Hakimiyyətin viza “düyününün” pərdəarxası

İllərdir texniki problem kimi təqdim olunan məsələlərin arxasında hansı siyasi çalarlar var?

Türkiyənin dövlət naziri Zəfər Çağlayan Azərbaycanla qardaş ölkə arasında viza rejiminin hələ də ləğv olunmamasını yenə gündəmə gətirib. Z.Çağlayan bildirib ki, Azərbaycanla hələ də viza rejiminin ləğv olunmamasını anlamır. Qeyd edək ki, bu açıqlama baş nazir Ərdoğanın “Azərbaycanın haqqını Ermənistana güzəştə getməyəcəyik” bəyanatından sonra verilib. Türkiyə tərəfinin bu açıqlamalarına Azərbaycan hakimiyyətindən Əli Həsənovun timsalında cavab gəlib. O, növbəti dəfə bildirib ki, Azərbaycan tərəfi bu məsələdən imtina etməsə də, hələ də daxildə olan texniki problemlər vizasız rejimə keçməyə imkan vermir. Maraqlıdır, Azərbaycanın hələ də Türkiyə ilə vizasız rejimə keçməsinə nə mane olur? Burada texniki problemlər nədən ibarətdir? Bu addımın atılmamasının hansı siyasi səbəbləri ola bilər? Türkiyə Azərbaycanın qonşularından Gürcüstan, Rusiya və Iranla vizasız rejimə keçib. Azərbaycan isə hələ də bu məsələdə yubanır.
Sülhəddin Əkbər: “Azərbaycan hakimiyyəti Türkiyə ilə əlaqələrin dərinləşdirilməsini istəmir”
Siyasi ekspert Sülhəddin Əkbərin fikrincə, Türkiyə ilə vizasız rejimə hələ də keçilməmək bir sıra siyasi səbəblərlə bağlıdır. Bu sırada ən başlıcası Azərbaycanın Türkiyə ilə əməkdaşlığının dərinləşdirilməsində maraqlı olmamasıdır: “Əslində viza rejiminin ləğvi simvolik xarakter daşıyır. Çünki bu gün üçün Türkiyə vətəndaşları Azərbaycana problemsiz gedib-gəlirlər. Azərbaycan hakimiyyəti sadəcə olaraq Türkiyə ilə əlaqələrin dərinləşdirilməsini istəmir. Digər tərəfdən, Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etsə, Iranla da analoji addımı atmalıdır. Çünki Iran viza rejimini birtərəfli qaydada sadələşdirib. Görünür, Azərbaycan hakimiyyətinin 1995-ci ildən Türkiyə ilə bağlı sentimental xatirələri qalıb”.
Əlövsət Əliyev: “Sərhəd buraxılış məntəqələrimizdə biometrik pasportları oxumağa imkan verən yüksək texniki avadanlıqlar yoxdur”
Bəs görəsən bu prosesi reallaşdırmaq üçün hansı texniki problemlər ola bilər?
Ekspert Əlövsət Əliyevin sözlərinə görə, Azərbaycanın Avropa Birliyi qarşısında götürdüyü öhdəliyə görə, bir sıra ölkələrlə viza rejimi sadələşdirilməlidir. Bu proses 2012-ci ilə qədər tətbiq olunmalıdır. Azərbaycanın Türkiyə ilə vizasız rejimə hələ də keçməməsinə gəlincə, Ə.Əliyev vurğuladı ki, Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil: “Çünki Azərbaycan tərəfi Türkiyə vətəndaşlarının ölkəmizə vizasız gəlməsini təmin etməyə hazır deyil. Bunun nəylə bağlı olmasına gəlincə, Azərbaycan bu yaxınlarda biometrik pasportların tətbiqinə başlamaq istəyir. Amma biometrik pasportların tətbiqinə başlamaq hələ təhlükəsiz sərhəd rejimi yaratmaq demək deyil. Sərhədlərin möhkəm qorunması miqrasiya proseslərinə ciddi nəzarətin edilməsindən keçir. Bunun üçün da Azərbaycanın sərhəd buraxılış məntəqələrində biometrik pasportları oxumağa imkan verən yüksək texniki avadanlıqlar yerləşdirilməlidir”.

Xəyal