Iqtidar ideoloqları bir-birinin ağzına tüpürübmüş kimi, müxalifətin mitinqlərinin adlarından (11 mart – “Böyük Xalq Günü”, 2 aprel – “Böyük Qəzəb Günü”, 17 aprel – “Böyük Birlik Günü, könül istər ki, növbətisi də ”Böyük Qapaz Günü” olsun, çünki bu rejimlə artıq başqa dildə danışmaq mümkün deyil) çıxış edib onu ərəb inqilablarından ruhlanmaqda günahlandırırlar. Hətta keçənlərdə onların sırasına bizzat kral həzrətlərinin özü də qoşuldu, dedi: “Vaxtaşırı hər hansı ölkədə baş verən hadisə bunları da canlandırır, ruhlandırır”.
Bəlkə Ilham Əliyev istəyir ki, biz ancaq ondan ruhlanaq və Dubayda özümüzə bahalı villalar alaq? Bəlkə biz Ilham Əliyevdən ruhlanıb Soçiyə xizək sürməyə getməliyik?
Ümumiyyətlə, Ilham Əliyevin yuxarıdakı sözlərini təbəssümsüz oxumaq mümkün deyil. Bu gün Suriyada – Bəşər Əsədə qarşı etirazlar bizi təbii ki, ruhlandırmalıdır. Çünki elə həmin Ilham Əliyevin atası 2000-ci ildə Hafiz Əsədin hakimiyyəti xalqın iradəsinə tüpürərək oğluna ötürməsindən ruhlanmış, öz oğlunu Azərbaycanda iqtidarın təpəsinə oturtmaq üçün qollarını sıvamağa başlamışdı. Deməli, bunlar Suriyadan ruhlanıb iqtidarı atadan oğula ötürə bilərlər, amma biz Suriyadan ruhlanıb monarxiyaya qarşı ayaqlana bilmərik?
Deməli, bunlar Mübarəkdən ruhlanıb, onun kimi daha neçə on illər boyu Azərbaycanda öz tayfa hakimiyyətlərini qorusunlar deyə “Misir modeli” qurmaq üçün dəridən-qabıqdan çıxa bilərlər, amma biz Misir xalqının mübarizə əzmindən ruhlanıb ölkədə despotizmin xanimanını başınamı uçura bilmərik?
Deməli, bunlar Azərbaycanda təkəlçiliyi gücləndirmək, millətin bütün sərvətlərini bir ailəyə mal etmək üçün Bin Alidən, Əli Abdullah Salehdən istədikləri qədər ruhlana bilərlər, amma biz Tunis və Yəmən xalqlarının zülmün, istibdadın caynağında daha artıq inləmək istəməyib, ədalətsizliyin, yağmaçılığın daha artıq girovuna çevrilmək istəməyib başladıqları müqəddəs mübarizədənmi ruhlana bilmərik?
Ya da məsələn, “dünyanın ən uzun bayrağı…”. Onu ilk dəfə harda düzəltmişdilər? Səfalət və cəhalət səviyyəsinə görə bizimlə xurcuntayı olan Livanda. Indi Ilham Əliyev Livandan ruhlanıb onlarınkından da uzun bayraq düzəltdirə bilər də, amma sabah Livanda üsyan bayraqları qaldırılsa, biz bundan ruhlana bilmərikmi?
Yaptokratlar ərəb şeyxlərinin oğruluqla, quldurluqla qurduqları təmtəraqlı həyatdan ruhlanıb özlərinə daha parlaq bir həyat qura bilərlər, ərəb ölkələrindəki korrupsiyadan ruhlanıb Azərbaycanda korrupsiyanı daha da çiçəkləndirə bilərlər, amma biz ərəb xalqlarının qəflətdən oyanmasından, irtica rejimlərinə yumruq silkələməsindən ruhlanamı bilmərik?
Ruhlanarıq, hələ o tərəfə də keçərik. Şəxsən mən bu saat Kot-d-Ivuarda illərcə xalqına qan uddurmuş, onu öz köləsi kimi görmüş bir diktatorun yataqda tumançaq yaxalanıb xalqın mühakiməsinə verilməsindən dəhşətli dərəcədə ruhlanmışam, varmı deyəcəyiniz?
Həyasızlıq sərhəd tanımayanda
Günlərdir “Yeni Azərbaycan” Elşad Məmmədli adlı Şəki müsavatçısından hədyanlar yazmaqdadır. Əvvəlcə onun Müsavatdan istefasını uydurdular. Elşad bəy çıxdı təkzib etdi. Sonra Elşad bəyin təkzibinin özünü təkzib edən uydurma bir xəbər yaydılar.
Elşad bəy çıxdı bunu da yalanladı. “Yeni Azərbaycan”dakı üzlülüyə baxın, o yalanlamanın özünün də yalan olduğunu qondarıblar.
Bir sözlə, Şəki müsavatçısı hakimiyyətin yalan və şər maşını ilə neyləyəcəyini bilmir.
Əcəb zibilə düşmüşük, bilmirik hansı ilə məşğul olaq: bunlara özlərinin korrupsioner, saxtakar, talançı olduqlarınımı, yoxsa özümüzün müxalifətçi olduğumuzumu?