Axır ki, iqtidar əl-ayağının yerdən-göydən üzüldüyünü görüb, sonunda hakimiyyətdə qalmaq üçün bir səbəb tapdı.
Özləri də hakimiyyətdə niyə qalmalı olduğunu bilmir, çünki buna bir əsas tapmaq mümkün deyil. Mən hakimiyyətdə nə üçün qalmaq istəyirlər, demirəm. Onu çox yaxşı bilirlər – taxt-tac, hamını yumruq kimi əzə bilmək hökmü, gücü, ölkənin yerüstü, yeraltı var-yatırını son damlasına kimi sümürmək, insanların fiziki cəhətdən qismən, mənəvi baxımdan tam olaraq axırına çıxmaq, beyinlərini yuyub onları daşa, qayaya, taxta parçasına, düşünə bilməyən birhüceyrəliyə çevirmək. Bütün doğal insan haqlarını əllərindən alıb, əvəzində bir parça zəhərə dönmüş çörəklə təmin eləmək. Yaltaqlığı, alçaqlığı, şərəfsizliyi, qorxaqlığı, riyakarlığı, büsbütün aşınmış əxlaqı – yəni əxlaqsızlığı dinə, yaşam üçün tək vasitəyə, tək yola çevirmək. Tam bir eybəcərlik cəmiyyəti. Və dilsiz-ağızsız toplumun başında əsrlərcə ağalıq etmək.
Budur onları hakimiyyətdən yüzəlli tutmağa sövq eləyən. Hakimiyyətdən getməklə necə rəzil bir duruma düşəcəklərini anladıqlarındadı. Gedən diktatorların, onların böyür-başının nə günlərə, nə hallara düşdüyünü hamı görür. Başqa cür getməyə isə deyəsən nə üz, nə həvəs var. Onunçün də yol, Qəzzafi yoludu. Öldü var, döndü yoxdu. Halbuki hər şey tam başqa cür ola bilərdi. Insanca, mədəni, əzizlənərək, arxasınca güllər səpilərək…
Hakimiyyətdə qalmağa bir saman çöpü tapdılar axır ki! Getmək üçünsə milyon səbəb var. Həmin milyon səbəbdən bir neçəsini onların nə üçün qalmaq istədikləri abzasında yazdım.
Özləri də arayır, axtarır və bir səbəb tapa bilmirlər qalmaq üçün. Ümidləri hər yerdən üzülüb – dünyadan, xalqdan. Dünyanı xox gəlməklə qorxutmaq olmaz, xalqın başını isə yumurtayla, kanalizasiya ilə aldatmaq. Onsuz da avtobuslarla görüşə gətirilənlər xalq deyil, hər yerdə öyrədilmiş sözləri tutuquşu kimi təkrarlayanlardı. Biri ağsaqqallar şurasının sədridi, biri ağbirçəklər.
Və qəfildən ağıllarına gəldi. Səbəb tapdılar. Artıq bu səbəbdən sonra dünya yığışıb gələ, deyəmməz ki, hakimyyətdən gedin. Ölkənin hər dəlmə-deşiyində – unitazlarda, hamamlarda, barlarda, mehmanxanalarda, kirayə verilən evlərdə, avtomobillərdə, hətta vətəndaşların şəxsi evlərində, iş yerlərində, küçələrdə – siçan deşiklərində belə qurulan izləmə kameraları yeni fakt üzə çıxardı. Bu, çox dəhşətli bir faktdı. Demə, bu hakimiyyəti tənqid eləyən bir-iki jurnalist tək qalanda öz bədən üzvlərindən həzz alıbmışlar. Pah, əlini bədəninə toxunduran adamın tənqidi nəyə yarar? Əgər o hakimiyyəti tənqid eləyən biridirsə, deməli, daha hakimiyyətdə qalmaq üçün mənəvi səbəb var. Öz siyasi-iqtisadi-mədəni fəaliyyətlərində hakimiyyətdə qalmaq üçün səbəb tapa bilməyənlər indi əlini bədən üzvlərindən birinə toxunduran şəxslərə nə qədər də minnətdarlıq hissi keçirirlər.
Baxın, deyirlər, baxın, görün hakimiyyəti kimlər tənqid eləyir. Ay xalq, deyirlər, görün bunlar nə qədər əxlaqsızmış, onlar tək qaldıqlarında əllərini öz bədənlərinə toxundururmuşlar, üstəlik, utanmaz-utanmaz bizi tənqid də eləyir, istefa deyə qışqırırlar. Ay xalq, inanın, onların bədənlərində bəzi üzvlər də varmış və xəcalət çəkmədən, bizim qurduğumuz kameraları veclərinə almadan ona toxunurmuşlar da. Görün onlar necə əxlaqsızdı, bilə-bilə ki, biz bu kameralarla çəkdiklərimizi efirə belə çıxaracağıq, onlar yenə də öz ehtiraslarını boğa bilməyiblər. Ar olsun onlara. Xalq, sən axır ki, ağı qaradan seç. Biz hakimiyyətdə qalaq.
Iyrəncliyin son həddidi. Yox, ama güman eləmirəm ki, son ola. Hətta türmələrdə belə, məhbəs qanunları məhkumların öz bədəni üzərində hakimliyini normal qəbul eləyir. Indi bizim harada yaşadığımızı düşünməyə cəhd eləyin. Az da olsa…