Evləri sökülənlər aksiya keçirdi

Mirzəağa Əliyev küçəsinin sakinləri evlərinə görə verilən kompensasiya məbləğindən narazıdırlar

 

Mirzəağa Əliyev küçəsində evləri sökülən 60-a yaxın sakin şənbə günü etiraz aksiyası keçirib. Bu haqda “Turan”a sakinlərdən Həsən Hüseynov bildirib.  Onun sözlərinə görə, sakinlər Nazirlər Kabinetinin qərarı, dövlət başçısının sərəncamı olmadığı üçün bu söküntünü qanunsuzluq və özbaşınalıq sayırlar.
H.Hüseynov Dövlət Əmlak Məsələləri Komitəsinin məktubunu və Maliyyə Nazirliyinin maliyyə vəsaiti ayırmasının “əsasında” Bakı şəhər Icra Hakimiyyətinin söküntü ilə bağlı qərar verməsini rəhbərliyin səlahiyyət həddini aşması adlandırıb. Dövlət Əmlak Məsələləri Komitəsi və Bakı şəhər rəhbərliyi adından danışıqları Yusif Qəmbərov və Zülfəli Ismayılov aparır. N.Hüseynov bildirib ki, söküntünün qanunsuz olması ilə bağlı ölkə rəhbərliyinə çoxsaylı müraciətlər etsələr də, bunlar cavabsız qalıb. Bundan sonra sakinlər məhkəmələrə üz tutmağı və bu işi Avropa məhkəməsinə çıxarmağı qərara alıblar. H.Hüseynov mənzillərin hər kv.metrinə 1500 manat təklif edilməsini ədalətsizlik adlandırıb. Belə ki, onun sözlərinə görə, 17-20 kv.metrlik mənzili olan şəxs ona veriləcək pulun müqabilində Bakıda ev ala bilməyəcək, beləliklə, mənzil hüququndan məhrum ediləcək. Komitə və Bakı şəhər rəhbərliyini təmsil edən şəxslərlə az kv.metrə sahib şəxslərə ev verilməsilə bağlı danışıqlar nəticəsiz qalıb.
Meriyadan və Dövlət Əmlak Məsələləri Komitəsindən isə şərh almaq mümkün olmayıb. Bundan əvvəl Füzuli və Ş.Bədəlbəyli küçəsinin bir hissəsində də sakinlər məcburi köçürülüb. Hakimiyyət evlərin sökülməsini “qış bulvarı”nın salınması ilə izah edir.