Parlamentdə beynəlxalq strukturlara hücum

Hökumətyönlü deputatlar müxalifətlə görüşən 20 ölkənin səfirinin ölkədən qovulmasına çağırış etdilər

Qüdrət Həsənquliyev isə Heydər Əsədovla Rövnəq Abdullayevi topa tutdu

Parlamentin dünənki iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Ictimai Palatanın rəhbərləri ilə görüşünə görə ittiham ediblər.

Diplomatlar “persona-non qrata” elan olunmalıdırlar

YAP-çı deputat Siyavuş Novruzov bildirib ki, ATƏT nümayəndələrinin görüşdüyü adamlar cəmiyyətdə qəbul olunmurlar: “Bəlkə parlament sorğu göndərsin ki, onların bu maraqları haradan qaynaqlanır? Yəqin onlar hakimiyyətə gəlsələr, siz hansı havanı çalsanız, onu da oynayacaqlar”.
Deputat Fərəc Quliyev və Fəzail Ibrahimli isə qeyd ediblər ki, diplomatik korpus nümayəndələrinin Ictimai Palata üzvləri ilə görüşlərində müzakirə olunan məsələlər xalqdan gizlədilməməlidir. Deputatlar eyni zamanda beynəlxalq təşkilatların və səfirliklərin təmsilçilərinin parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşmədiklərini də qeyd ediblər.

Fərəc Quliyev parlamentdə diplomatik korpusun bu yöndə fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması təklifi ilə çıxış edib: “Lazım gəlsə, həmin diplomatlar ”persona-non qrata” elan olunmalıdırlar”.

Əli Əhmədov özünü itirib

Deputat Fazil Mustafa diplomatik korpus nümayəndələrinin müxalifət təmsilçiləri ilə görüşündə narahatçılığa əsas olan məqam görmədiyini deyib: “Məni narahat edən başqa məsələdir. Onlar deyirlər ki, çağırdılar, biz də getdik. 20 nəfəri bir yerdə qonaqlığa aparmaq qeyri-mümkündür, o ki qaldı toplaşıb harasa gedələr”.
Deputat Iqbal Ağazadə isə müxalifət partiyalarının üzvü olan 3 gəncin təhsil aldıqları universitetlərdən qovulmaları barədə danışıb. O, Bakı Şəhər Icra Hakimiyyətinin müxalifətə şəhərin mərkəzində deyil, kənarda yer ayırmasını da tənqid edib.

YAP-çı deputat Əli Əhmədovun iddiasına görə, müxalifət Azərbaycan vətəndaşları arasında düşmənçilik yaradır: “Kim yaxşı yaşayır, kim hakimiyyətdə təmsil olunur, onlar düşmən kimi qəbul olunurlar. Iki il əvvəl bir radikal müxalifət nümayəndəsi oğlu ilə birgə Avropada keçirilən musiqi yarışmasında erməniyə dəstək verdi. Bunu Azərbaycan hakimiyyətinə etiraz kimi əsaslandırdı. Onların nəzarətində olan qəzetlər də bu düşmənçiliyi yayırlar”.

Spikerlə vitse-spikerin absurd iddiaları

Vitse-spiker Bahar Muradova da iddia edib ki, Ictimai Palatada təmsil olunan müxalifət qüvvələrinin tək YAP üzvlərini deyil, parlamentdə təmsil olunan müxalifəti belə qəbul etmədiklərini deyib: “Guya onlar Iqbal Ağazadəni istəyirlər? ”Iqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev Ictimai Palataya gəlməsinlər” deyirlər”.
Bahar Muradova əlavə edib ki, ABŞ və digər ölkələrin səfirləri bu hərəkətlərinin Azərbaycanla ölkələri arasında olan münasibətlərə xələl gətirə biləcəyini düşünməlidirlər: “Mən onların yerinə olsam, izahat verərdim. Mətbuat onların müxalifətlə maliyyə məsələlərini müzakirə etdiyini yazır”.

Spiker Oqtay Əsədov isə deyib ki, hakimiyyətə həmişə şəffaflıq dərsi keçənlər özləri qapalı iclaslar keçirirlər: “Bizim prezidentin müstəqil siyasətini çoxları istəmir. Lakin Azərbaycan müstəqil siyasətindən dönməyəcək. Mən şad olardım ki, belə birlik nümayiş etdirən beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da eyni addımı ataydılar”.

Spiker bəzi səfirliklərin və beynəlxalq təşkilatların təmsilçilərinin bir müxalifət partiyasının rəhbərləri ilə görüşməsindən narahatlıq keçirdiyini də vurğulayıb: “Niyə diplomatlar parlamentdə təmsil olunan partiyalarla da görüşlər keçirmirlər?”

Deputatdan Hesablama Palatasına sərt ittihamlar

Daha sonra Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb. Müzakirələr deputat Qüdrət Həsənquliyevin sərt tənqidləri ilə yadda qalıb. O bildirib ki, hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki nöqsanlar göstərilsə də, Palatanın sədrinin Milli Məclisdəki çıxışında buna toxunulmayıb: “Bu o deməkdir ki, sədr hesabatda yazılanları öz çıxışında təkzib etdi. Mən sual vermək istəyirəm. Əgər bunun arxasında dura bilməyəcəkdinsə bunu niyə belə yazırdın? Hesabatda yazılıb ki, bütün rayonlarda yoxlama aparılıb. Amma yalnız Şəki şəhəri ilə bağlı iş prokurorluğa göndərilib. Belə çıxır ki, az oğurluq cinayət hesab edilmir, çox oğurluq edən tutulur. Hamımız bilirik ki, oğurluq cinayətdir və bunun azı, çoxu yoxdur. Əgər orda oğurluq faktı varsa, o prokurorluğa göndərilməlidir”.

Deputat Neft Fondunda olan pulların taleyinə aydınlıq gətirilməsini istəyib. Qüdrət Həsənquliyevin sözlərinə görə, prezident Ilham Əliyevin göstərişi ilə Fondun pullarının Azərbaycana gətirilməsi üçün müəyyən vaxt qoyulub: “Bu pulların sahibkarlığın inkşafı üçün sərf olunması nəzərdə tutulub. Amma Hesablama Palatası öz hesabatında deyir ki, Neft Fondunun pulları Avropa pul vahidi ilə yerləşdirilib. Ancaq Avropanın özündə də bu gün iqtisadi cəhətdən tənəzzülə uğrayan, heç də yaxşı vəziyyətdə olmayan ölkələr var. Niyə Hesablama Palatası bu barədə deputatlara məlumat vermir? Bu pullar hansı faizlə xaricdə saxlanılır? Bəzi məlumatlara görə, bu pullar 1 faizdən aşağı saxlanılır. Amma burada sahibkarlara hətta 22 faizlə kreditlər verilir”.

Deputat Hesablama Palatasını onu seçən deputatlara vaxtaşırı məlumat verməməkdə günahlandırıb. Bundan əlavə, deputat qeyd edib ki, hesabatda göstərilmiş xarici neft şirkətlərinin vergidən yayınmaları ilə bağlı faktlar onu göstərir ki, Hesablama Palatası hər bir xarici şirkətdə də yoxlamalar aparmalıdır: “Məndə olan məlumatlara görə xarici şirkətlər maliyyə əməliyyatlarını böyüdürlər. Əgər neft şirkətinin rəhbəri Rövnəq Abdullayevin bu kimi hallardan xəbəri yoxdusa çox pis, yox əgər xəbəri varsa və bununla bağlı mübarizə aparmırsa, bu da çox pisdir”.