Rusiyada ikihakimiyyətlilik başladı

Prezidentliyə namizədlik uğrunda mübarizə Medvedevlə Putini üz-üzə qoydu

 

Rusiya dünya gündəminə ziddiyyətli hadisələrlə girir. Bir neçə gün öncə baş nazir Vladimir Putin özünün və ya dövlət başçısı Dmitri Medvedevin prezident seçkilərində namizəd kimi iştirak edəcəyi barədə hələlik dəqiq qərarın olmadığını demişdi. O, belə bir arqument gətirmişdi ki, əgər indidən Rusiyada kimin əsas namizəd olacağı barədə diskussiya başlasa, bu, ölkəni iki yerə bölə bilər.

Putinin bu fikirləri səsləndirməsi sözügedən parçalanmanın ölkənin əsas gündəmi olması deməkdir. Deməli, Rusiyada prezident Medvedev və baş nazir Putin arasında davam edən səlahiyyət mübarizəsi açıq müstəviyə keçib. Rusiyada tarix təkrarlanır. Bir əsr öncə yaranmış ikihakimiyyətlilik yenidən Kremlin ulduzlarını “söndürür”. Rusiyada hakimiyyət ölkəyə nəzarət imkanlarını itirdikcə bu ölkənin imperialist maraqlarına qurban gedən xalqların azadlıq mübarizəsi də güclənir.
Rusiyada baş verən hadisələrin Azərbaycana da birbaşa təsirlərinin olduğu şübhəsizdir. Biz hələlik bu ölkənin daxilində yaranan problemlərin hansı nəticələr yarada biləcəyinə diqqət edək.

Medvedev namizəd olacaq

Dmitri Medvedev bəyan edib ki, o, namizəd olacaq. Prezident seçkilərində Medvedevin real şansları Putinin geriçəkilmələrilə böyüməyə başlayır. Belə ki, Putin tərəddüd etməyə başladıqca, hazırkı prezident daha qətiyyətli və birmənalı təəssürat bağışlayır. Rusiyada güclü müxalifətin olmaması bu ölkədə islahatların hakimiyyətin daxilində olan liberal qanad vasitəsilə həyata keçirilməsini zəruriləşdirib. Ölkədə indiyə kimi müxalifətçilik etmiş qüvvələr hələlik açıq ifadə etməsələr də, prezident Medvedevin tərəfində olduqları şəksizdir.

Beləliklə, Rusiyada Medvedevin ciddi alternativ olmaq imkanları günü-gündən böyüyür. Buraya Dövlət Dumasının spikeri Sergey Mironovun da prezidentin tərəfindən çıxış etməsini, “Vahid Rusiya”ya qarşı müxalifətə keçməsini də əlavə etsək, məsələ tam aydın olar.

“Vahid Rusiya” vahidliyi pozdu…

Baş nazir Putinin sədrlik etdiyi “Vahid Rusiya” partiyası isə seçkilərdə Putinin namizədliyi olarsa, onu dəstəkləyəcəklərini bəyan ediblər. Bu açıqlamanı Medvedevə təzyiq kimi də şərh etmək olar. Medvedev birmənalı şəkildə iştirakını bəyan etməklə, Putini ikinci plana atıb. Amma baş nazir də özünün bu seçkilərdə vahid namizəd kimi iştirakını hava-su kimi vacib sayır. Çünki Putin Medvedevlə yarışacağı təqdirdə Rusiyada dövlət aparatı iki yerə bölünəcək.
Beynəlxalq dəstək də Medvedevin tərəfindədir. Putin isə inadla seçkiyə qatılıb məğlub olacağı təqdirdə, ciddi təzyiqlərə məruz qalacaq. Hətta onunla davranış vasitəsi kimi, həbs də seçilə bilər. Putin isə sona qədər vahid namizəd olmaq üçün çalışacaq. Bu alınmadıqda isə o, bütün danışıqlarını özünün qarantiyası üçün aparacaq. Indiki durumdan da görünür ki, ikinci variant daha realdır. Çünki Putin indidən ikinci planda görünür.

Bayden nə demişdi?

Bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti Cozef Bayden Rusiyaya səfəri çərçivəsində Moskva universitetində çıxış etmişdi. Bu zaman onun ən yadda qalan fikirləri Putinin prezidentliyə namizədliyi barədə idi. O demişdi ki, Vladirmir Putin prezidentliyə namizədliyini irəli sürərsə, bu, onun özü üçün də, Rusiya üçün də yaxşı nəticələnməz. ABŞ rəsmisi açıq şəkildə Putinə mesajını çatdırmaqla, öz ölkəsinin Medvedevi dəstəkləyəcəyini ifadə edib.
Digər tərəfdən, Rusiyada Putinə göz tikənlərə və Medvedevi dəstəkləməkdə tərəddüd edənlərə də bu mesajın çox ciddi təsiri olduğunun şahidiyik.

Dumaya seçkilər – ilk sınaq…

Bu ilin sonlarında Rusiya Dövlət Dumasına seçkilər olacaq. Bu seçkilərin nəticələri prezident seçkiləri üçün bir test rolu oynayacaq. Çox güman ki, Rusiya parlamentinə müxalifətin ciddi bir fraksiyası daxil olacaq. Hakimiyyətin liberal qanadı ilə birlik əldə etmək mümkün olsa, bu iki fraksiya spikerin seçilməsində ciddi rol oynaya bilər. Beləliklə, üçüncü şəxsin kimliyi birinci ilə ikinci arasındakı savaşın qalibini təyin edən faktor ola bilər. Hələlik Medvedev şanslı, Putin aqressiv görünür. Rusiya ən azı, daxili siyasi duruma görə iki mühüm cəbhəyə bölünəcək.

Seymur Həzi