ADP İctimai Palataya təklif göndərdi

Bu partiya bəyanatında “Hüsni Mübarəki gözünüzün qarşısına alın” dedi

 

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. İctimai Palatanın 17 aprel mitinqinin nəticələrinə münasibət bildirən İdarə Heyəti üzvləri bu mitinqin Konstitusiyanın, sərbəst toplaşma haqqında qanunun tələblərinə və Azərbaycan xalqının ölkədə demokratik islahatların ləngimədən həyata keçirilməsi istəklərinə uyğun olaraq keçirildiyini diqqətə çatdırmaqla dinc aksiya iştirakçılarına, xüsusilə də qadınlara və azyaşlılara polis və naməlum mülki şəxslər tərəfindən aşırı güc tətbiq edilməsini, onlara işgəncələr verilməsini, qeyri qanuni həbsləri qətiyyətlə pisləyib. Partiya hakimiyyəti xalqın qanuni istəklərinə hörmətlə yanaşmağa, antikonstitusion hərəkətlərdən geri çəkilməyə, eyni zamanda dinc aksiya iştirakçılarına qarşı zorakılıq göstərən polis əməkdaşlarını cəzalandırmağa və aksiya zamanı həbs edilən vətəndaşları dərhal azadlığa buraxmağa çağırıb.
Siyasi mübarizədə dinc siyasi aksiyaların və kütləvi tədbirlərin zəruriliyini bir daha xatırladan partiya yetkililəri müxalif siyasi qüvvələrin təmsil olunduğu daha geniş koalisiyada mitinqlər keçirilməsinin tərəfdarı olduğunu bildirib və xalqın  demokratiya uğrunda qələbəsini təmin edəcək mütəşəkkil siyasi mübarizəyə önəm verməyə çağırıb.

 

Beynəlxalq birliyə müraciət

Yaxın şərq ölkələrində baş verən inqilabi proseslərə münasibət bildirən İdarə Heyəti üzvləri ilk növbədə demokratiyanın daha böyük təhdid altında saxlandığı və hər gün demokratik dəyişilmələr uğrunda mübarizəyə qalxan yüzlərlə insanın məhv edildiyi Liviya hadisələrindən narahat olduğunu bildirib və beynəlxalq birliyi bu ölkədə demokratik, iqtisadi və humanitar fəlakətləri önləyən addımlar atmağa   və diktaturaya qarşı mübarizədə xalqın tələblərinə cavab verən  təsirli və qaçılmaz tədbirlər görməyə çağırıb.

Diktatorlara müraciət

İdarə Heyəti Misir prezidenti H.Mübarək və onun övladlarının yaşadığı hazırkı acı taledən bütün diktator və avtoritar rejim başçılarının ibrət götürməsinin və  öz xalqının demokratiya çağırışlarına zamanında reaksiya vermələrinin vacibliyini diqqətə çatdırıb və dünya ictimaiyyatını zülm və ədalətsizlik mənbəyi olan diktaturaya qarşı mübarizədə həmin ölkə xalqlarının yanında yer almağa çağırıb.
Fil Dişi sahilləri ölkəsində seçkilərdə uduzmuş keçmiş prezidentin hakimiyyəti qanuna müvafiq şəkildə qalib gələn namizədə təhvil verməkdən imtina etməsi müqabilində beynəlxalq ictimaiyyətin yaxından dəstəyi ilə hakimiyyətin konstitusion ötürülməsi faktını alqışlayan İdarə heyəti üzvləri beynəlxalq ictimaiyyəti bu qəbildən olan bütün hadisələrdə də eyni qətiyyəti nümayiş etdirməyə çağırıb.

Partiyadan kimsə getməyib və getmək fikrində deyil

İdarə Heyəti rəsmi informasiya vasitələrində ADP-dən çıxmalar və regional təşkilatların özünü buraxması ilə bağlı yayılan faktlara münasibət bildirərkən bu faktların heç bir əsasının olmadığını bildirib, bunu hakimiyyətin ADP-yə qarşı aparmaq istədiyi qara piar kompaniyası kimi dəyərləndirib və bütün bunların əksinə olaraq bir çox rayonlarda icra hakimiyyəti nümayəndələrinin  ADP-çi aktivlərə təzyiq edərək partiyadan çıxmaları ilə əlaqədar bəyanat vermələri tələbi qarşısında partiyanın monolitliyini qorunduğunu bəyan edib. 
İclasda həmçinin bir sıra təşkilati məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. 
Xatırladaq ki, məlumatı ADP mətbuat xidməti yayıb.