Barak Obama Suriya prezidentini İrandan yardım almaqda suçladı
Suriyada Bəşər Əsəd rejimi “Azadlıq” tələbiylə küçələrə axışan və iqtidar əleyhinə aksiyalara qatılan xalqa qarşı qətliamı davam etdirir. Ötən gün aprelin 22-də Suriyanın müxtəlif şəhərləridə baş tutmuş etiraz aksiyalarına hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində həyatını itirənlərin dəfn mərasimi keçirilib. Suriya hökuməti yüz mindən artıq suriyalının qatıldığı mərasimə də sərt müdaxilə edib. Polis və əsgərlərin iştirakçılara atəş açması nəticəsində 20-dən artıq insan həlak olub, onlarla yaralananlar var.
Əsəd hakimiyyətinə qarşı etirazlara 100 mindən artıq insanın qatıldığı Dəraa vilayətindən 30 km cənubda yerləşən Əzraa şəhərində keçirilən dəfn mərasiminə hökumət qüvvələrinin sərt müdaxiləsi 19 insanın həyatına son qoyub.
Paytaxt Dəməşqdə eyni xarakterli mərasimə də polis odlu silahdan atəş açıb. Şahidlərin sözlərinə görə, Dəməşqin Boğaz bölgəsində keçirilən dəfn mərasiminə hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində 9 nəfər ölüb.
ABŞ prezidenti Barak Obama cümə günü keçirilən etiraz aksiyalarına hökumət qüvvələrinin müdaxiləsinə və nümayişçilərin qətlə yetirilməsinə görə Bəşər Əsəd hakimiyyətini sərt tənqid edib. Ağ ev rəhbəri Suriya iqtidarını insanların sərbəst toplaşmaq hüququnu tanımağa və aksiyaçılara qarşı zorakılığı dərhal dayandırmağı tələb edib. Obama Bəşər Əsədi xalqa təzyiq tətbiq etmək üçün İrandan yardım almaqda günahlandırıb.
Onun sözlərinə görə, son hadisələr Suriya hakimiyyətinin ölkədə davam edən 48 illik fövqəladə rejimi aradan qaldırmaq və dinc aksiyalara icazə verilmək istiqamətindəki addımlarının ciddi olmadığını göstərdi.
“Suriyada etirazların başlamasından bu yana keçən iki ay ərzində ABŞ dəfələrlə Bəşər Əsəd iqtidarını köklü islahatlar həyata keçirməyə çağırdı. Ancaq onlar Suriya xalqının hüquqlarına hörmət göstərməyi, tələblərinə cavab verməyi rədd etdi. Suriya xalqı dünyadakı bütün fərdlərin haqqı olan ifadə və sərbəst toplaşmaq azadlığı, azad seçim etmək hüququnu tələb edir. Prezident və Suriya iqtidarı xalqın tələblərini rədd edərək zorakılıq yolunu tutdu”, -deyə Barak Obama bildirib.
Hökumət qüvvələrinin etirazçılara sərt müdaxiləsi Suriya iqtidari daxilində də parçalanma yaradıb. Dünən ölkə parlamentinin hakimiyyətyönlü üzvlərindən ikisi istefa verdiklərini bildirib. Xəlil əl Rifai və Döyənək əl Həriri zorakılıqlara sərt münasibət bildirirək hakimiyyəti ölkədəki gərginliyi artırmamağa çağırıb.
İnformasiya şöbəsi