ARDNŞ-də işləyənlər 3 ildir ki, maaşlarının artırılacağı günü səbirsizliklə gözləyir
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) 3 ilə yaxındır işçilərin maaşında heç bir artım olmayıb. Əksinə, maaşdan əlavə ödənişlərin hamısı kəsilib. Sonuncu dəfə 2008-ci ilin sentyabrında maaşlar 20 faiz artırılıb, elə həmin vaxtdan da maaşdan əlavə ödənişlər işçilərə ödənilmir. Məsələn, ildə 4 dəfə bayram pulu, məzuniyyət puluna 70 faiz əlavə və başqa sosial yardımlar verilmir. Səbəbini məsul şəxslərdən soruşduqda bildirilirdi ki, neftin qiyməti kəskin enib”.
Bu sözlərin müəllifi ARDNŞ-də işləyən, adının çəkilməsini istəməyən fəhlələrdən biridir. Məlumatı verən şəxs deyir ki, neftin qiyməti yenidən artmağa başlasa da, indiyə qədər işçilərin nə əmək haqqı artırılıb, nə də əlavə güzəştlər bərpa olunub: “Hətta 2010-cu ildə ölkədə minimum əmək haqqı və təqaüd 13, bütün büdcə təşkilatlarında əmək haqqı 10 faiz artırıldı. Ancaq Rövnəq Abdullayevin neft şirkətinin işçilərinin maaşını artırmağa əli gəlmədi. Hamı gözəl bilir ki, neft gəlirləri Azərbaycana sel kimi axır, büdcə də əsasən neft gəlirləri hesabına doldurulur. Amma şirkətin işçilərinin əmək haqları isə orta əmək haqqından aşağıdır. Biz 3 ildir hər ay ümidlə növbəti aydan maaşların 20-30 faiz artırılacağını gözləyirik. 80 minə yaxın işçi günlərini bu ümidlərə qurban verir. Maaşların növbəti aydan artırılacağı xəbərini kimlərsə bilərəkdən yayırlar ki, narazılıqlar geniş vüsət almasın”.
Şirkətin Həmkarlar Təşkilatının işçilərin sözünü demək üçün yox, onlara hədə gəlmək üçün yaradıldığını deyən müsahibimiz bildirir ki, həftənin şənbə günləri məcburi şəkildə iməciliyə çıxarılırlar: “Hər həftənin şənbə günü iməcilikdə olmalıyıq. Kimsə etiraz edə bilməz. Sex rəisləri işçiləri məcburi surətdə ağac əkməyə çıxardır. Getmək istəməyənlərə ”adınız qara siyahıya salınar”, “maaşlarınız kəsilər” və bu kimi digər hədələyici sözlər deyirlər. Həmkarlar Təşkilatına bu barədə məlumat veririk, cavab bu olur ki, səsinizi çıxartsanız daha pis olacaq”.
“Azadlıq”a məlumatı verən şirkət işçisinin sözlərinə görə, son günlər aylıq tariflərin 5 faiz artırılacağı barədə ARDNŞ-də söhbət gəzir: “Ancaq əmək haqları yalnız aylıq tarifdən ibarət deyil. Bunu reallaşdırsalar belə əmək haqqı 5-15 manat arasında artırılacaq. Bu artımla nə etmək olar? Ölkədə ərzağın qiyməti gündən-günə qalxır. Son 3 ildə neft gəlirlərinin 2-3 dəfə artdığı, inflyasiyanın rəsmi məlumatlarda 30 faizə qədər olduğu bir şəraitdə, şirkət rəhbərliyinin bu qərarı bizləri ələ salmaq, bizimlə qul kimi rəftar etməkdir”.
Şirkətin işçisi deyir ki, evləri olmayan işçilərə ev veriləcəyi xəbəri də şayiə kimi yayılıb: “Deyirlər ki, Səbail rayonunun Bayıl qəsəbəsində ”Akapen” deyilən ərazidə şirkət işçiləri üçün ev tikiləcək. Bildiyimizə görə, artıq inşaat işlərinə də başlanılıb. Ancaq qəti şəkildə əminik ki, bina evi olmayan şirkət işçiləri üçün deyil, satış məqsədi ilə tikiləcək. Bunu bizimlə söhbətində şirkətdə yüksək vəzifə tutan şəxslərdən biri deyib. Bildirib ki, heç kəs ümidini gəzən söz-söhbətlərə bağlamasın. Binalar satış məqsədilə tikiləcək”.
Ramin DEKO