Razi Nurullayev: «Azərbaycanda siyasi hüquq və azadlıqların qorunması üçün beynəlxalq təşkilatlar öz sözlərini deyəcək»
Məlum olduğu kimi, Ingiltərənin nüfuzlu “The Guardian” qəzeti “Azərbaycanda demokratiya tapdalanır” başlıqlı məqalə dərc edib. Məqalənin müəllifi isə bir neçə beynəlxalq təşkilatın rəhbəridir. Bunlar “Amnesty International” beynəlxalq insan haqları təşkilatının direktoru Keyt Allen, Məhbus Jurnalistlər Birliyinin rəhbəri Salil Tripati, “Article 19″ təşkilatının başçısı Ann Kallamar, tanınmış hüquq müdafiəçisi Nataşa Şmidt və Media Müxtəlifliyi Institutunun direktoru Milik Pezkidir. Yazıda Azərbaycan hakimiyyətinin demokratik prinsiplərə qarşı çıxdığı qeyd edilir.
Bu vaxta qədər dünyanın bir neçə nüfuzlu mətbu orqanları Azərbaycandakı vəziyyəti əks etdirən yazılar dərc edib. Lakin ilk dəfə olaraq müəllif kimi bir neçə nüfuzlu təşkilatın rəhbəri çıxış edib. Bu nədən xəbər verir və analoji yazılar Azərbaycan iqtidarına nə vəd edir?
Politoloq Razi Nurullayev son zamanlar beynəlxalq təşkilatların Azərbaycanla bağlı mövqeyinin sərtləşdiyini deyir. Artıq bu qurumlar ölkədəki demokratik qüvvələrə kömək etmək üçün fəaliyyət göstərir: “2010-cu ildə Azərbaycan üçün 10 təşkilat Beynəlxalq Tərəfdaşlıq Şurası yaratdı. Onlar Azərbaycana da səfər etdilər. Bu, əsasən media və siyasi azadlıqlar uğrunda bir hərəkat idi. Indi ora daha on təşkilat qoşulub. Bu təşkilatlar Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün daha qəti addımların atılmasını istəyir”.
Ekspertin fikrincə, digər beynəlxalq təşkilatların da bu şuraya qoşulacağı gözlənilir. Bu ona işarədir ki, artıq beynəlxalq aləm Azərbaycanla bağlı ciddi fəaliyyətə keçib və praktik addımlar atılır.
Ekspert Azərbaycanda siyasi hüquq və azadlıqların qorunması üçün beynəlxalq təşkilatların öz sözlərini deyəcəyini də qeyd etdi. “The Guardian”da dərc edilən məqalə isə Azərbaycan hakimiyyətinə bir ismarıc kimi dəyərləndirilməlidir.
R.Nurullayev belə yazıların və ciddi addımların davamlı olacağını da vurğuladı.
Fizzə