“Etiraz aksiyaları üçün müxalifətin tələb etdiyi məkanlar ayrılmalıdır!”
Avropa Birliyi son günlər Azərbaycan hakimiyyətinin müxalifətə qarşı artan təzyiqləri və vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunmamasıyla bağlı sərt bəyanat yayıb. Qurumun genişlənmə və qonşuluq siyasəti üzrə ali komissarı Ketrin Eştonun xüsusi nümayəndəsi Stefan Füle tərəfindən açıqlanan sənəddə bildirilir ki, Avropa Birliyi Azərbaycanda baş verən son ictimai-siyasi prosesləri diqqətdə saxlayır, ölkədə sərbəst toplaşmaq və söz azadlığının məhdudlaşdırılmasından çox ciddi narahatlıq keçirir.
“Biz Azərbaycanda insanların sərbəst toplaşmaq azadlığının sərt qaydada məhdudlaşdırılmasından həddən artıq narahatıq. Azərbaycanın hakimiyyəti müxalifət tərəfdarlarının keçirdiyi dinc aksiyaya sərt müdaxilə edib və çoxlu sayda etirazçı həbs olunub. Hətta bəzi aksiya iştirakçılarına inzibati cəzalarla yanaşı barələrində həbs qərarı çıxarılıb. Dinc aksiyanın təşkilatçıları barəsində cinayət işi açılıb. Jurnalistlərə, gənclərə və ictimai-siyasi fəallara qarşı təzyiqlər artıb. Yerli və beynəlxalq təşkilatlar bu hadisələri insan haqlarının kobud şəkildə pozulması və söz azadlığına qarşı sərt müdaxilə kimi qiymətləndirib”,-deyə Avropa Birliyinin bəyanatında bildirilir.
Avropa Birliyi Azərbaycan hakimiyyətini vətəndaşların sərbəst toplaşmaq hüququnu tanımağa, dinc aksiyaların keçirilməsinə müdaxilə etməməyə və müxalifətin etiraz askiyalarını keçirməsi üçün tələb olunan məkanları ayırmağı çağırıb. Təşkilatın bəyanatında əliyev iqtidarını ATƏT və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, insan haqları və demokratik pirnsiplərə hörmət etməyə çağırıb.
Avropa Birliyi bəyanatın sonunda bildirir ki, təşkilat Azərbaycanın bütün ictimai-siyasi elitasında təmsil olunan tərəflərin dialoqa başlanması təklifini irəli sürür. Və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu vurğulayır.
İnformasiya şöbəsi