Etiraf məktubu

(Professor Kamil Vəli Nərimanoğlu həyat yoldaşına nələri etiraf edir və nələri təlqin edir)

Kamil Vəli

Bu yazını şanlı məktub – əbədi eşq məktubu kimi də oxuya bilərsiniz, yaşlı adamın etirafı kimi də, vəsiyyəti kimi də… Bu dindar müsəlman qadının dünyəvi baxışındakı aydınlıq, müasirlik, mədəniyyət məni heyran etmişdir. Onun açdığı süfrəni kimsə aça bilməzdi. O, sözləri dənə-dənə, bərraq, aydın deyən, səmimi, isti sözü ilə könülləri fəth edən nadir insan idi. Allah ona ilahi vəchi, dünyəvi idrakı elə bir nisbətdə bəxş etmişdi ki, bu nisbət hər Allah bəndəsinə, dindarına qismət olmur. Şahzadə xala qədim, çiləli Dərbəndin insan şəklində təcəllisiydi. Allah qəni-qəni rəhmət eləsin.
başlanğıcı ötən sayımızda

Mən səninlə ananın qəbri üstünə gedə bilmirəm. Qorxuram. Sənin sakit-səssiz axıtdığın göz yaşı, çəkdiyin ah, inilti məni elə yaralayır, elə sarsıdır ki, sonra uzun müddət özümə gələ bilmirəm. Ilk dəfə Ankarada Məmməd Əminin qəbrini ziyarət edərkən sənin “Qəribim” deyib axıtdığın göz yaşı, o müqəddəs qəbrə axan göz yaşının nisgilin, həsrətin, əqidə ağrısının, amalın, imanın rəmzi olduğuna ürəkdən inandım.

Sən Məkkədə Ümrə ziyarətində də oldun. Allah oğlanlarımızdan razı olsun. Bu kəramət bizə qismət olsun…
Din sənin içində əxlaqa çevrilmiş dini dəyərlə milli dəyər, əxlaqi dəyərlə yoğrulmuş, cilalanmışdır.
Həzrət Fatmanın adını daşıyırsan, ona layiq olmağa çalışırsan.

Atatürkü, Məmməd Əmini, Üzeyir bəyi, Ə.Elçibəyi, B.Vahabzadəni sevirsən. Sevmədiklərini saymırsan, çünki sən də sevmədiklərinin adlarını dilinə belə gətirməyi heç sevmirsən. Müaviyəni, Yezidi sevmədiyin qədər sevmirsən. Islam dünyasında Həzrət Fatmaya qızılgülün qönçəsi deyirlər.
O gülün ətrini mən səndən də duyuram, ömrüm-günüm.
Allah səni o ətirdən, o ətri səndən ayrı etməsin.
Haqq yolunda axıdılan qan şəhadət, göz yaşı ibadət yoludur.
Sən nə əzab çəkmisənsə eşqin üçün çəkmisən. “Eşqin bir əvəzi var” deyib ərənlər. Eşq üçün çəkilən çilələri müqəddəs bilmişlər demiş bu sözləri.

Həyat ümidsizlikdən ümid yaratmaqdır

Mən Azərbaycanda baş verənləri yalnız qara rəngdə görmürəm. Qara rəngdə olan bugünkü rejimdir. Ortadan 4-5 il çıxsan son 40 il zil qara rəngdədir. Amma bu dörd-beş il Azərbaycan milli hərəkatı, milli dövlət və milli dövlət islahatları kimi çox böyük əhəmiyyət daşıyır. Bu dövr ilə Məhəmməd Əmin dövrünü bir xətt birləşdirir – ortadakı sovet dövrü və sonrakı postsovet avtoritarizm dövrü milli iradəni, demokratiyanın ifadəsi deyil, əksinə xalis düşmənidir. Amma rejimlər o torpağı, o insanı deformasiya edə bilsə də konformizm bataqlığına sürükləyib salsa da məhv etmək gücündə deyil. Bu ziddiyyət və qarışıqlıqda, əxlaqın və mənəviyyatın əyildiyi, çatladığı, ruhun Hz.Isa kimi çarmıxa çəkildiyi zamanda ədəbiyyat üçün çox böyük bir fəza açılır. Bu mənada mən ədəbiyyat dəllallığını, sənət mafiyasını, yaranmamış yeni ədəbiyyat cəhdlərini, ölməmiş köhnə ədəbiyyat çırpınışlarını bir kənara qoyub 14-15 yaşlı bir gəncin gəlib böyük həyat və ədəbiyyat yaradacağına inanıram.

O gənc, o yeniyetmə mənim ümidimdir, onun yolunda bir şam yandırmaq istəyirəm. Indiki Azərbaycan ədəbiyyat, sənət baxımından dünyanın ən fenomenal ölkələrindən biridir. Bölünmüşlük, anoxronizm, kompleks, anormallıq dərəcəsinə  gəlib çatan sosial proseslər, yalanın həndəsi silsilə ilə artımı, insanın yeni mənfilik və müsbətlik dərinlik, genişlik diapazonu fantasmoqorik insan mənzərələri Azərbaycanı ədəbiyyat… sənət üçün maraqlı edib. Maraqlı sözü yetərli deyil. Eybəcərlik və gözəllik elə bir həddə çatıb, elə bir qarışım yaranıb it yiyəsini tanımayan bu məmləkətdə bütün dəyərlər dəyişib, hər şey dibə vurub və bədii ifadəyə ehtiyac sonsuz dərəcədə yüksəlib. Həyatın, insanın böhranı sənətin, sözün yeni intibahı üçün cazibə mərkəzinə çevrilib. Söhbət siyasətdən, siyasi publisistikadan getmir. Söhbət şeytanın tüğyanından, Allahın səbrindən, eksperimentə çevrilmiş məmləkətin sonsuz qəribəliklərindən gedir.

Mən bu absurd fikirlərimi yalnız səninlə bölüşürəm. Əlbəttə ki, nə sənətin, ədəbiyyatın adını nə sən çəkirsən, nə mən. Mənim bu cür elmi ailələrdən acığım gəlir, hətta onlardan iyrənirəm. Biz qaynayan qazandan, onun içində bişən həlməşikdən, anomaliya tüğyanından büsbütün dəyişən, şəkilsizləşən üzvlərdən danışırıq. Bəlkə də bu əcayib mənzərə qiyamətin təbii şəklidir. Bilmirəm. Heç sən də bilmirsən. Sadəcə, bilmirik. Hamı kimi xoşbəxtliyimiz  bilmədiyimizi bilməkdir.

“Eheyyy!!! Hardasan, canım?!”

Gözəlim, nə siyasət qəddarları, nə rejim, padşah məddahları, nə də ədəbiyyatın, sənətin, elmin mafiyalaşmış dəllalları məni öldürə bildi. Heç yel olub yanımdan da keçə

bilmədilər. Keçə bilməyəcəklər də. Onlarda məni öldürəcək silah yoxdur. Mən onların dünyasının, dilinin adamı deyiləm. Başımın üstündə Allahı, yanında sən olan, balaların olan adamı kim öldürə bilər ki?! Puç karyeraların, puç yaradıcılıqları ömürləri qədər olan bu gədə-güdələr hansı vəzifədə, rütbədə olursa olsun, pulları-sərvətləri nə qədər olursa olsun heç kəsə heç nəyə gərək deyillər. Yelnən gələn selnən gedər. Azərbaycanın işığı Mirzə Fətəlidən, Mirzə Cəlildən, Sabirdən, Üzeyir bəydən gəlir. Xudu müəllimdən, Elçibəydən gəlir. Bu gün Alim Qasımovdan, Rafiq Əliyevdən, Vaqif Bayatlıdan, Səyavuş Dadaşdan, Ayaz Salayevdən… gəlir. “Bir şəm ki, haqdan yana” onu nə rejim, nə milli yaltaqlar ordusu söndürmək gücündə deyil.

“Eheyyy!!! Hardasan, canım?!”… Bu sənin səsindir. Bu səs mənim taleyimin səsidir. Məni bu qədər murdarlıqdan qoruyan o səsin önündə baş əymək də bir xoşbəxtlikdir.
Gözümün işığı, sənə bir “Şanlı məktub” yazmaq istəyirdim. Söhbət gəlib çatdı siyasətə, bizim sevdiklərimizə və sevmədiklərimizə. Sən gözəl bilirsən ki, mənim könlüm işıqla bəslənir, ümidlə, eşqlə yaşayır. Nifrət mənim, elə sənin üçün də keçici anlardır. O anların qan qaraldan, ürək bulandıran anları bizim ürəyimizə ləkə sala bilməz.
Mən yaşatma gücünün öldürmə, məhvetmə gücündən böyük olduğuna inanıram
Əzizim, mən sənin qrammatika müəllimin olmuşam, sən mənim eşq müəllimim.

Mən qrammatikanı sənə az-çox öyrətdim. Fəqət sənin məhəbbət dərsin elə çətin dərsdir ki, öldüyüm gün o dərsin sirrini açıb söyləyəcəyəm, özü də sənə söyləyəcəyəm, sənin özünə.

Aslanı meşədən çıxarmaq olar, fəqət meşəni aslanın içindən çıxarmaq olmaz. Ölkədən ədaləti çıxarmaq olar, fəqət bizim içimizdən haqqı, ədaləti çıxarmaq olmaz.
Əzizim, bu 40 ilə çatacaq evlilik həyatından çox razıyam. Şükürlər olsun. Tək bir şeydən bir azca tədirginəm. Bəlkə də səhv edirəm. Sən xarakterinə, təbiətinə uyğun olaraq natəmizliyi, satqınlığı, yalançılığı, riyanı, ikiüzlülüyü əsla qəbul etmirsən. Doğrudur, mən də sənin prinsipinlə yaşayanlardanam. Fəqət dostların, doğmaların və ya təsadüflərin, qurbanların əfvini sən yaxına qoymursan. Bu qəddarlıq və kin olmasa da, inaddır, prinsiplərdə ifratdır. Allah əfv edənləri sevər – deyirlər. Hz.Muhəmmədin, Hz.Əlinin, Hz.Ömərin… imanı da, bilgiliyi də, ədaləti də olub, rəhmi, əfvi də. Beş barmağın beşi də bir deyil. Bəzən yüz acını yeyərlər bir acının xatirinə. Səni sevməyənləri də sevməsən belə yola verməyi, səbrli olmağı başarmaq lazımdır. Insanları yanlışlıqlarına, yekəbaşlığına, qanından gələn riyakarlığına görə öldürmək olmaz. Tövbə qapısı həmişə açıqdır – özündən asılı olmayan günahlar üçün də, özündən asılı günahlar üçün də. Qoy yolunu sapmışları Allah və vicdan cəzalandırsın. Əks təqdirdə sənin sağlamlığın, xeyirxahlığın arzu və ümidlərin zədələnə bilər.

Zaman o qədər geniş, dünya o qədər böyükdür ki, ictimai həyatda da, şəxsi həyatda da hər şey öz yerini alacaq. Mən yaşatma gücünün öldürmə, məhvetmə gücündən böyük olduğuna inanıram. Mühüm olan sənin sakit, əmin yaşamandır. Bu yaşam dünyaya təmizlik, ümid, xeyir enerjisi dağıdırsa, ona heç kimin toxunmağına, hətta özümüzün də dəyməyinə lüzum, ehtiyac yoxdur. Unutmayaq ki, Allah böyükdür. Bir də bunu unutma ki, sən hər kəs kimi deyiləm. Sən fərqlisən. Böyüklüyün də bu fərqdədir.

Istər elm olsun, istər sənət yeni bir kəşf edilirsə, bütün dünyalılar o kəşfdən sonra ağıllanır (və ya zənginləşir). Avropada olan kəşf Afrikadakı insana təsir edə bilirsə, bu tipin, növün, konkret olaraq insanın dəyişməsidir. Bu anlamda Leonardo da Vinçi qədər də, Füzuli, Eynşteyn qədər də Dostoyevski və ya Şekspir insanın düşüncə, hiss hüdudlarını genişləndirmiş olur. Mən bu təsirin mexanizmini açmaqda acizəm. Fəqət bu ağıllanmanı və duyğulanma prosesini duyğu-düşüncə potensialı hesab edirəm.