Bərdənin vəzifəli şəxsləri istintaqa cəlb oluna bilər

Çünki bu rayonda məmur özbaşınalığı üzündən Cəmaləddin Paşayevin özünü yandırmasıyla əlaqədar cinayət işi başlanıb

Hadisədən təşvişə düşən Bərdə rəhbərliyi Paşayevin xəstəxana xərclərini ödəyəcək

Bərdə sakini Cəmaləddin Paşayev dövlət orqanlarının süründürməçiliyindən bezərək özünü yandırıb. Vəziyyəti ağır olduğuna görə Bakıdakı 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. C.Paşayevin intihar etməsinə səbəb onun ailəsinə ünvanlı sosial yardımın verilməməsi olub.
C.Paşayevlər ailəsi uzun müddətdir ki, Bərdə Rayon Sosial Müdafiə Mərkəzində süründürməçiliyə məruz qalıb. Sonuncu dəfə 3 uşağı ilə birlikdə idarəyə gələn C.Paşayevə yenidən “yox” cavabı verilib. Bundan sonra C.Paşayev özünü yandırıb.
C.Paşayevin vəziyyəti ağır olaraq qalır.
5 nömrəli xəstəxanadan reportaj hazırlamaq istəyərkən “Azadlıq”ın müxbirinə və C.Paşayevin müsahibə verən qardaşına təzyiqlər olmuşdu. Xəstəxananın həyətində dayanmış 90-FF-250 dövlət nömrə-nişanlı “Wolkswagen” markalı avtomobildə əyləşmiş şəxs özünü Cəmaləddin Paşayevin qohumu kimi təqdimÿ edərək, əvvəlcə intihara cəhdin səbəbi barədə müxbirimizə yalan informasiya verib. Lakin əməkdaşımız C.Paşayevin qardaşı ilə görüşmək istədiyini bildirib. Həmin şəxs bu görüşə imkan verməməyə çalışsa da, son nəticədə istədiyinə nail ola bilməyib. Müxbirimiz zərərçəkmişin qardaşıyla görüşsə də, bu dəfə onların söhbətləşməsinə maneçilik törədilib.
Ötən gün yenidən xəstəxanaya baş çəkdik. C.Paşayevi “qoruyanlar” yenə xəstəxananın həyətində dayanmışdılar.
Cəmaləddin Paşayevin qardaşı Elsevər Paşayev çox pərişan və təlaşlı görünürdü. Baş verən hadisə ilə bağlı ona suallarımızı ünvanlasaq da, cavab vermək istəmədi. Dedi ki, hazırda yeganə istəyi sadəcə, qardaşının sağalmasıdır.
Danışarkən ətrafa baxdığı və sanki nədənsə çəkindiyi diqqətimizdən yayınmadı.
Ehtimallardan biri budur ki, Cəmaləddin Paşayevin yaxınlarına danışmamaq barədə göstəriş verilib.

Telekanallar niyə susur?

Hadisə bütün rayonda ajiotaj yaradıb. Rayon rəhbərliyi olayla bağlı xəbərin geniş yayılmaması üçün fövqəladə iş rejiminə keçib. Cəmaləddin Paşayev Bərdədəki xəstəxanada olarkən onunla danışmağa, hadisənin təfərrüatlarını öyrənməyə çalışan özəl telekanalların bölgə müxbirləri polislər tərəfindən xəstəxanadan uzaqlaşdırılıb. Onların xəstənin özü və yaxınları ilə söhbətləşməsinə isə imkan verilməyib.
Ən xırda kriminal xəbərləri də efirə verən telekanallar nədənsə hadisə ilə bağlı heç bir məlumat yaymayıblar.

Xərcləri icra başçısı ödəyəcək

Artıq hadisəylə bağlı prokurorluqda cinayət işi başlanıb. Cəmaləddin Paşayevin müalicəsi, eyni zamanda, ailəsinin Bakıda qalması üçün gərəkən bütün xərclər Bərdə rayonunun rəhbərliyi tərəfindən ödəniləcək.

Deputatın etirafı

Parlamentdə Bərdəni təmsil edən deputat Zahid Oruc “Azadlıq”a açıqlamasında hadisədən xəbərdar olduğunu deyib: “Bu xəbər mənə çatan kimi dərhal yerli rəhbərliklə əlaqə saxladım. Hadisə barədə müzakirələr aparılıb. Millət vəkili kimi əlimdən gələni edəcəyəm. Yerli qurumların bir insanı özünü yandırma halına gətirmələri, onu yeni ehtiyaclar girdabına salmaları çox pisdir. Mən rayonda tez-tez oluram. Orada ünvanlı sosial yardımla bağlı xeyli sayda şikayətlər eşidirəm. Insanlar tələb edirlər ki, biz bu məsələni yüksək səviyyədə qaldıraq. Mən də statusumun imkan verdiyi səviyyədə bu məsələ ilə maraqlanmağa, lazımı orqanlar qarşısında problemin həllinə çalışıram”.

Elmin