Qaradağın icra başçısı veteranları təhqir etdi

Borclarını istəməyə gəlmiş sahibkarları tutdurdu

Qaradağ rayon icra hakimi Süleyman Mikayılov Əfqanıstan veteranlarını təhqir edib, sonra da tutdurub. Bu haqda Əfqanıstan Veteranları Ictimai Birliyinin Nizami rayonu üzrə sədri Arif Əsgərov “Azadlıq”a məlumat verib. O bildirib ki, 2009-cu ilin iyun ayında Süleyman Mikaylov Lənkəranın icra başçısı olarkən veteranlara məxsus mağazadan tikinti materialları alıb. Lakin icra başçısı aldığı malların pulunu verməyib.

Ötən gün Qaradağ rayonunda Qobustan qəsəbəsində şadlıq evlərinin birində icra başçısı rayon camaatı ilə görüş keçirib. Fürsətdən istifadə edən veteranlar ora gələrək S.Mikayılovla görüşmək istəyiblər: “Bizim nümayəndəmizdən biri ona yaxınlaşdı. Icra başçısı dedi ki, sən bayırda gözlə. Icra başçısına dedim ki, sən prezidentin nümayəndəsisən, niyə vətəndaşlarla bu cür davranırsan? Cavabında bildirdi ki, çıxmasanız, sizi süründürə-süründürə bayıra atdıracam. Dedim prezident bildirib ki, məmurlar vətəndaşları incitməməlidir, sahibkarlara kömək etməlidir. Icra başçısı mənə qayıtdı ki, sən vətəndaş deyilsən, küçə adamısan. Məni ağır söyüşlərlə təhqir edərək əli ilə itələdi, yıxıldım. Sonra polislərə göstəriş verdi, gəlib bizi apardılar. Polis bölməsində bizdən izahat aldıqdan sonra buraxdılar” – deyə A.Əsgərov bildirib.

 

Aqşin