“Mən sizə sərmayədarın bir ölkəyə investisiya qoymasının səbəblərini izah edim: bank sistemi liberaldırsa, bürokratik əngəllər olduqca azdırsa, təsirli bir ədliyyə sistemi varsa, iş adamları həmin ölkəyə investisiya qoyur”. Bu açıqlamanı bir müddət əvvəl Türkiyənin Xarici Ticarət naziri Zəfər Çağlayan Azərbaycan mətbuatına açıqlamasında vermişdi.
Nazir bugünlərdə keçirilən Türkiyə-Azərbaycan biznes forumunda da Azərbaycanı tənqid etməyi unutmayıb: “Türkiyə Azərbaycan vətəndaşlarına və şirkətlərinə viza tətbiq etmir. Təəssüf ki, Azərbaycan tərəfdən eyni yanaşmanı müşahidə etmirik. Məsələnin həll olunması lazımdır. Azərbaycan hakimiyyətinin niyə Türkiyə vətəndaşlarına viza tətbiq etdiyini dünyaya izah etməkdə çətinlik çəkirik. Bunun mənəvi tərəfini nəzərə almaq lazımdır”. Z.Çağlayan viza probleminin iki ölkə arasında ticarət və turizmi əngəllədiyini bildirmişdi.
Məhəmməd Talıblı: «Demək istəyib ki, Azərbaycandakı şərtlər investorlar üçün cəlbedici deyil»
İqtisadçı Məhəmməd Talıblı deyir ki, adətən böyük dövlətlərin rəhbərləri acı reallıqları və çatışmazlıqları böyük məharət və diplomatik qabiliyyətlə, həmçinin nəzakətli qaydada çatdırırlar: “Bu fikirdə qeyri-adı niyyət və ittiham axtaranlar yanılırlar. Nazir sərmayə ilə bağlı məlum açıqlaması isə demək istəyib ki, Azərbaycanda investisiya cəlbediciliyi qənaətbəxş, mövcud iqtisadi sistem isə liberal xarakterli deyil. Biznes subyektləri özlərini hələ də Azərbaycanda rahat hiss edə bilmirlər və s. Türkiyə Iş Bankasının Azərbaycanda fəaliyyətinə imkan verilməməsi, Türkiyə tərəfindən viza rejiminin aradan qaldırıldığı halda Azərbaycan hökumətinin bununla bağlı mövqeyinin hələ də qaranlıq qalması qardaş ölkənin rəsmilərinin belə fikir bildirməsinə əsas verib”.
Elxan Şahinoğlu: «Türkiyənin böyük kapitalının Azərbaycana axın etməsi üçün nazirin sadaladığı problemlər həllini tapmalıdır»
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Azadlıq” radiosuna açıqlamasında Z.Çağlayanın sərmayə qoyuluşu ilə bağlı fikirlərini belə şərh edib: “Burada anlaşılmayan nə var ki? Türkiyənin böyük kapitalının Azərbaycana axın etməsi üçün nazirin sadaladığı problemlər ortadan qaldırılmalıdır. Ancaq məsələ ondadır ki, viza məsələsini uzadan rəsmi Bakı görünür, qardaş ölkənin böyük iqtisadi imkanlarında da maraqlı deyil. Yoxsa, bu gün ”Koç” və “Sabançı” kimi nəhəng holdinqlərin Azərbaycanda həyata keçirdikləri layihələrin, fabrik və zavodlarının istehsal etdikləri məhsullarının şahidi olardıq. Bir “Ramstore” satış mərkəzi fəaliyyət göstərirdi, o da səhmlərini sataraq Qazaxıstana daşındı”.
Viza məsələsinə gəlincə, E.Şahinoğlu bildirib ki, əgər Azərbaycan rəsmiləri əvvəllər qardaş ölkə ilə viza məsələsini qısa müddətdə həll edəcəklərini söyləyirdilərsə, indi heç bunu da demirlər: “Əksinə, Xarici Işlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov fevralın 8-də açıqlama verərək Azərbaycanın hazırkı məqamda hər hansı ölkə ilə viza rejimini tam aradan qaldırmağa hazır olmadığını söyləyib. Başqa sözlə, rəsmi Ankara hələ çox gözləməli olacaq. Ermənistanla müharibə vəziyyətindəyik, Rusiya işğalçını silahlandırır, Iran ona neft kəməri çəkir, iqtisadi dəstəyini artırır. Digər tərəfdən, Tehran lazım gəldikdə Azərbaycanın daxili işlərinə qarışmaqdan da çəkinmir. Belə vəziyyətdə yeganə müttəfiqimiz Türkiyədən ikiəlli yapışmaq əvəzinə onu incidirik. Görəsən, bu, Azərbaycanda kimə lazımdır?”.
Gültəkin