın?
– Qışqırdım da. Polislər yekə kişiləri tuturlar axı. Amma məni də tutdular. “Azadlıq!”, “İstefa!” söyüşdü?
– Yox.
– Bəs onda niyə polislər məni tutdu?..
Balaca Məryəmin bu sualını biz cavablandırsaq, qərəzli olmaqda ittiham edilərik. Ona görə də sualı cavablandırmağı daxili işlər naziri Ramil Usubovun öhdəsinə buraxırıq.
Vidadi Məmmədov,
Ramin DEKO