«Zəfər, zəfər mənimdir deyə bilənindir»
(M.Kamal Atatürk)
17 apreldən qalan bazar lövhələrini unutmayın. Fotolar, videolar tarixdir. Insanlar tarixdir. Tarixdə isə heç kim və heç nə unudulmamalıdır. Öldürəcək qədər zalım olduğunu bildiyi halda, zorun qarşısına çıxıb haqsızlığa üsyan edən insanlar unudulmamalıdır. Dörd yaşlı körpəsi ilə əl-ələ polis amansızlığını durdurmaq istəyən gənc ana unudulmamalıdır. Zülmə boyun əyməyən cəsur və ləyaqətli Azərbaycan qadınını yerlə sürükləyən qəddarlıq unudulmamalıdır.
Azadlıq istədiyi üçün universitet divarları arasından alınıb həbsxanaya atılan gənclərin dəyəri unudulmamalıdır. Acı qələminin, fərqli fikrinin qurbanı olan söz adamlarının xidməti unudulmamalıdır.
Adını dəqiq xatırlamadığım ölkələrin birində insan kəllələrinin nümayiş olunduğu bir muzey var. Bu, həmin ölkənin uzun illər hakimiyyət başında millətinə qan uddurmuş diktatorunun qətlə yetirdiyi insanların kəllələridir. Həmin rejimin “unikal” qanununa görə, harda qolunda saat və gözündə eynək görünən insana rast gəlinirdisə, yerindəcə güllələnirdi. Çünki bu diktator gözlüklü və saatlı insanların məhz oxumuş və təhlükəli insanlar olduğunu düşünürdü. Azərbaycanda da insanlara yanaşma “prinsip”i təxminən buna bənzəyir.
Yaşadığımız tarix böyük bir tarixdir. Bu tarixi unutmaq özünü unutmaq olardı.
Nə zamansa bu günün fotolarından böyük bir sərgi aça bilərik – “Sürüklənən Azərbaycan” sərgisi. Hər fotonun alt yazısı. Hər kəsin adı, titulu, bioqrafiyası… Hər kəs hər kəsi daha yaxşı tanısın orda… Bu ölkəyə rəzalət yaşadan adamların üzü ilə 37-ci illərin repressiyalarında iştirak etmiş satqınların üzünü müqayisə edərsiniz bəlkə?
Bu gün hər yerdə bir azadlıq savaşçısı haqqında söhbət gedir. Bəli, keçən seçkidən sonra bu hökumətin “baş bəlası”na çevrilən Gözəl Bayramlını deyirəm. Artıq ölkədə milyonlar onu bir qorxmazlıq, mərdlik, ləyaqət simvolu kimi dəyərləndirir ki, buna çox sevinirəm. Amma ona cəza olaraq 5 sutka verən amansız və qisasçı rejimin zalımlığına haqq qazandırmaq istəyənləri görəndə alov püskürmək istəyirsən. Hələ o da Bahar Muradova ola. Illərdir insanların səsini oğurlayaraq saxta parlamentdə yer tutan bir şəxs ən azı səsini çıxarmamalıdır. Xüsusən də, onun Gözəl Bayramlı haqqında danışmağa heç bir haqqı ola bilməz. Kimin hansı yolu seçdiyinə gəlincə, bu haqda heç danışmağa dəyməz… Gözəl xanımın vətən və millət davası ilə saxtakar adamların mandat davasını müqayisə edəcək deyilik hər halda…
Bu gün dünyada başlanan azadlıq mübarizələrinin önünə gənclər və qadınlar çıxır. Ərəb dünyasında “müsəlmançılıq” damğası vurulan qadınların meydandakı cəsarətini gördük. Irandakı etiraz nümayişlərində savaşan, şəhid olan qadınları da gördünüz… Bəlkə insanların arzularına gedən yol bir az uzanır. Amma bu yolun sonunda azadlıq çiçəklərinin açacağına şübhə ola bilməz. Azadlığa gedən yol zordur. Bəlkə ona görə zordur ki, bu yolun qarşısında həmişə əlində zor olan qüvvələr dayanır. Əsl həqiqət isə odur ki, Allah insanı azad yaradıb. Bir gün o, uca yaradandan gələn haqqını mütləq geri istəyir. Zor olsa belə, istəyən öz haqqını alacaq!