Konsul ətrafında qalmaqal davam edir

Sankt-Peterburqdakı münaqişə böyüyür və yenidən gündəmə gəlir

Yaxın günlərdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun vəzifəsindən kənarlaşdırılacağı barədə şayiələr yayılıb. Osmanovun vəzifədən kənarlaşdırılacağına səbəb kimi Novruz bayramı ərəfəsində Peterburq şəhərində keçirilən bayram konsertində baş vermiş bir insidentin əsas götürüləcəyini bildirirlər.
Xatırlayırsınızsa, həmin konsert zamanı azərbaycanlı iş adamı Vaqif Məmişov rəsmi təbrik üçün səhnəyə çıxan baş konsulu bir azərbaycanlı qızın namusuna təcavüz etməkdə suçlamışdı.
Qüdsi Osmanovla bağlı məsələ öz yerində, amma bu münaqişənin daha dərin köklərinin olduğunu bildirənlər də var. Biz münaqişə tərəflərinin heç birinin mövqeyini əsaslandırmaq fikrində deyilik. Sadəcə, Peterburqdakı baş konsul ətrafında yaranmış ziddiyyətli olaylarla bağlı bəzi araşdırmalar aparırıq. Münaqişənin kökü nədən ibarətdir? Nədən, Qüdsi Osmanov oradakı diaspora ilə, hətta ola bilsin ki, az müddət əvvəlki ortaqlarının qəzəbinə tuş gəlib? Bu məsələlər barədə çoxlu informasiyalar var.
Bugünlərdə Qüdsi Osmanovla bağlı münaqişə tərəflərindən biri Bakıya gələrək burada müəyyən hakimiyyət dairələrilə danışıqlar aparıb. (Məsələni maraqlı edən cəhət də elə bundan ibarətdir ki, münaqişənin hər iki tərəfinin hakimiyyət çevrələrilə özəl münasibətləri var). Bundan sonra Qüdsi Osmanovun vəzifədən kənarlaşdırılacağı barədə şayiələr yayılıb. Yəqin ki, yaxın günlərdə bu münaqişənin detalları ölkə mediasını yenidən tutacaq.

İnformasiya şöbəsi