Nəqliyyat nazirinin oğluna etdiyi dəbdəbəli toy ona baha başa gələ bilər
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova dəbdəbəli toy etməsi onun üçün mənfi sonluqla nəticələnə bilər. Ötən saylarımızda məlumat vermişdik ki, artıq Anar Məmmədovun “Buta Palace”dəki dəbdəbəli toyu bu barədə mətbuatda yazılandan sonra “yuxarılar”da müzakirə mövzusuna çevrilib. Iqtidar ideoloqları bildirib ki, narazılığın pik həddə olduğu bir vaxtda Ziya Məmmədovun oğluna milyonlarla dollara başa gələn toy etməsi xalqın səbr-kasasını daşıra bilər. Və bu ölkədə sosial partlayışla nəticələnər. Ona görə də ehtimal olunur ki, bu məsələyə görə Ziya Məmmədova təpinəcəklər.
Yeri gəlmişkən, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev də özünə dəbdəbəli ad günü keçirəndən sonra hədəfə gəlmişdi. O zaman da mətbuat bu barədə geniş yazmışdı. Heydər Babayevin rəqibləri də bu faktdan ona qarşı məharətlə istifadə etdilər. Artıq Ziya Məmmədovun rəqibləri də bu istiqamətdə fəaliyyətə başlayıb. Xüsusilə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsi nəqliyyat nazirinin oğluna dəbdəbəli toy etməsini kəskin pisləyiblər.
İnformasiya şöbəsi