Politoloq Z.Bzejinski daha bir optimist bəyanatı ilə gündəmə gəldi. Politoloq bildirib ki, Iranda dəyişikliyi qərbyönümlü insanlar yaradacaqlar. Mən indicə onun sözlərindən bir şüar düzəltmək istəmirəm. Iranın da transformasiyası labüd bir prosesdir. Düzdür, son hadisələr göstərdi ki, ABŞ-ın Iranla bağlı ciddi hərbi niyyətləri yoxdur. Ən azı ona görə ki, ABŞ administrasiyası ərəb dünyasındakı proseslərə maraq göstərsə də, Liviyadakı müharibədən kənar olmağı üstün tutdu, özünün sayca üçüncü müharibəyə cəlb olunmasına yol verməyərək, prosesi NATO-nun öhdəsinə buraxdı.
Indi məni başqa bir sual düşündürür. Görən, Yaponiyada AES-də baş verən qəzadan sonra Iran nə düşünür? Hətta Almaniya öz ərazisində 6 AES-in bağlanacağını bildirdi. Bu əslində, Iran üçün düşündürücü bir məsələ olmalı idi. Ona görə ki, Yaponiya tikintini hansı yüksək standartlarla aparır, bu, hamıya yaxşı məlumdur. Zira bu da Yaponiyanı xilas etmədi, partlayış baş verdi. Belə bir təhlükə Iranı da gözləmirmi? Və belə olan təqdirdə Iran qonşu dövlətlərin təhlükəsizliyi ilə bağlı hansı təminatları verir? Bax, məsələnin qəliz tərəfi də elə budur.
Indi nüvə enerjisini əldə etmək ərəfəsində olan Iran rejimi özünün əbədi olacağı haqda xam xəyallara qapılır. Olsun. Amma qismən tox ərəb dünyası azadlıq haqqında düşünürsə, iranlıların bu haqda düşünmədiyini zənn etmək tamam absurd olardı. Rusiya da bizim üçün yeni təhlükə mənbəyi haqda proqnozla çıxış edir. Guya Iranda bir şey olsa, bizlər “Iran azərbaycanlılarının ayaqları altında qalacağıq”. Olsun! Bizə xoşdur! Təki Cənubi Azərbaycan azad olsun!
“Forbes” Rusiya milyardçıları haqda
Məşhur “Forbes” jurnalı Rusiyanın milyardçılarının siyahısını açıqlayıb. Bu siyahıda, yaddaşım məni aldatmırsa, 100-dən çox adamın adı çəkilir. Bəli, artıq demək olar ki, Rusiya tamam başqa bir formasiyadadır. Bu göstərici o deməkdir ki, Rusiya bir daha geri qayıtmayacaq. Buna, bu 100 nəfər imkan verməz.
Çox maraqlıdır, “Forbes” Azərbaycanda belə bir tədqiqat aparsaydı, bu siyahıya kimlər başçılıq edərdi? Ümumiyyətlə, Azərbaycanda milyardçı varmı? Maraqlı sualdır, deyilmi? Əgər şəffaf iqtisadiyyatdan, bazar ruhunda inkişaf edən iqtisadi münasibətlərdən dəm vururuqsa, burada da belə qrup olmalıdır. Mən ona görə qrup deyirəm ki, onların sayı aydındır ki, minlərlə ola bilməz.
ABŞ siyasətçilərindən biri demişdi ki, ABŞ iqtisadiyyatının bərk təməli böyük amerikalılardır. Bəli, bu fikirdə də müəyyən həqiqət var, azad iqtisadiyyat müəyyən mənada böyük biznesdən asılı olur. Hə, deyilənə görə “izostatik tarazlıq” anlayışı var, yəni dağlar müəyyən mənada Yerin tarazlıq təminatçısıdır. Böyük biznes də belədir, o da tarazlığı qorumağa xidmət edir və bunu təmin edir. Amma bir şərtlə ki, bir biznes qütbü olmasın, ən azı bir neçə dənə olsun və onlar bir-birini tarazlaşdırsın.
Elə siyasət də belədir, bir neçə elita qrupu olanda onlar arasında saziş olur və bu saziş də tarazlıq yaradır. Düzdür, bu, politologiyada elitizm nöqteyi-nəzərindən iddia edilir, amma məsələ bunda deyil. Əsas odur ki, həyat da müəyyən mənada elə bu həqiqəti təsdiq edir.
Bu il kimi oxuyacağıq?
Bilmirəm, milli kitab müsabiqəsi nə yerdədir? Nəsə proses bir qədər sönük keçir. Hər halda, maraqlı tədbirdir. Mən bunun digər tərəflərinə toxunmaq və bununla bağlı mübahisə yaratmaq istəmirəm. Bu, yazıçıların işidir, yaxşı və pis tərəfləri onlar bilirlər. Mən isə oxucuyam və oxumağa kitablar axtarıram. Həm də məni bir məsələ düşündürür. Rusların milli Bukeri var. Elə isə bizim niyə belə mükafatımız olmasın?.. Ədəbiyyat həyata müdriklik gətirir, insana təmkin verir. Ona görə də səbrsizliklə belə bir sualın cavabını gözləyirəm: bu il kimi oxuyacağıq?
Kiçik sözardı
Geosiyasətdən iqtisadiyyata, oradan ədəbiyyata və yenə də siyasətə – belə bir gəzişmə etdik. Mən oxucuları gərgin, ağır siyasi analizlərlə yormağın elə də tərəfdarı deyiləm. Oxucu üçün düşünməyə mümkün qədər çox məlumat saxlanılmalıdır. Biz sadəcə düşünmək üçün impuls verməliyik, düşünməyə təhrik etməliyik. Missiya budur…