Ata və 5 yaşlı qız


Insanın öz köləliyindən həzz almasının ədəbiyyatda örnəyi çoxdu. Kölənin bu həzzini şərtləndirən çox səbəblər var. Məsələn, mən Novruzəlidə bu həzz qaynağını duyuram – həmin o ağayla – Vəli xanla başqa bir rəiyyətin yox, məhz Novruzəlinin get-gəli var. Yəni ağa içgin, səmimi itaət üçün başqasını yox, məhz onu şərəfləndirib. Kasıb, imkansız olan ağa deyil, Novruzəlidi. Ancaq əl tutan da elə odu. Hədiyyəsinin qəbul edilməsi ona həzz verir. Bəlkə başqa kəndlini heç ağanın malikanəsinin həndəvərinə də buraxmazdılar. Novruzəli xoşbəxtdi.Əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin “Çərpələnguçuran” romanında da belə obrazlar var – Babanın ev qulluqçusu, xəzər törəməsi olan Əli və onun oğlu Həsən. Həsən – bu saf ürəkli 12 yaşlı xəzər balası həmyaşıdı olan Əmirə hətta “ağa istərsə p..x yeməyə belə hazır olduğunu” deyir və bunu son dərəcə səmimi söyləyir. Həsən elə Əmirin yolunda da bədbəxt olur – başqa ağaların təcavüzü nəticəsində üzdəniraq edilir. Ancaq o, bundan da həzz alır – çünki ağanın xətrinə bu bəlaya düçar olub.

Lerikli çoban Xanış da öz köləliyindən çox məmnun idi. Intəhası burada hər iki tərəfin dostluğu mənfəətə dayanırdı, səmimi bir şey yox idi – Xanış rayonda bu köləliyin hesabına qaz vurub qazan doldururdu, Heydər Əliyev də öz ampluasında idi.Sonuncu gerçək köləlikdən həzz alma faktıyla Atanın timsalında qarşılaşdım. Ata atadı, ancaq bu Ata Abdullayevdi. Insan öz köləlik nitqini irad eləyir və üzündə o qədər xoşbəxt ifadə var ki! Gülüşü bu adamın nə qədər ağlamalı taleyə sahib olduğunu və ağası buyurarsa, nə qədər insanı ağlar qoya biləcəyini açıq-aydın göstərir. Ata da köləliyindən həzz alır. Hər kəlməsi ilə əvəzsiz kölə olduğunu ağasına çatdırmaq istəyir. “Allah mənim ömrümdən kəsib Ilham Əliyevin ömrünə calasın”, “Əliyevə söyən mənə söyür” və bu kimi ifadələr. Ata tipli (üstündə 7 il şərti cəza olan), yəni quyruğu qapı arasında qalan adamların köləliyi heç vaxt səmimi olmur. Quyruğu qapı arasında qalan adamın ağrıdan qopan iniltisini səmimi eşq fəryadı kimi qəbul eləmək mümkün deyil. Bu cür kölə özünü ona görə köləliyindən həzz alan kimi göstərir ki, o, azadlığı satın almaq istəyir. Mitinqə çıxanların da istədiyi azadlıqdı – kişi kimi, mərdü-mərdanə, onların qolunu burub vəhşicəsinə maşına basan Atanınkı da. Sonucda hər ikisinin istədiyi eynidi – Azadlıq. Azadlığa gedən yollar və o azadlığı əldə eləyəndən sonra kimin ondan necə istifadə eləyəcəyi başqadı. Ataya azadlıq köləliyini daha azad şəkildə yaşatmaq üçün lazımdı. Ata daha yaxşı kölə olmaq üçün azad olmaq istəyir.Mən, ömründən kəsib padşahın ömrünə bağışladığını deyənləri çox görmüşəm. Onların təkliyə, səmimi, içgin ortama çəkilən kimi nələr söylədiklərini, necə söyüb, qarğış elədiklərini də yaxşı xatırlayıram. Indi maraqlıdı – görəsən ünvana hansı çatır: ömürdən pay, ya qarğış?Ata bugünkü simasız gerçəkliyin obrazıdı. O obraz üçün ağasının xoşuna gəlmək həyat amalıdı. Ancaq bu həyat bir həyat deyil, çünki sabahı yoxdu. Deməli, Ata bu gündü, sabah deyil.Azərbaycanın sabahı 17 aprel mitinqində “Azadlıq!” qışqıran 5 yaşlı qızcığazdı. Bu qızcığazın üzü bizim azadlıq mübarizəmizin simvoluna çevrilməlidi. Bu qızcığazın üzü bizim savaş bayrağımızın ayparası olmalıdı. Onu böyüdən ANA müqəddəsdi. Anaların ən gözəlidi.    Anası azad olan milləti isə heç vaxt köləlikdə saxlamaq olmaz. Həta bütün Ata-lar kölə də olsa. Sabah ataların deyil çünki, “Azadlıq” deyən körpə balalarındı.