Yad hakimiyyət yamanlıqları

Ərəb dünyasını bürümüş devrim fırtınasının Azərbaycana hələlik yalnız tozu gəlib çatır. Əliyevçi hakimiyyət komandasının gücü çatsaydı, bu tozun da Azərbaycana keçməsinə

yol verməzdi. Gücü çatmır. Azərbaycan göylərini bürüyən o fırtına tozu necə qarşısıalınmazdırsa, devrim fırtınasının özü də eləcə qarşısıalınmaz olacaq!
Hakimiyyətə gəlmək üçün ermənilərə verdikləri yüzlərlə Azərbaycan kəndindən bircəciyini də ötüb keçən 18 ildə (on səkkiz il!) geri qaytara bilməyən, indiyədək bircə erməninin də burnunu qanatmayan əliyevçi hakimiyyət başında durduğu xalqın qanına susamış durumdadır. Bunu yalnız indiyədək tökülən qanlardan deyil, müxalifətin aksiyaları ilə bağlı ortaya çıxan polis amansızlığından da görmək olar. Hələ Heydər Əliyev çağlarından Naxçıvan ayrıca TERMINAL rolunu oynamağa başlayıb. Irandan, Iraqdan, Suriyadan, Türkiyədən Naxçıvana, Naxçıvandan Azərbaycanın ayrı-ayrı bölgələrinə (başlıca olaraq Bakı ilə Gəncəbasara) köçürmələr baş verir. O düşünülmüş-planlı o köçürmə proseslərinin sonucunda Azərbaycanı, bu ölkənin köklü xalqını yenmək üçün ZƏRBƏ GÜCLƏRI yetişdirilir.
Hakimiyyətdən milli kimliyini soruşmazlar: hakimiyyətin yürütdüyü milli siyasətə baxıb, onun nə hakimiyyəti olduğunu anlayar, bilərlər. Bu baxımdan Əliyevlər hakimiyyətinin antimilli hakimiyyət olduğunu demək artıqdır. Ölkənin köklü xalqını çeşidli yollarla ölkədən qaçırmaqla yerinə düşmənləri gətirib dolduran bir hakimiyyətə ayrı nə ad vermək olar? Ölkənin köklü xalqı çeşidli yollarla əzilir, vurulub sıradan çıxarılır, yoxluğa sürüklənir. Assimilyasiya? Yox, bu assimilyasiya deyil. Diskriminasiya? Yox, bu diskriminasiya da deyil. Son 18 ildə (düzünə qalsa, son 40 ildə!) Azərbaycanda baş verən sosial-siyasi proseslərə ayıq başla, açıq gözlə baxsaq, görərik: bu ölkədə uzun illərdir gerçək soyqırım prosesləri gedir. Bu proseslər içində xalq çeşidli yollarla deformasiyaya uğradılaraq özlüyündən uzaqlaşdırılır.

Bütünlüklə Əliyevlərə bağlı bütün televiziyalar bir yana, təkcə elə Ilham Əliyevin əmioğlu televiziyası olan Lider TV-ni geniş səpkidə böyük bir soyqırım faktoru saymaq olar. Bu televiziyanın müxalifətlə bağlı ortaya çıxardığı verilişlər, süjetlər yalnız antimilli xarakter daşımır, ideya-siyasi, mənəvi-psixoloji baxımdan soyqırım faktoruna çevrilir. Ortada olan milli-mənəvi dəyərləri darmadağın eləməyə yönəlmiş strategiya görsənişidir. Bu strategiya hansısa bir Ədoşun düşüncəsindən, baxışlarından qaynaqlansaydı, çox da qorxulu olmazdı – bunu ötəri bir tendensiya saymaq olardı. Qorxulusu, bunların bütöv bir hakimiyyətə, o hakimiyyətin strategiyasına bağlı olması, o hakimiyyətin strategiyasından qaynaqlanmasıdır. Lider TV-nin arxasında yalnız bir adam, bir ailə dayansaydı, bu çox da qorxulu olmazdı. Qorxulusu, Lider TV-nin arxasında bütöv bir Prezident Administrasiyasının dayanmasıdır. Bu Administrasiya çox yazıldığı, çox deyildiyi kimi yalnız korrupsiya Administrasiyası deyil, ölkənin köklü xalqını planlı olaraq yoxluğa sürükləyən SOYQIRIM Administrasiyasıdır!

Azərbaycanın bir sıra strateji resursları var; bunlardan biri, sözsüz, başlıcası, NEFTdir. Başqa strateji resurslarımız bir yana, bircə neftdən ölkəmizə hər gün (hər gün!) 90 milyon dollar gəlir gəlir. Bu, gündəlik 90 milyonluq gəlirin, demək olar, 99 faizini gündəlik olaraq Ilham Əliyevlə komandası mənimsəyir: təmir-tikinti, körpü-yol, asfalt-abadlıq adı altında. Bütün bu mənimsəmə-cinayət faktlarını gizlətmək üçün bütün seçkiləri saxtalaşdırmaq, saxta parlament, saxta hökumət, saxta “hesablama” palatası, saxta antikorrupsiya qurumu kimi qurumlar yaratmaq gərəyi yaranır. Bunların hamısını ört-basdır eləmək üçün ortaya Lider TV kimi amoral, AzTV kimi yalana bürünmüş anormal televiziyalar çıxarılır.