bahalasma

Ölkədə güclü bahalaşma və inflyasiya gözlənilir

Gerçəklik göstərir ki, bunun qarşısını almaq heç də asan olmayacaq

Prezident Administrasiyası iqtisadi-siyasət şöbəsinin müdiri  Mail Rəhimov maraqlı bir açıqlama verib. O, bildirib ki,  dünya bazarında neftin qiymətinin artacağı təqdirdə, Azərbaycan inflyasiya ilə qarşılaşa bilər. Şöbə müdirinin sözlərindən bəlli olub ki, inflyasiyanın qarşısını almaq mümkün olmayacaq, bu, eyni zamanda, ölkədə bahalaşmaya da rəvac verə bilər. Bahalaşmanın bizdən asılı olmadığını xarakterizə edən M.Rəhimova görə, bunun səbəbi dünyada gedən proseslərdir.
Neftin qiymətinin artacağı ehtimalı böyük olmaqla bərabər, bahalaşma da qaçılmazdır. Bu baxımdan, hökumət növbəti dəfə bahalaşmaya əsas hazırlayır. Maraqlıdır, ölkənin hansısa rıçaqları yoxdur ki, inflyasiya baş verməsin və bahalaşma olmasın?
Iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, Azərbaycanda inflyasiyanın gözlənilməsi barədə mütəxəssislərin verdiyi proqnoz az keçməmiş özünü doğrultdu. Inflyasiyanın həddinin 10 faiz olması barədə BVF-nin açıqlamasını yada salan ekspert, dünya bazarında ərzağın qiymətinin bahalaşmasını da xatırlatdı: “Neftin qiymətinin bahalaşması avtomatik olaraq nəqliyyat xərclərini də artırır ki, bu da maya dəyərinin artırılmasına gətirib çıxarır. Dolların ucuzlaşması ona gətirib çıxarır ki, ərzaq məhsullarının qiyməti qalxır. Üstəlik, taxılla bağlı məsələləri də nəzərə alanda, bütün bunlar ona gətirir ki, dünya bazarındakı qiymətlər qalxır və nəticədə, bahalaşma başlayır”.
S.Əliyevin söylədiyinə görə, BMT-nin ərzaq komissiyası da dünyadakı bahalaşmanın qarşısının alınmasını vacib sayır. Azərbaycanın öz ərzaq tələbatını tam ödəyə bilmədiyini önə çəkən ekspert, məcburi şəkildə xaricdən məhsul aldığını, nəticədə, dünyadakı bahalaşma prosesindən kənarda qala bilmədiyini söylədi: “Qiymətlərin qalxmasının qarşısını hökumət milli valyutanın bahalaşdırılması vasitəsilə alır. Yəni dollar ucuzlaşır, manat dollara nisbətən bahalaşır. Hökumət dolların ucuzlaşdırılması hesabına bunu saxlayır”.
Ekspert ölkədə gözlənilən bahalaşmanın qarşısını almaq üçün ərzaq tələbatını ilk növbədə daxili imkanlar hesabına ödəməyi vacib saydı. Kənd təsərrüfatını, orta və kiçik sahibkarlığı inkişaf etdirməyi mühüm hesab edən Samir bəy, korrupsiya amilinin aradan qaldırılmasına da toxundu: “Bu da inflyasiyanın qarşısını ala bilər. Həmçinin, monopoliya da qiymətlərin baha olmasına təsir edən ciddi amildir. Monopoliya sağlam rəqabətə imkan vermir. Rəqabət də qiymətlərə təsir edən amildir. Idxal olunan hər bir məhsulun özünün monopolisti var. Başqa bir şirkət həmin məhsulu Azərbaycan bazarına gətirə bilməz. Buna görə də monopoliya aradan qaldırılmalıdır. Ölkədə sahibkarlığı yaxşılaşdıran islahatlar aparılmalıdır. Bu işlər görülsə, ölkədə qiymət artımının, o cümlədən, inflyasiyanın arzuolunmaz səviyyəyə yüksəlməsinin qarşısı alınar”.

Nigar