Milli Azadlıq Hərəkatının və AXC-nin mübariz veteranı Məşədi Vaqifin 70 yaşı tamam oldu
«Bir də baxdım ki, Xalq Cəbhəsinin rəhbərlərindən biriyəm»
Milli Azadlıq Hərəkatının fəallarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olan Məşədi Vaqif Pənahovu mübarizə meydanında tanımayan yoxdur. Vaqif bəy ömrünün 70 ilini geridə qoyub və bu illərin böyük bir qismi haqq-ədalət uğrunda mübarizəyə sərf olunub. Onunla söhbətimizdə keçdiyi ağır, eyni zamanda şərəfli həyat yoluna işıq salmağa çalışdıq.
– 70 yaşında özünüzü necə hiss edirsiniz, Vaqif bəy?
– Hərdən deyirlər ki, cavan görünürsən. Cavab verirəm ki, gənclərlə, qeyrətli, mübariz oğullarla bir cərgədə olmağım öz işini görür. Dini tərəfdən götürəndə də, haqqı deyən, zalımın yox, məzlumun yanında olanlara Allah da imkan verir. Onları nurla işıqlandırır ki, öz missiyalarını başa çatdıra bilsinlər.
– Mübarizə ilə, ağrılı və çətin günlərlə dolu enişli-yoxuşlu bir yol keçmisiniz. Illər sizin mübarizə əzminizi qıra bilməyib. Heç, belə keşməkeşli bir həyat yolu seçdiyiniz üçün daxilən peşmanlıq hissi keçirmisiniz?
– Tövbə, əttövbə! Mübariz olmaq elə bil ki, mənim alnıma yazılıb. Balaca uşaq idim, hələ heç məktəbə də getmirdim. Qonşuluqdakı uşaq birdən anasının qabağını kəsib qənd-çörək istədi. Anası da hirslə dedi ki, aşı-bozbaşı elə indi yediniz ki! Mənə təəccüblü gəldi ki, aş-bozbaş yeyəsən, amma ananın qabağını kəsib ondan qənd-çörək istəyəsən. Xəlvətə salıb uşağı döydüm. Ağlım kəsəndən sonra bilmişəm ki, aş-bozbaş nə gəzirmiş, qonşu qadın o sözü elə belə deyirmiş. Biz bu yeməkləri bayramdan-bayrama yeyərdik. Müharibənin ağrılı-acılı illəri idi. Məndə haqsızlığa qarşı çıxmaq uşaqlıqdan olub. Allah məni də belə yaradıb. Hərbi xidməti Özbəkistanda çəkmişdim. Hərbi hissənin komandiri mənə azərbaycanlıların başçısı deyirdi. Dava-dalaş olanda uşaqlarımızı müdafiə edirdim. Siyasi müavin var idi – mayor, onunla həmişə mübahisə edirdim. Deyirdim ki, mən sizin sovet sisteminizi qəbul etmirəm. Babamı bu rejim güllələyib, zavod-fabrikini, var-dövlətini əlindən alıb. Həftənin birinci günləri siyasi dərs olurdu. O içəri girəndə birinci məni xəbər alırdı. Burdayam deyəndən sonra qovluğunu açıb başlayırdı mənlə mübahisəyə. Bir dəfə yenə mənim adımı çəkib, ardından da deyib ki, “vicdansız, biz burada siyasətlə məşğul oluruq, o orada yatır”. Yaxınlaşıb dedim ki, əvvəla yatmamışam, ikincisi də vicdansız özünsən, mən sənin kimi, əsgərlərin “payokunu” oğurlamamışam. Ikincisi, sizin siyasətiniz işğalçı siyasətdir. Buna görə məni həbs edib on sutka verdilər. Mən bu söhbəti rəhmətlik Elçibəyə də danışmışam. Demişəm, bəy, sən 74-də dissident olmusan, mən 60-da olacaqdım.
– Bəs, Azərbaycan Xalq Cəbhəsi ilə yollarınız necə birləşdi?
– 88-ci ildə bəylər meydana çıxdılar. Universitetdən də ilk dəfə Əli bəy “Azadlıq” meydanına çıxmışdı. Azərbaycan bayrağı ilə. O vaxt tanışlığımız yox idi. Işlədiyim yerdə hərbiçilərin sexləri var idi, stol-stul düzəldirdilər. Mən də artıq qalan taxtaları maşınıma yığıb meydana gətirirdim. Havalar soyuq idi, o taxtaları yandırırdıq ki, camaat qızınsın. Bir də baxdım ki, mübarizənin içindəyəm, Xalq Cəbhəsinin rəhbərlərindən biriyəm. 90-cı ildə Ali Məclisin Rəyasət Heyətinin üzvü oldum. O zaman 7 nəfər idik. Rəhmətlik Əbülfəz bəylə çox yaxın münasibətlərimiz var idi. Hərdən mənə gileylənirdi ki, “gəlib deyirlər ki, a bəy, filan işi görək?”. Deyirdi ki, vuran oğul dayısına baxmaz. Məni ona görə xoşlayırdı ki, cəbhənin qərarı olmadan Ali Soveti mühasirəyə alırdım, qərar olmadan Bərşadlını kabinetindən götürürdük. “Ordu haqqında” qanun qəbul olunmuşdu, amma ordu məsələsi mübahisəli idi. Ayaz Mütəllibov Moskvanın təkidi ilə prezident qvardiyası yaratmaq istəyirdi. Qvardiyanın da statusu ancaq yüngül silahlar idi. Amma biz tələb edirdik ki, ordu yaransın. Hələ 88-ci ildə camaatdan ov tüfənglərini yığanda Abşeron rayonunda yeganə mən vermədim silahı. Dedim, vermirəm, bizi bəla gözləyir. Xalqın silahını nə vaxt yığırlar, ona təcavüz etmək istəyəndə. Ali Sovetə girib demişdim ki, kişi olun, ordu haqqında qanun qəbul edin. Rəhmətlik Ismət Qayıbov demişdi ki, yaxşı danışdın ağsaqqal. Dedim, bu hələ mənim yaxşı sözümdür. Düşmən dişinə qədər silahlanıb üstümüzə gəlir, siz ov tüfəngini də yığmısınız.
– Əbülfəz Elçibəylə yaxın münasibətləriniz olub. Maraqlı xatirələrinizdən danışa bilərsinizmi?
– Əbülfəz bəy heç vaxt məndən önə keçmirdi. Əsəbiləşib deyirdim ki, yaşda məndən böyük, vəzifədə böyük, özün də alim adam, belə olmaz da, mən utanıram. Deyirdi ki, yox, sən məşədisən. Bir dəfə Heydər Əliyevdən söhbət düşdü. Dedim, sən Allah onun adını çəkmə, biz bakılılar onu sevmirik. O, bizə çox zülmlər verib. Ikimərtəbə tikməyə qoymayıb, gülümüzü bazara çıxara bilmirdik. Aparıb Rusiya bazarında erməniyə verirdik. Nədi-nədi, Heydər Əliyev göstəriş vermişdi ki, kənd təsərrüfatı məhsulları, bir də güllər dövlətə keçməlidir. Biz zəhmət çəkib əkirdik, erməni əkməyə-əkməyə bazarda satırdı. Bax belə zülmlər çəkmişik.
Hakimiyyətdən gedəndən sonra da əlimə pul düşən kimi gedirdim Kələkiyə bəyi görməyə. Oturub dərdləşirdik.
– Daha bir tanınmış liderlə – çeçen milli azadlıq hərəkatının rəhbəri olan Cövhər Dudayevlə də çox yaxın münasibətləriniz olub. Hətta Çeçenistana gedib oradakı nümayişlərdə çıxışlar da etmisiniz…
– Noyabrın 4-də onlar müstəqilliklərini elan etdilər. 8-də fövqəladə vəziyyət elan olundu. 9-da da biz Bakı kəndləri qərara gəldik ki, yığışıb gedək çeçenlərə köməyə. Bir gün sonra üçrəngli bayrağımızı Ali Sovetin qarşısına asdıq. Çeçenin, inquşun bayrağı oldu, üçüncü bayraq bizimki oldu. Ağsaqqalardan tutmuş, qadınlara qədər hər kəs meydanda idi. Meydan coşdu, yallı getməyə, oxumağa başladılar. Tərcüməçi tapdım ki, rusca yox, Azərbaycan dilində danışım ki, haradan gəldiyimizi bilsinlər. Gördüm, ürəyimcə tərcümə etmir. Dedim, icazə verin, düşmənimizin dilində danışım, çünki ancaq bu dildə bir-birimizi başa düşürük. Gurultulu alqış qopdu. Çıxışımda dedim ki, çeçenlərin azadlığı elə bizim azadlığımızdır, gəlmişik haqq işinizdə sizə kömək eləyək. Ona qədər bizim Çeçenistandan keçən vaqonlarımızı soyurdular, incidirdilər. Biz gedib-gələndən sonra münasibət dəyişdi. Ərazidən keçən sürücülərdən xəbər alanda ki, münasibət necədir? Dedilər, bilmirik, nə möcüzə baş verib, əvvəl dərimizi soyurdular, indi deyirlər benzininiz yoxdur benzin verək, siz elə bizim qardaşımızsınız. Sonra Ağdərə döyüşlərində onlardan döyüşçülər gəlmişdi. Yaxşı da vuruşurdular.
– AXC hakimiyyəti dövründə çox qısa müddətə Abşeron rayonunda icra başçısının müavini olmusunuz. Amma bu qısa müddətli vəzifə sizə bugünə qədər davam edən böyük hörmət qazandırıb. Günümüzdə isə icra başçıları, müavinləri camaatın rəğbətini heç on il vəzifədə qalmaqla qazana bilmirlər.
– Ilk növbədə düz, təmiz, rüşvətdən uzaq olmalısan. Mənim heç ali təhsilim də yoxdur. Amma bəy mənə o boyda vəzifəni etibar etmişdi. Mən bu etibarı və etimadı doğrultmalı idim. Biz xalqa xidməti özümüzə şərəf bilirdik. Inanırsınız ki, mən şəhid oğullarımıza görə elə yanırdım ki, ölənin ailəsi mənə təsəlli verirdi. Balam kimi ağlamışam o şəhidə. Abşeron rayonunda qeydiyyatda 7 min qaçqın var idi. Fransızlar yardım göndərmişdilər. Cəbhəçi Akif bəyə tapşırdım ki, sən paylayacaqsan. Bir neçə gündən sonra soruşdum ki, hamıya çatdı. Dedi çatdı nədi, artıq qaldı. Soruşdum bəlkə yaddan çıxan olar? Başa düşdüm ki, qaçqınların sayı 7 min deyilmiş. Səsimi də çıxara bilmirəm ki, beynəlxalq aləm qarşısında rüsvay olarıq. Dedim, bir dəfə də paylasan, çatar, dedi ki, çatar. Məlum oldu ki, heç 3500 qaçqın yox imiş. Çünki yenə artıq qalmışdı. Bazara da tapşırmışam ki, bunlardan kimin qabağında görsəniz, gətirin yanıma. Bir qadını gətirdilər, o da and içdi ki, qaçqın özü xahiş edib, onun üçün satır. Dedim, bir də belə şey eləmə. Sonra yaralıların ailəsinə payladıq, güc-bəla ilə qurtardıq.
Elçibəy deyirdi ki, xalqın rəğbətini özünüzü reklamla yox, sadiqliyinizlə qazanın. Mənim müəllimim Elçibəy olub. O cür dahi insan. Ola bilərdimi ki, onun mənə etibar etdiyi vəzifəni alverə çevirim? Xalqı unudub özümə, balalarıma güzaran düzəldəm? Mən elə tərbiyə almamışdım.
– Siz mübarizə meydanına atılanda Əli Kərimli olduqca fəal bir gənc idi. Indi isə sizin də təmsil olunduğunuz partiyanın lideri. Əli bəylə münasibətləriniz necədir?
– Əli bəy Əbülfəz Elçibəyin ən layiqli davamçısıdır. Ondan yuxarısı yoxdur. Çox savadlı, mədəni, ağıllı insandır. Əli bəy bu qədər dəyərli insandır. Allah ona hər şey verib. Bir kəsir yoxdur. Onda eyib tapmayanda öz eyiblərini Əli bəyin üstünə atırlar. Elçibəy Əli bəyə dövlət katibliyini təklif edəndə cavabı belə oldu ki, mənə bir gün vaxt verin. Bəy də ona dedi ki, mən sənə belə bir vəzifə verirəm, sən məndən vaxt istəyirsən. O da bizdən məsləhət almayınca qərar verməzdi. Elə indinin özündə də belədir. Rəyasət Heyəti yığışdıq, bizə dedi ki, 28 yaşım var, mənə belə bir vəzifə təklif edirlər, siz nə deyirsiz? Birinci mən dilləndim. Dedim, Əli bəy, yaşa qalsaydı, mənə təklif edərdilər. Sən bu işin öhdəsindən layiqincə gələrsən. O ki qaldı sənin cavanlığına, onun arxasında biz dururuq. Əli bəy prezidentliyə layiq bir oğuldur. Bu gün özlərinə yaraşan hərəkətlər edib onu qaralamağa çalışırlar. Amma özləri də bilirlər ki, bu, baş tutan söhbət deyil.
– Indi bir çoxları yaş ötdükcə “siyasət mənlik deyil” deyib, mübarizədən uzaqlaşırlar. Veteran cəbhəçi kimi, siz necə düşünürsüz və gənclərə nə tövsiyə edirsiniz?
– Bir deyim var, deyir, uşaqlıqda elə qan ki, cavanlıqda sözün olsun, cavanlıqda elə yan ki, qocalanda közün olsun.
Bir vaxtlar yaxşı pul qazanırdıq. Həyətimizdə iki parnikimiz vardı, qapımda iki rus işçi saxlayırdım. Hərdən mənə deyirdilər ki, əşi, sən nə istəyirsən? Deyirdim, azadlıq! Deyirdilər, qapında rusu nökər kimi saxlayırsan. Mən də deyirdim ki, mən rusun alkoqolikini nökər kimi saxlayıram, onlar da mənim alimimi, professorumu nökər eləyiblər. Bu yol ağır yoldur. Əqidəsindən dönənlər cürbəcürdür. Kimisi deyir, övladıma görə edirəm, kimisi qorxur. Belə bəhanələr eşidəndə deyirəm ki, biz balalarımızı kolun dibindən tapmışıq bəyəm? Iki qızdan sonra oğlum olub, 7 il onun üçün qurban kəsib paylamışıq. Canımdan çox istəyirəm onları. Bu yol çətin, əzablı yoldur. Amma şərəfli yoldur. Bundan şərəfli yol görmürəm.
Gültəkin