«İranda qərbyönlü insanlar dəyişiklik yaradacaq»
Dünən Vaşinqtonda ABŞ-Islam Dünyası forumu öz işinə başlayıb. APA-nın xəbərinə görə, foruma ABŞ və 30-dan çox müsəlman ölkəsinin lideri qatılıb.
Builki forumun əsas məqsədi də ərəb dünyasını bürümüş hadisələrin qlobal və regional təsirlərini şərh etməklə yanaşı, siyasi və mədəni fərqlərə üstün gələrək, qarşılıqlı anlaşmanı dərinləşdirmək imkanından istifadə etməkdir.
Tədbirdə çıxış edən ABŞ senatoru Con Kerri qeyd edib ki, regionda hərəkatlar daxildən baş qaldırsa da, Birləşmiş Ştatların fəal rol oynaması gözlənilirdi. Lakin senatorun sözlərinə görə, məsələ təkcə ABŞ və bu ölkələr arasında münasibətlər deyil, həm də bu ölkələrin hökumətləri ilə öz xalqları arasında münasibətlərdədir.
Müzakirə iştirakçıları Iranın regionda mövqeyi məsələsinə də toxunublar. ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Bzejinski Iran məsələsinin hərbi yolla həllinin ABŞ üçün olduqca pis nəticələr verə biləcəyini bildirib. “Biz Iranın özündə prosesin başladığını görürük. Iranda qərbyönlü insanlar var. Bu qüvvə özü Iranı dəyişikliyə aparacaq. ABŞ-ın birbaşa müdaxiləsi isə arzuolunmazdır”, – deyə o vurğulayıb.
Qətər hökumətinin dəstəyilə hər il keçirilən ABŞ-Islam Dünyası forumu müsəlman ölkələrinin liderlərilə Birləşmiş Ştatlar rəsmiləri və siyasətçiləri arasında dialoq şəklində qurulur. Adətən Qətər paytaxtı Dohada keçirilən forum bu il ilk dəfərdir ki, ABŞ-da, paytaxt Vaşinqtonda təşkil edilir.