Azərbaycanda 90 faiz həyatından narazıdır

70 faiz yaşamaq uğrunda mübarizə apardığını, 30 faiz isə həyatının əzab olduğunu deyib

 

ABŞ-ın məşhur “Gallup” sorğu mərkəzi 124 ölkədə sorğu keçirib. Mərkəz respondentlərdən iki əsas suala cavab xahiş edib:

-onlar öz həyatlarının indiki durumunu necə qiymətləndirirlər;
-və yaxın 5 ildən nə gözlədiyirlər.

Cavablar 3 qrupa bölünüb- həyatını çiçəklənən, yəni gündən-günə daha da yaxşılaşan hesab edənlər, yaşayış uğrunda mübarizə aparanlar və əzab çəkənlər.
Bunun əsasında “Gallup”un hazırladığı “Rifah” hesabatına görə Azərbaycanda əhalinin cəmi 10 faizi hesab edir ki, onların həyatı çiçəklənir.
70 faiz yaşamaq uğrunda mübarizədədir.
Həyatının əzab olduğunu düşünənlər isə 20 faizdir.

***

“Gallup”un bu sorğusunu subyektiv adlandırmaq isə rəsmi təbliğatın işinə yaramayacaq. Ona görə ki, Azərbaycan hökuməti müxtəlif zamanlarda bu sorğu mərkəzinin xətti ilə sifarişli sorğular keçirməklə onunla əməkdaşlıq edib. Rəsmi təbliğatda isə “Gallup” həmişə “dünyaca məşhur”, ən obyektiv sorğu mərkəzi kimik xatırlanıb.
Sonuncu belə sifarişli sorğunun nəticələri isə rəsmi mətbuatda 2009-cu ilin iyulun 31-də açıqlanıb. Həmin nəticələr və onun rəsmi təqdimatı belə idi:
“ABŞ-ın nüfuzlu “Gallup” təşkilatı keçmiş SSRİ üzrə keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb. Nəticələri iyulun 31-də açıqlanmış sorğuda hər ölkədən 1000 nəfər iştirak edib. Respondentlərə ünvanlanmış “Siz ölkənizin rəhbərliyinin fəaliyyətindən razısınızmı” sualını Azərbaycanda əhalinin 77 faizi müsbət cavablandırıb. Sorğunun nəticələrinə görə Azərbaycan birinci yeri tutub.

Ukrayna əhalisinin cəmi 4 faizi, Litvada əhalinin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada isə 25 faizi ölkə rəhbərliyinin fəaliyyətindən razı qaldığını bildirib.

Qeyd edək ki, “Gallup” dünya üzrə insan resurslarını öyrənir və statistik araşdırma xidmətləri göstərir”.

Deməli, iki il bundan əvvəl ölkə rəhbərinin fəaliyyətindən əhalinin 77 faizi razı imiş. Olsun. Bu nəticələri biz də qəbul edək. Amma indiki nəticələri də qəbul edək: əhalinin 70 faizi yaşamaq uğrunda mübarizə aparır, 20 faizi isə həyatın əzab olduğunu düşünür.
Bu dəhşət isə “gündən-günə inkişaf edən”, özünü “lider dövlət” adlandıran bir ölkədə baş verir.
Azərbaycanda əhalinin yalnız 10 faizi həyatından məmnundur. İllərdir, biz də bunu demirikmi? İllərdir, biz də vurğulamırıqmı ki, Azərbaycan bir ovuc müftəxor tərəfindən soyulur, əhali isə bir parka çörəklə sınağa çəkilir? Bunu “Azadlıq” deyəndə qərəzli olur, amma “Gallup” deyəndə obyektiv.
Azərbaycanlıların 10 faizi həyatın çiçəkləndiyini düşünürsə, ermənilərin 12 faizi belə düşünür. Ermənistanda “yaşamaq uğrunda mübarizə aparanların” da faizi Azərbaycanda olduğundan aşağıdır. Orada əhalinin 54 faizi həyat uğrunda savaşır. Əvəzində 34 faiz erməni həyatı əzab sayır. Buna görə “təskinlik tapmağa” dəyər. Həyatından əhalinin 10 faizinin məmnun olduğu ölkələr Azərbaycandan başqa Gana, Bosniya, Makedoniya, və Gürcüstandır. Zimbabvedə, Mərakeşdə, Nepalda isə korrupsionerlərin şəbəkəsi bizdəkindən 1 faiz məhduddur. Bu ölkələrdə əhalinin 9 faizi belə düşünür ki, həyat çiçəklənir. Dünyada ən yaxşı dolanışıq Danimarkada qeydə alınır. Əhalinin 72 faizi həyatından məmnundur. İsveç və Kanadada 69 faiz, Avstraliyada 65 faiz, Finlandiya və Venesuelada 64 faiz, ABŞ-da 59 faiz, Kosta-Rikada 58 faiz, Braziliyada 57 faiz əhali həyatının gündən-günə çiçəkləndiyini hesab edir.
Azərbaycan Çaddan 10 dəfə yaxşı göstərici əldə edib. Orada əhalinin 1 faizi belə hesab edir ki, həyat çiçəklənir.

İnformasiya şöbəsi