Kubada ərəb inqilablarına bənzər bir etiraz müşahidə edilməsə də, Kuba hakimiyyəti öz xoşuyla islahatlar planı elan edib. Kuba prezidenti Raul Kastro deyib ki, prezidentlik müddəti məhdudlaşdırılmalı, bir nəfərə yalnız 2 dəfə prezident seçilmək imkanı verilməlidir. Kastro həm də hökumətə sistemli şəkildə gənc kadrları gətirməyi söz verib.
Raul Kastro bunları Kubada 50 ildən çoxdur ki, hakimiyyətdə olan Kommunist Partiyasının qurultayında bildirib. Sonuncu qurultay 14 il bundan qabaq keçirilmişdi
Kastro deyib ki, ölkədə islahatlara ehtiyac var və hər kəs öz işinə tənqidi yanaşmalıdır. Kuba kimi qapalı ölkədən belə bəyanatlar eşitmək çox gözlənilməzdir. 79 yaşlı Raul Kastro aydın şəkildə bildirib ki, onun özü də üçüncü dəfə prezident seçilməyə cəhd göstərməyəcək.
Raul Kastro 2008-ci ildə prezident postunda qardaşı Fidel Kastronu əvəzləyib. Bundan qabaq Kubanı onilliklər boyu – Fidel Kastro idarə etmişdi.
Qurultayda çıxış edən prezident Raul Kastro deyib ki, işdə buraxılan nöqsanlar aradan qaldırılmasa, Kuba inqilabına təhlükə yarana bilər.
84 yaşlı Fidel Kastro qurultayda iştirak etməyib
Qurultaydakı çıxışında Raul Kastro söz verib ki, dövlətin iqtisadiyyatdakı rolunu azaldacaq və şəxsi mülkiyyətə, biznesə şərait yaradacaq. Onin fikrincə, Kubanın hazırkı iqtisadi modelini müasirləşdirmək üçün azı 5 il lazımdır. Prezident deyib ki, pulsuz səhiyyə və təhsil saxlanacaq, amma ilkin tələbat mallarına ayrılan subsidiyalar azaldılacaq, sosial xərclər “rasional şəklə” salınacaq.
Onun sözlərinə görə, bir müddət qabaq şəxsi mülkiyyətə icazə veriləndən bəri 200 min nəfər qeyri-dövlət sektorunda özünə iş yeri yaratmış şəxs kimi qeydiyyatdan keçib. Amma Raul Kastro onu da bildirib ki, Kubanın sosialist xarakteri dəyişməzdir və heç kimə var-dövlət yığmaq imkanı verilməyəcək (“Azadlıq” radiosu).