Prokuror oğlunun adı qətl işində hallandırılır

Balakəndə baş verən ağır cinayət hadisəsilə bağlı müəmmalar

“Əsgərlikdən yenicə gələn oğlumu xüsusi amansızlıqla qətlə yetirib, qanını batırmaq istəyirlər”. Bu sözləri Balakən rayonu Qazma kənd sakini Əsildar Şabanov redaksiyamıza ünvanladığı müraciətdə yazıb. Əsildar Şabanovun sözlərinə görə, oğlu Laçın Şabanov 2010-cu il oktyabrın 26-da qətlə yetirilib:
“Həmin gün oğlum Balakəndə fəaliyyət göstərən ”Nərmin” şadlıq sarayında toy məclisində olub. Toyda Nurlan Qunduzov adlı şəxslə oğlum arasında mübahisə yaranıb. Nurlan mübahisəni davam etdirmək üçün Laçını bayıra çıxarıb. Oğlum Nurlanın əlində bıçaq gördükdə özünü müdafiə məqsədilə həmin şəxsə başla zərbə endirib və qarşı tərəf yerə yıxılıb. Bundan sonra oğlum zala qayıdıb. Bir qədər keçdikdən sonra Nurlan Laçını aldadaraq yenidən bayıra çağırtdırıb və yaxınlıqdakı məktəbin həyətinə aparıb. Orada isə oğlum xüsusi amansızlıqla qətlə yetirilib. Laçının bədəninin ön nahiyəsindən, kəmərdən yuxarı 14 bıçaq zərbəsi endirilib. Həmçinin üz nahiyəsinə də 5-6 bıçaq vurulub. Bıçaq yaralarından 2-si Laçının ürəyinə və qara ciyərinə dəyib”.
Əsildar Şabanov yazır ki, oğlunun bədənində aşkar edilən bıçaq yaralarının xarakteri onu göstərir ki, Laçın Şabanovu təkcə Nurlan Qunduzov deyil, bir neçə nəfər qətlə yetirib: “Bıçaq zərbələri oğlumun bədəninin ön nahiyəsinə endirilib. Deməli, bir neçə nəfər Laçının qollarından tutub, digərləri ona bıçaq zərbələri endiriblər. Həmçinin Laçının üz nahiyəsinə dəyən bıçaq zərbələrindən hiss olunur ki, oğlum müqavimət göstərməyə çalışıb, başını zərbələrdən qaçırıb, nəticədə bıçaq sağ və sol tərəfdən qulaq hissəsinə dəyib. Mən oğlumun təkcə Nurlan Qunduzov tərəfindən qətlə yetirilməsinə həm də ona görə şübhə ilə yanaşıram ki, Laçın hündürboylu, idmançı görkəmli olub. Nurlan onun yanında çox cılızdır. Əgər bu adam mənim oğlumu təkbaşına öldürsəydi, elə ilk dəfə bayıra çağıranda bunu edə bilərdi”.
Əsildar Şabanov bildirir ki, Nurlan Qunduzov Balakəndə tanınmış dələduz və narkotik aludəçisidir: “Həmişə onun ətrafında özü kimi adamlar olur. Nurlan və onun dəstəsi dəfələrlə rayonun müxtəlif yerlərində dava salıblar, lakin cəzasız qalıblar”.
Şikayətçinin sözlərinə görə, Laçın Şabanovun qətli ilə əlaqədar ilk andan rayon prokuroru Vəli Əhmədov və onun köməkçisi Akif Şıxıyev özlərini Nurlanın vəkili kimi aparıblar: “Nurlanın guya psixi sarsıntı keçirdiyini əsas gətirib, onu ruhi xəstəxanaya yerləşdiriblər. Halbuki Nurlan Qunduzov psixi cəhətdən tam sağlamdır. Cinayətin digər iştirakçıları həbs olunmayıb. Bir neçəsi yalnız şahid qismində dindirilib. Konkret olaraq Fikrət Ibrahimov adlı şəxs cinayətdə iştirakçı olmasına baxmayaraq, ondan şahid kimi istintaqa sərf edən formada istifadə olunub.
Bütün rayonda danışılır ki, prokurora bu işi ört-basdır etmək üçün 70-80 min manat civarında rüşvət verilib. Hətta prokurorun oğlunun da bu cinayətdə iştirakçı olması barədə söhbətlər gəzir. Görünür, elə bu səbəbdəndir ki, rayon prokurorluğu bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla törədilmiş qətl hadisəsini, sıradan bir cinayət olayı kimi qələmə verib. Korrupsiya ilə mübarizə getdiyi bir vaxtda rayon prokuroru Vəli Əhmədov çəkinmədən ağır cinayətin istintaqını saxtalaşdıraraq özünə sərf edən formada yekunlaşdırıb”.
Əsildar Şabanov sonda dövlət başçısı Ilham Əliyevə və müvafiq qurumlara müraciət edərək bu cinayət hadisəsi ilə bağlı istintaqın ədalətli aparılmasının təmin olunmasını xahiş edir.

Seyid