Əslində, müxalifətin hakimiyyətə gəlmək istəməsi qədər təbii nə ola bilər ki? Siyasi mübarizənin mahiyyətində var bu. Siyasi mübarizənin əsas hədəfidir bu. Ona görə də yaptokratların, “müxalifətin yeganə məqsədi hakimiyyətə gəlməkdir” kimi taftalogiyaları sadəcə, gülüş doğurur. Hələ bunu bir də ictimai şantaja çevirməyə, “baxın, müxalifət hakimiyyətə gəlməkdən başqa heç nə haqqında fikirləşmir” deyə kütlələrin qafasını qarışdırmağa çalışanda daha iyrənc görünür rejim yandaşları. Məlum olur ki, biri o birindən “müdrik, uzaqgörən” bu siyasətçilərin əslində, siyasətin “s”si haqqında anlayışları yoxdur.
Müxalifət hakimiyyətə gəlmədən korrupsiyanın kökünü necə kəsə bilər? Inhisarçılığın, büdcə talançılıqlarının, seçki saxtakarlıqlarının kökünü necə kəsə bilər? Ədalətli məhkəmə sistemini necə qura bilər? Bəlkə tarixdə hakimiyyətə gəlmədən ölkəni demokratikləşdirən, rifaha qovuşduran, ədaləti, dürüstlüyü idaretmə normasına çevirə bilən müxalifət nümunələri var, biz fil qulağında yatmışıq?
Bu, işin bir tərəfi. Işin başqa tərəfi isə odur ki, Ilham Əliyev və onun böyür-başındakılar Allaha şükür eləməlidilər ki, Azərbaycan müxalifəti hakimiyyətə gəlməyi bu qədər cani-dildən istəyir. Bəs necə? Bəyəm sizdən sonra hakimiyyətə gəlməyi istəmək asandırmı, cənab yaptokratlar? Bunun üçün şir ürəyi yemək lazımdır. Gözəlim ölkəni hansı yerlərə gətirdiyiniz ortadadır.
Təhsildir – savadsızlardan başqa heç nə yetişdirmir. Səhiyyədir – hələ əvvəlcə onun özünü müalicə etmək, sağaltmaq lazımdır. Polis sistemidir – işgəncə və işverənliklə assosiasiya olunur. Məhkəmələrdir – ədalət hissini itirib. Vergi və gömrük zatən “korrupsiya” sözünün sinoniminə çevrilib.
Azərbaycan özü boyda bir xarabazarlığa çevrilib, bir sözlə. Onun üzərində qüdrətli, demokratik bir dövlət qurmaq asandırmı? Buna fantastik enerji ilə bərabər, nə qədər cəsarət tələb olunur, bilirsinizmi? Sizin odunuza sizdən sonra nə qədər hakimiyyətlər yana bilər, fərqindəsinizmi? Sizdən sonra hakimiyyətə gələcək adamlar bir ilə, üç ilə, beş ilə sizin viranə qoyduğunuz məmləkəti necə düzəltməlidilər ki, xalqın qınağı ilə üzləşməsinlər?
Qısası, özünüzdən geriyə elə bir yıxılmış, dağıdılmış, viranə Azərbaycan buraxırsınız ki, Allahınıza şükür edin, sizdən hakimiyyəti almaq istəyən bir müxalifət var. Onca ağır məsuliyyətin, onca ağır yükün altına çiynini vermək istəyən insanlar var. Buna təpik atacağınıza, bundan əsib-coşacağınıza, bunu qiymətləndirməyi bacarın.
Çirkinliyin hüdudsuzluğu
Dünən səhərin gözü açılmamış Qazax rayon icra hakimiyyətinin adamları kənddə yaşayan anama xəbərdarlıq ediblər: “Ya oğluna de, ağlını başına yığsın, ya da pis olacaq”.
Anam telefonda həyəcanlı səslə, doluxsunmuş halda bunu mənə deyəndə rejimin son nəfəsində nə qədər iyrəncləşdiyi haqqında düşünürdüm mən. Xəstə bir qadını oğlu ilə təhdid edəcək qədər çirkinləşən, əxlaqsızlaşan bir sistemi canlandırırdım gözlərim önündə.
Nə deyim, cənablar, nə deyim? Siz çirkinləşdikcə apardığımız bu mübarizə daha da gözəlləşməyə başlayır. Davam edin.
Ən gülməli prokuror
Yəqin ki, Ginessin “Rekordlar” kitabında belə bir nominasiya yoxdur. Amma bizim ölkənin baş prokurorunun dünənki açıqlaması şərəfinə həmin nominasiyanın olmasına əşhədü-ehtiyac vardır. Qoy Zakir Qaralovu dünyanın ən gülməli prokuroru kimi o kitaba salsınlar, beləcə, daha əvvəl həmin kitaba düşən “dünyanın ən uzun bayraq dirəyimiz” də tək qalıb darıxmaz.
Bəs Zakir Qaralov nə deyib? Sitat: “Əli Kərimlinin kimin sifarişini yerinə yetirdiyini bilirik”. Çox gözəl. Bilirsinizsə, sifarişçini niyə tutmursunuz? Niyə gedib Məhəmməd Məcidlini həbs edirsiniz? Bəlkə sizin ağlınızca, AXCP sədri AXCP-nin hansısa şöbə müdirinin sifarişini yerinə yetirir?
Ən əsas sual: Əli Kərimlinin kimin sifarişini yerinə yetirdiyini bilirsiniz də, bəs 6 ildir Elmar Hüseynovu öldürməyi kimin sifariş etdiyini niyə bilmirsiniz?