Əsl biz təəssüf edirik, Bahar Muradova

Gözəl Bayramlı bu gün həbsdən çıxır, “Azadlığa çıxır” demədim, çünki zatən azaddır. Divarlar arasındakı məhkumluq qəlbi azad olanların azadlığına xələl gətirə bilmir. Bayırda olub ürəyi kölə olanların azadlığından artıqdır Gözəl xanımın azadlığı…

Ona görə də bu 5 gündə Gözəl xanımı heç də azadlıqdan məhrum olunmuş kimi qəbul etmədim…
Amma bu günlər ərzində biz bir çox nəsihət verənlərlə qarşı-qarşıya qaldıq. Bəziləri yararlı işlə məşğul olmağın, bəzilərisə özünüifadə formalarının yolları haqqında mətbuatda, telekanallarda az qala, mühazirələr oxumaq fikrinə düşüblər.
Milli Məclisdə saxta yolla kürsü qazanmağımı, ya birilərinə kölə olmağımı, xalqın üzünə utanmadan yalan danışmağımı, saxta vətənpərvər rolunu oynamağımı, qadına xas olmayan bir şəkildə hər şeyi ayaq altına almağımı – bütün bunlarımı özünüifadə forması sayırsınız siz, ey yAp-dakı məmur qadınlar, millət vəkilləri, konkret olaraq, Bahar Muradova?

Niyə özünüzü elə aparırsınız ki, guya qarşınızdakı xalq heç nə anlamır.

Insanın olduğu, haqq etdiyi, başqalarının onu qoyduğu və bir də özünün özünü qoyduğu yerlər var. Indi biz bilmirik ki, siz özünüzü hara qoymusunuz, hansı yerdə hiss edirsiniz. Amma əmin olun ki, sizin özünüzü hara qoymağınızdan asılı olmayaraq, xalqın da sizlər üçün layiq bildiyi yerlər, məkanlar olur.
yAp-da özünüifadə formalarının hansı prinsiplərlə işlədiyini, mexanizmini hamı çox gözəl bilir.

Az qala hər gün yalan dediyiniz xalq bildiyini sizin üzünüzə demirsə, daha doğrusu, açıq dilə gətirmirsə, bu, bilməzlikdən deyil. Biri cəsarətsizlikdən, biri boş verdiyindən, biri həyasından bu addımı atmır. Sadaladıqlarımdan əlavə başqa səbəblər də ola bilər.

Gözəl Bayramlının əllərinə vurulan qandal yAp-dakı məmurların ürəyinə vurulub. Gözəl Bayramlının əlindən alındığı kimi görünən azadlığı sizin ürəyinizdən qeybə çəkilib.
Gözəl Bayramlı, Kəmalə Xəlilovanın qoluna qandal vuran polis heç olmasa vicdan əzabı hiss edib ağlayıb, sizlərin qoluna indi hansısa polis qandal vurmağa cəsarət etməz. Amma əminəm ki, belə bir hadisə baş versə, kimsənin gözündən yaş çıxmaz. Ona görə də “təəssüf edirəm” deyib də, nəsihət verməyə qalxmayın, bizim mübarizəmiz əxlaqlı, ləyaqətli özünüifadə formasıdır. Başqa yollar, özünüifadə tərzləri bizlik deyil.

5 yaşlı uşağın dilindən qopan “Azadlıq!” sözündən qorxuya düşəcək qədər aciz insanların sevgi uma bilmədiyi xalqdan Gözəl xanım qazandığı məhəbbətlə bundan sonra da yoluna davam edəcək, buna əminəm. Amma bundan sonra xalqın sizi nifrətlə haralara sürükləyəcəyindən əmin ola bilmədiyinizdən bütün insani dəyərləri ayaq altına alıb, ancaq hakimiyyətinizi, zor aparatınızın fəaliyyətini saz vəziyyətdə saxlamağa çalışırsınız.

yAp-ın vazkeçilməzlərindən olan Gülər Əhmədova uşaq hüquqlarının müdafiəçisidir güya. “Uşaq haqqı” deyib bununla özünə karyera qurmuş, danışmaq üçün özünə mövzu yaratmışdır. Azərbaycan uşağının anası rolunda çıxış etməyə qalxmış bu qadının görəsən, heç müxalifətçilərin uşaqlarının da hüquqları olduğunu düşündüyü vaxt olubmu? Məhz müxalifətçi olduğuna görə atası həbs olunan uşağın haqqı, hüququ yoxdurmu? Yoxsa, müxalifətçinin uşağını uşaq saymırsınız?
Təbii, müxalifətçi sizin düşməninizdirsə, uşağının da nə haqqı ola bilər?!

“Niyə uşaqla mitinqə gəlir?” deyə 5 yaşlı uşağın anasını qınamağamı çatdı gücünüz? Iradənizi kölə etdiyiniz hakimiyyəti günahlandırmaq, 5 yaşlı uşağın gözünün yaşına baxmadan kobudcasına onu dartışdıran polisin sahibi olan yAp iqtidarını tənqid etməyə cəsarətiniz çatmadı, eləmi?
Günahkar anaymış ki, uşağı ilə mitinqə gəlib… Uşaqların hüquqlarını qoruyacaq adam kimi deyə biləcəkləriniz elə bu qədərmi?
Yazıqlar olsun!!!
Sizin üçün özünüifadə forması budursa, əsl təəsssüf bizə düşər!