Türk nazir Əli Həsənovu utandırdı

Türkiyənin dövlət naziri iki ölkə arasında həllini tapmayan viza məsələsini gündəmə gətirdi

Elxan Şahinoğlu: «Torpaqlarımızı işğal edən dövlətin müttəfiqi olan Rusiya ilə viza rejimi olmadığı halda, qardaş dövlət adlandırdığımız Türkiyəyə qarşı viza rejiminin tətbiqi lazım bilinir»

Türkiyədə keçirilən Türkiyə-Azərbaycan biznes forumunda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov baş nazir Ərdoğanın AŞ PA-dakı Azərbaycanla bağlı çıxışına görə ona təşəkkür etdi. Xatırladaq ki, Ərdoğan Azərbaycanın haqqını ermənilərə yedirtməyəcəklərini bildirmişdi. Lakin Əli Həsənovun çıxışına cavab verən Türkiyənin dövlət naziri Zəfər Çağlayan təşəkkürün əvəzinə Azərbaycanın qardaş ölkə ilə viza rejimini ləğv etməsini istəyib. Türkiyəli nazir bildirib ki, onlardan iki ölkə arasında viza rejiminin niyə ləğv olunmadığını soruşduqda cavab verməyə çətinlik çəkirlər. Qeyd edək ki, Azərbaycan tərəfi bu məsələnin həlli üçün vaxtın tələb olunduğunu deyirdi. Lakin artıq xeyli müddətin keçməsinə baxmayaraq, problem həll olunmayıb. Belə olan halda problemin həllinə nə mane olur?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu viza məsələsində maraqlı vəziyyətin yarandığını deyir. Belə ki, torpaqlarımızı işğal edən dövlətin hərbi-strateji müttəfiqi olan Rusiya ilə Azərbaycan arasında viza rejimi olmadığı halda, strateji müttəfiqimiz, qardaş dövlət adlandırdığımız Türkiyəyə qarşı viza rejiminin tətbiqi lazım bilinir: “Çağlayan məlum müsahibəsində türkiyəli iş adamlarının Azərbaycanda üzləşdiyi çətinliklərdən də yan keçməyib. Nazir işarə edib ki, Türkiyənin böyük kapitalının Azərbaycana axın etməsi üçün problemlər ortadan qaldırılmalıdır. Ancaq məsələ ondadır ki, viza məsələsini uzadan rəsmi Bakı, görünür, qardaş ölkənin böyük iqtisadi imkanlarında da maraqlı deyil. Əks halda biz bu gün ”Koç” və “Sabançı” kimi nəhəng holdinqlərin Azərbaycanda həyata keçirdikləri layihələrin, fabrik və zavodlarının istehsal etdikləri məhsullarının şahidi olardıq. Türkiyənin bir “Ramstore” satış mərkəzi Azərbaycanda fəaliyyət göstərirdi ki, o da səhmlərini sataraq Qazaxıstana daşındı”.
E.Şahinoğlu XIN-in son açıqlamasını xatırladaraq Ankaranın hələ çox gözləməli olduğunu da qeyd etdi: “Azərbaycan rəsmiləri əvvəllər qardaş ölkə ilə viza məsələsini qısa müddətdə həll edəcəklərini söyləyirdilər. Son zamanlar bu tip açıqlamalar səngiyib. Əksinə, Xarici Işlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov fevralın 8-də açıqlama verərək Azərbaycanın hazırkı məqamda hər hansı ölkə ilə viza rejimini tam aradan qaldırmağa hazır olmadığını söyləyib. Başqa sözlə, rəsmi Ankara hələ çox gözləməli olacaq. Ermənistanla müharibə vəziyyətindəyik, Rusiya işğalçını silahlandırır, Iran ona neft kəməri çəkir, iqtisadi dəstəyini artırır. Digər tərəfdən, Tehran lazım gəldikdə Azərbaycanın daxili işlərinə qarışmaqdan da çəkinmir. Belə vəziyyətdə yeganə müttəfiqimiz Türkiyədən ikiəlli yapışmaq əvəzinə, onu incidirik. Görəsən, bu, Azərbaycanda kimə lazımdır? Hansı qüvvələr Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sözdə deyil, əməldə inkişafında maraqlı deyil? Bu suallar Azərbaycandakı müxtəlif təbəqələri narahat etdiyi kimi, Türkiyədəki siyasi dairələrin də ciddi narahatlığına səbəb olub”.

Fizzə