Zakir Qaralov, qanunlara siz hörmət etmirsiz!

Tamam ayrı yazı yazacaqdım – ölkənin təhlükəsizliyini qorumalı olan hakimiyyətin gənclərin strateji yerlərinə kamera yerləşdirmələrindən, azadlıqları və insan kimi yaşam haqları pozulan əhalinin aktiv təbəqəsinin qarşılaşdığı tərbiyəsizlikdən, iqtidar mətbəxindəki ruhən ölmüş kimlərinsə cəmiyyətə əxlaqsız çarxlar yaymasından, sayğıdəyər professor Cəmil Həsənlinin dediyi kimi, siyasi mübarizənin əxlaq divarlarını sarsıdan binamusluğun ölkədə tüğyan etməsindən, yalnız azadlıq istədiyinə görə təhsil müəssisələrindən qovulan gənclərin taleyindən danışacaqdım. Iqtidara, taleyilə oynadığı bu gənclərdən kamikadze yetişdirdiyinin fərqinə varmağı anlatmağa çalışacaqdım, repressiya ilə üzləşən yeniyetmələrə, bu xalqın gələcəyi naminə hər şeyə tüpürüb ölkə dışına getmələrini və mütəxəssis kimi qayıtmalarını tövsiyə edəcəkdim.

Söhbət təkcə ali məktəbdən qovulan 3 gəncdən getmir. 2003-cü ildən bu vaxta qədər onlarla gənc siyasi əqidəsinə görə təhsildən, işdən, müəssisədən xaric edilib. Dəhşət ondadır ki, hamısının əmrində açıq-açığına “aksiyaya qatıldığına görə”, “siyasi əqidəsinə görə”, “Heydər Əliyev haqda cəfəng yazdığına görə” qovulduğu yazılıb. Bu əmrin biri də bəndəniz haqda verilib və inşallah, Azərbaycan hakimiyyəti, başda Ilham Əliyev olmaqla, taladıqları və xarici banklarda yatırdıqları varidatlarını heç bir hüquqa və məntiqə sığmayan bu əmrlərindən dolayı bizlərə mənəvi və maddi təzminat formasında qaytaracaq.

Amma qoymadı. Zakir Qaralov verdiyi açıqlama ilə düşündüklərimi qələmə almağa imkan vermədi. Ölkənin baş prokuroru media önündə “Əli Kərimli deyilən vətəndaşı Azərbaycan qanunlarına hörmətlə yanaşmağa” səsləməsilə planlarımı dəyişdi…
Ölkə qanunlarına Əli Kərimli deyilən vətəndaş hörmətlə yanaşmır, yoxsa millətin, xalqın üzü-üzünə, gözü-gözünə yalan danışan, millətin var-dövlətini talayan, siyasi azadlıqlarını boğan məmurlar?

“Məmurlar” mücərrəd anlayış oldu, eləmi? Onda elə Zakir Qaralov adlı baş prokurordan başlayaq.

Ölkənin baş prokuroru fevralın 4-də, prezidentin antikorrupsya ritorikasından bircə həftə sonra iclas keçirdi və dedi ki, “Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsinə qarşı ən ciddi tədbirlər görülməlidir”.

Aradan iki ay yarım vaxt keçib. Hanı tədbirlər, Zakir Qaralov? Uzağa getmirik, elə bugünlərdə nəqliyyat naziri Ziya Məmmədov oğluna çox dəbdəbəli bir toy mərasimi düzənlədi, milyonlar xərcləndi. Bu “dəbdəbənin” adı sizin dediyiniz məntiqlə nədir?

Korrupsiya əlaməti!

Niyə tədbir görmürsünüz, Zakir Qaralov? Hanı sözünüzün kəsəri? Siz bu xaraba məmləkətin baş prokurorusunuz, Allah qoymasa! Bəs, dediyiniz sözün arxasında niyə durmursunuz? Azərbaycan qanunlarına niyə hörmət etmirsiniz?

Azərbaycan qanunlarına görə, məmurun bizneslə məşğul olması qadağandır. “ZQAN” kimindir? Anar Məmmədovun? Gündə bir hoqqa çıxarmaqla, keçirdiyi “dəbdəbəli həyat” macəralarıyla gündəmə gələn Anar Məmmədov ölkənin yarısını inhisarına alan “ZQAN”ı qura bilər?

Ya ?Gilan Holdinq?! Guya siz bilmirsiniz ki, “Gilan”, oğlanlarının adına yazılsa da, Kəmaləddin Heydərovundur? Guya bilmirsiniz ki, saytlarda artıq heç kimdən çəkinmədən dövriyyəsi, əmlakı açıqlanan “Gilan Holdinq” hansı pulların hesabına qurulub?

Fantastik dərəcədə bahalı avtomobillərlə Avropanın göbəyində yarışa çıxan və qəza törədən Azərbaycan məmurlarının gül balalarının da kim olduğunu bilmirsiniz? Dəbdəbəli həyatın bariz nümunəsi kimi görmürsünüz bu faktları?

Görmürsünüzsə, kül bu ölkənin başına ki, belə Baş Prokurorluğu var! Görürsünüzsə, niyə bu “dəbdəbəli həyat keçirənlərə” bir əncam çəkmirsiniz?
Qanuna bu boyda hörmətsizlik edə-edə verdiyiz sözü tutmamağınız bəs deyil, hələ kimisə qanunlara əməl etməyə də səsləyirsiniz.
Cənab prokuror, insanların əsəbilə bu qədər oynamaq sizin nəyinizə lazımdır? Xalqdan və Allahdan heçmi qorxmursunuz?