İntihar edən sahibkarın qanı batırıldı

Hikmət Səlimovun ölümünə görə həbs edilən məmurlar azadlığa buraxıldı

Şəkidə sahibkar Hikmət Səlimovun intiharı ilə bağlı həbs edilən icra başçısının müavini Eldəniz Qəhrəmanov və baş memar Yusif Abdurrahmanov azadlığa buraxılıb. Bu barədə Şəkidə nəşr edilən “Ipək” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Eldəniz Qəhrəmanovla Yusif Abdurrahmanov aprelin 14-də şərti cəza ilə azadlığa buraxılıb. Maraqlıdır ki, bu barədə ictimaiyyətə heç bir məlumat verilməyib. Həmçinin sabiq müavinlə, sabiq baş memarın məhkəməsinin nə zaman keçirilməsi də bəlli deyil. Şəki Rayon Məhkəməsindən “Ipəkçi”yə bildirilib ki, Şəki Rayon Prokurorluğundan onlara bu məsələ ilə bağlı heç bir cinayət işi göndərilməyib.
Hikmət Səlimovun xanımı Nailə Səlimova isə “Azadlıq”a açıqlamasında bu olayı ərinin qanının batırılması kimi dəyərləndirib: “Ərimin qanını batırdılar. Dedilər, mağaza dağıdılıb bunun cəriməsi 40 manatdır, vəssalam. Sonra da buraxdılar. Məni danışmağa qoymadılar. Dedilər, burada sənin ərinin ölümü ilə bağlı işə baxmırıq”.
Nailə Səlimova deyib ki, onu ağrıdan guya şikayət etməmək üçün pul alması barədə Şəkidə gəzən dedi-qodulardır: “Mənə şər atırlar, deyirlər guya şikayət etməmək üçün pul almışam. Pul alanın da, verənin də, onu deyənin də balası ölsün. Mənim ailəmin sahibini öldürüblər, hələ bir mənə şər də atırlar. Qoy bütün Şəki camaatı bilsin ki, mən heç kimdən pul almamışam, almaram da. Mən ərimin qanını batırmaram. Mən sizin qəzetiniz vasitəsilə prezident Ilham Əliyevə müraciət edirəm: Baxın Şəkidə məmurlar hansı əməlləri törədirlər, mənim ərimin qanını batırırlar, balalarımı yetim qoyublar. Deyirlər rüşvətxorluq yoxdur, əgər belədirsə, onda bu adamlar necə azadlığa çıxdı. Artıq bezmişəm”.

İnformasiya şöbəsi