İnformasiya boşluğunu facebook doldurur

«Hakimiyyət bu qədər böyük imkanları ilə sosial şəbəkələrə uduzur»

Ayəndə Mürsəliyeva

FACEBOOKDAN DÜNYAYA

Facebook – bizim kimi qeyri demokratik ölkələrdə, informasiyanın birtərəfli və qərəzli olduğu məkanda yaranan boşluğu doldurmaq üçün əvəzsizdir. “Facebookdan dünyaya” layihəsi davam edir. Bu vaxta qədər rubrikanın qonaqları xaricdə yaşayan Azərbaycan gəncləri – Həbib Müntəzir və Elnur Məcidli olublar. Budəfəki həmsöhbətimiz isə Azərbaycanda yaşayır. Aktiv siyasi fəaliyyət göstərən gənclərdəndir. Səxavət Soltanlı. Onu təkcə Facebook ictimaiyyəti yox, həm də qəzet oxucuları da yaxşı tanıyırlar. 2 aprel mitinqindən əvvəl ağlagəlməz bir ittihamla – avtoxuliqanlıqla (!) həbs edilmişdi və 7 sutka ilə cəzalandırılmışdı.

“Gizli FB adlarına haqq qazandırmaq olar, amma…”

– Facebookda gerçək və gerçək olmayan adlara münasibətin necədir?
– Mənim facebookdakı adım real adımdı – “Sexavet Soltanli”. Ümumiyyətlə mən facebookda gizli adlar, fərqli ləqəblər göstərməyin əlehinəyəm və bu məsələni bəzi hallarda facebookda müzakirə mövzusu etməklə bunun əleyhinə olduğumu bildirmişəm. Amma son olaylara nəzər salsaq, gizli adlarla yazan “dostları da” başa düşmək olar. Bildiyiniz kimi,  Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin həbs olunmasında onların facebook fəaliyyətinin rolu kifayət qədərdi. Tural Abbaslının, Əhəd Məmmədlinin həbs olunmasında da facebookda hakimiyyət əleyhinə fikir bildirmələrinin rolu az deyil. Elnur Məcidli sosial şəbəkələrdə aktiv istifadəçi və facebookda “11 mart – Böyük Xalq Günü”, “2 Aprel – Böyük Qəzəb Günü”, “8 aprel – Böyük Cümə” və “17 aprel – Böyük Birlik Günü” qruplarının təşkilatçılarından biri olduğu üçün, haqqında cinayət işi açılıb və Interpolun axtarışına verilib. Bir neçə aktiv facebook istifadəçisini, o cümlədən, məni də facebookda fəallığıma görə istintaqda sorğu-sual ediblər. Bunları nəzərə alaraq fikirləşirəm ki, dostlar, bəlkə, haqlıdırlar. Bunlara baxmayaraq, öz fikrimdə qalıram ki, artıq cəsarət göstərmək zamanıdır. Hər kəs açıq, həqiqi adla fəaliyyət göstərməlidir.

– Özün haqqında geniş məlumat verərdin.
– Qobustan rayonunda doğulmuşam, ilk təhsilimi Ərəbqədim kənd orta məktəbində almışam. Orta təhsilimi Bakı şəhərində başa vurmuşam. Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsində, sosiologiya ixtisası üzrə ali təhsil almışam. Universitetdə oxuduğum zaman Müsavat Partiyasının sıralarına qatılmışam. Ilk illərdən Gənclər Təşkilatının şura və Idarə heyətinin üzvü olmuşam. Bir neçə siyasi treninq və konfransda partiyamızı təmsil etmişəm. Müsavat Gənclər Təşkilatının BDU özəyinə rəhbərlik etmişəm. Ümumiyyətlə, çalışmışam ki, siyasi proseslərdə fəal olum. Son 11 ildə demək olar ki, əsas fəaliyyətim Müsavat Partiyası ilə bağlı olub. Axırıncı Bələdiyyə seçkilərinə Müsavat Partiyasının namizədi kimi qatılmışam, lazımı qədər səs toplamağıma baxmayaraq, qələbəm tanınmayıb. Parlament seçkilərində “AXCP-Müsavat” seçki blokunun 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən vahid namizədliyimi versəm də, hakimiyyət saxta yollarla namizədliyimin qeydə alınmasına imkan verməyib. Hazırda Müsavat Gənclər təşkilatının sədr müavini, Məclis üzvüyəm.

– FB hesablarına olan müdaxilələrə münasibətin…
– Bu, son vaxtlar daha geniş hal alıb. Təbii ki, pislənilməlidir. Facebook istifadəçiləri tez-tez e-mail ünvanlarını və parollarını dəyişsə, bəlkə də bu müdaxilələrin qarşısını almaq olar. Müdaxilə edənlərə isə məsləhət görərdim ki, boş yerə özlərini yormasınlar. Bununla heç nəyə nail ola bilməyəcəklər. Mənim  bir facebook hesabım var, bir neçə qrupların yaradıcısı və inzibatçısıyam. Son zamanlar dostlarımızın facebook hesablarına olan bu müdaxilələri nəzərə alaraq, fikirləşirəm ki, ehtiyat hesab açmaq lazımdır.

– Facebookun dəyərini nədə görürsünüz?
– Facebook ictimai-siyasi fikirlərimi, düşüncələrimi paylaşmaq üçün daha əlverişli məkandır. Digər tərəfdən, maraqlı ideya və fikirləri əldə etmək və dostlarla ünsiyyət yaratmaq üçün də əla vasitədir. Hesab edirəm ki, bizim kimi qeyri-demokratik ölkələrdə, bir tərəfin marağına xidmət edən KIV-lərin üstünlük təşkil etdiyi zamanda informasiyanın birtərəfli və qərəzli olduğu diqqətdən yayınmır. Cəmiyyətdə real informasiya boşluğu yaranır ki, facebook bu boşluğu doldurmaq baxımından əvəzsizdir.

– Sosial şəbəkələrin hansından daha çox istifadə edirsən?
– Facebook və Twitter daha cəlbedici və populyar olduğu üçün bu iki sosial şəbəkədən istifadə edirəm.

– Siyasətə marağınız nə zamandan yaranıb?
– Əvvəldə söylədiyim kimi, aktiv siyasətə universitet illərindən başlamışam. Bundan əvvəl də siyasi proseslərlə maraqlanmışam. Siyasətə daha çox marağım isə 1993-cü ildə Isa Qəmbərin Milli Məclisdəki məşhur çıxışından sonra yaranıb. Həm Rəsulzadə şəxsiyyətinə, həm müsavatçılıq ideologiyasina olan rəğbətim, həm də Isa Qəmbərin bu partiyaya liderlik etməsi seçimimi daha da konkretləşdirdi.ÿ
2000-ci il parlament seçkiləri daxil olmaqla bu günə kimi partiyamızın iştirak etdiyi bütün siyasi proseslərdə iştirak etmişəm və bacardığım qədər xalqımızın maraqları ilə üst-üstə düşən partiya maraqlarını müdafiə etmişəm.

“Facebook yeni dostlar qazandırır”

– FB-də fəaliyyətinizi siyasi fəaliyyət hesab edirsizmi?
– Əslində, facebook siyasi fəaliyyətimizi işıqlandırdığından, hesab edirəm ki, bu sosial şəbəkədə iştirakımız ictimai olmaqla yanaşı, həm də siyasi fəaliyyətdir.

– Facebookda özünüzə gerçək dost qazana bilirsizmi?
– Indi real həyatda dostluq etdiyim bəzi dostlarım facebookdan qazandığım dostlardır. Məncə, facebooku həm də yeni dostların qazanılması baxımından maraqlı sosial şəbəkə hesab etmək olar.

– Hansısa günlərdə, saatlarda facebook-a vaxt öldürmək vasitəsi kimi baxdığın da olurmu?
– Mənim elə də çox vaxtım olmur ki, vaxtımı öldürüm. Bir şeyi qeyd etmək istəyirəm ki, facebook fəaliyyətimdə əsas önəm verdiyim məsələlərdən biri də ciddiliyin qorunmasıdır. Mən insanlarda yüksək əhval-ruhiyyə, aydın siyasi təssəvvür yarada biləcək fikirlərin, maarifləndirici məlumatların bölüşdürülməsinə üstünlük verirəm və bildiyiniz kimi bu kimi mövzular ciddilik tələb edir. Bəzən o qədər vacib məsələlər olur ki, dostların ismarıclarına cavab yazmağa vaxt olmur. Məsələn, ad günümdə məni facebook vasitəsi ilə yüzlərlə dost təbrik etdi, amma vaxt baxımından mən hətta həmin təbriklərin çoxunu cavablandıra bilmədim.

“Yalan həqiqətə uduzur”

– Səncə indi FB müzakirələri ictimai rəyə təsir baxımından ənənəvi KIV-lə müqayisədə uduzurmu?
– Internet istifadəçilərinin sayı kifayət qədər olmadığı üçün, xüsusilə regionlarda, ucqar kənd və qəsəbələrdə facebook hakimiyyət KIV-lərinə uduzur kimi görünə bilər. Amma son günlər göründüyü kimi hakimiyyət əlində olan televiziyalarla, yazılı mətbuatla birlikdə facebooka və başqa sosial şəbəkələrə qarşı kampaniya aparırlar. Deyəsən, artıq anlayıblar ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Indi artıq hakimiyyətə bağlı olan gənclərə facebookda aktivləşmək tapşırığı veriblər. Bu bir daha onu göstərir ki, hakimiyyət əlində olan bu qədər resurslarla sosial şəbəkələrə uduzur. Bunu təkcə sosial şəbəkələrə uduzmaq hesab etmirəm, bu, həm də yalanın həqiqətə uduzmasıdır. Fakt faktlığında qalır ki, hakimiyyət bütün ölkə boyu yayımlanan televiziyaları və ölkə boyu məcburi paylanan qəzetləri ilə 1-2 müxalifətyönlü qəzetə və facebooka uduzur.

– FB-yə sərf etdiyiniz vaxta heyfsilənmirsən ki?
– Facebooka sərf etdiyim vaxtı itki hesab etmirəm. Əksinə, az vaxt sərf etməklə daha çox informasiya əldə etmək və yaymaq imkanı qazanıram. Siyasi proseslərdə informasiya daha vacibdir. Biz facebookda da öz işimizlə məşğul oluruq. Mən ictimai fəaliyyətlə məşğul olan insanları daha obyektiv informasiya əldə etmək üçün facebookdan istifadə etməyə çağırıram.