Aktiv gənclər təşkilatlarının təmsilçiləri dövlət başçısının gənclərlə görüşünə münasibət bildirib
Ötən gün dövlət başçısı Ilham Əliyev bir qrup gənclə görüşüb. Amma gənclərin görüşü də I.Əliyevin əyalətlərdə “zəhmətkeşlərlə” keçirdiyi görüşdən fərqlənməyib. Budəfəki görüşə də əvvəlcədən seçilmiş şəxslər buraxılıb. Real problemləri qaldıra biləcək, hakimiyyətin yürütdüyü siyasətdən narazı olanlar isə görüşdən kənarda qalıblar. Dövlət başçısı ilə görüşdə iştirak edən gənclərin tərkibinə fikir verərkən aydın görünür ki, hazırda gəncliyin əksəriyyətini düşündürən problemlər onlardan uzaqdır. Bəs görəsən cəmiyyətdə kifayət qədər aktiv olan gənclər təşkilatlarının təmsilçiləri necə, həmin görüşə qatılsaydılar, hansı məsələləri müzakirəyə təqdim edərdilər?
Əbülfəz Qurbanlı: “Gəncləri narahat edən problemlər Ilham Əliyevin hakimiyyəti dövründə daha da kəskinləşib”
AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı bildirdi ki, ona hətta dəvət gəlsəydi belə dövlət başçısının keçirdiyi görüşə qatılmazdı. Həmin müşavirədə I.Əliyevin uzun müddət inkar etdiyi gənclərlə bağlı problemləri etiraf etdiyini deyən Ə.Qurbanlı vurğuladı ki, bu fakt özü göstərir ki, məhz hazırkı gəncləri narahat edən problemlər I.Əliyevin hakimiyyəti dövründə daha da kəskinləşib: “Bu müşavirədə səslənən fikirlərdə qeyri-səmimilik, imitasiya açıq şəkildə hiss olunur. Hakimiyyətin indiyə qədər gənclərlə bağlı elan etdiyi siyasət iflasa uğrayıb. Bu tipli görüşdə əsas qaldırılmalı olan məsələ gənclərin əksəriyyətini narahat edən sosial problemlərdir. Bundan başqa, siyasi mənsubiyyətinə görə gənclərin təqib olunmasına da toxunulmalıdır. Hazırda neçə gənc siyasi mənsubiyyətinə görə həbsdədir”.
Səxavət Soltanlı: “Insan hüquqları, siyasi əqidəsinə görə gənclərin təqib olunması və təhsildəki rüşvət məsələlərinə toxunulmalı idi”
Müsavatın Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı da bildirdi ki, onların da təşkilatlarının təmsilçisinin dövlət başçısının yanındakı tədbirə qatılması real deyil. Bu görüşdə əsas müzakirə olunmalı məsələlərə gəlincə, S.Soltanlı vurğuladı ki, onlar əsasən insan hüquqları, siyasi əqidəsinə görə gənclərin təqib olunması və təhsildəki rüşvətdir: “Korrupsiyaya qarşı hazırda elan olunan mübarizənin real olmadığı bildirilməli idi. Bəyan olunmalı idi ki, bu gənclərin təhsil, siyasi hüquqları pozulur. Konkret narazı fikirlər söyləməyən gənclər bu görüşə buraxılıb. Belə tərkibdə keçirilən görüşlər isə effektiv ola bilməz”.
Ülvi Həsənli: “Hazırda gənclərin siyasi əqidəsinə görə təqib olunması ifrat həddə çatıb”
“Azad Gənclik” Təşkilatının sədri Ülvi Həsənli də hesab edir ki, hazırda gənclərin siyasi əqidəsinə görə təqib olunması ifrat həddə çatıb. Təhsildəki rüşvətin də gənclərin bugünkü inkişafına neqativ təsir etdiyini deyən Ü.Həsənli vurğuladı ki, bütün bu məsələlərin mövcudluğu müşavirədə heç səslənməyib. Ü.Həsənlinin fikrincə, bu cür yanaşma hakimiyyətin gənclər siyasətinin bariz nümunəsidir.
Xəyal